23 Noyabr 2024

Azərbaycan, İran və Gürcüstan yeni tranzit marşrutu yaradacaq

“İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər”.

“İSNA”dan verilən məlumata görə, bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.

RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib. 

C.Hedayəti bildirib ki, biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik:

“Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin çox sayda ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər.

Gürcüstan və İran sazişin iki əsas tərəfidir, çünki İran Fars körfəzi vasitəsilə beynəlxalq sulara çıxa bilir, Gürcüstan isə Qara dənizin şərqində iki mühüm ticarət limanına malikdir. Digər tərəfdən, Gürcüstan və Azərbaycan öz nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və inkişaf etdirmək üçün böyük səylər göstəriblər, ona görə biz bu iki ölkə ilə əməkdaşlığı artırmağa çalışdıq”.

Cavad Hedayəti müqaviləyə əsasən qeyd etdi ki, ilk növbədə, yaxın dörd ay ərzində İran mallarının Astara sərhədindən Azərbaycana, həmçinin Gürcüstanın Qara dənizdəki limanları vasitəsilə Bolqarıstana və ya digər Şərqi Avropa ölkələrinə çatdırılması üçün İrandan bəzi pilot yüklər göndəriləcək.

Biz bu layihənin pilot mərhələsini cari İran təqvimi ilə ilin sonunadək (2022-ci ilin martın 20-dək) həyata keçirməyə çalışırıq ki, maneələr və problemlər müəyyən olunsun və nəhayət, üç ölkə arasında göndərmə xərclərini və vaxtı azaltmaq üçün mexanizmin yaradılması ilə bağlı yekun üçtərəfli görüş keçirilsin”.

Qeyd edək ki, İran strateji mövqeyi və xüsusi coğrafiyası səbəbi ilə ticarət və tranzit əlaqələrində xüsusi statusa malik olan ölkələrdən biridir və ölkədən bir neçə mühüm beynəlxalq dəhliz keçir.