23 Dekabr 2024

Azərbaycan Ermənistana BMT məhkəməsində də diz çökdürdü – davamı nə olacaq?

Beynəlxalq Ədalət Məhkəməsi dekabrın 7-də Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddialarına baxdı və qərarını açıqladı. “Yeni Müsavat” xəbər verir ki,  Haaqa Məhkəməsinin ümumi mövqeyi belə oldu: hər iki tərəf irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbir görməlidir. Lakin Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkını bağlamaq və bizdə olan erməni əsirləri qaytarmaq iddiaları BMT məhkəməsi tərəfindən rədd edildi.

Burada əsas qərar Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətinin təmin edilməsi idi. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib.

“Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır,” – məlumatda qeyd edilir. Nazirlik onu da bildirir ki, Azərbaycan məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. “Azərbaycan beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasına dair tələb qaldırmaqda davam edəcək,” – Azərbaycan XİN bəyan edir. Bu, Azərbaycanın çox ciddi uğurudur və Ermənistanın beynəlxalq məhkəmələrdə bizə qarşı törətdiyi vəhşiliklərə görə təzminat ödəməsinin ilkin mərhələsi sayıla bilər. Bu qərardan sonra bizi beynəlxalq məhkəmələrdə və Haaqa Məhkəməsində nə gözləyir? Ermənistan çıxarılan qərarları icra edəcəkmi?

Çingiz Qənizadə YAP-a üzv

Çingiz Qənizadə: “Məhkəmənin qərarı Paşinyana əsas verəcək ki, revanşistlərə qarşı hansısa formada mübarizə yolu tapsın”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, məhkəmənin qərarı Ermənistanın tələm-tələsik, əsası olmayan iddia qaldırdığını təsdiqləmiş oldu. Ç.Qənizadə hesab edir ki, ermənilər çirkin niyyətlərinə nail olacaqlarına ümid bəsləyirdilər: “Amma bir həftə sonra Azərbaycanın dəlillərə söykənən sübutlar təqdim etməsi BMT məhkəməsini fakt qarşısında qoydu və bu qərarı verməyə vadar etdi. Bu onu göstərir ki, Qarabağda baş verən hadisələr, Ermənistanın işğalçı siyasəti, ərazilərimizdə törətdiyi vandalizm bütün beynəlxalq təşkilatlar tərəfindən dilə gətirilməsə də, dərk edilməkdədir. Artıq bütün dünya Qarabağın Azərbaycan olmasını qəbul etməkdədir. Ermənilərin isə yalançı hay-küylərinə fikir vermədikləri göz önündədir”.

Hüquq müdafiəçisi hesab edir ki, bu, Azərbaycan dövlətinin diplomatik fəaliyyətinin uğurlarından biridir, artıq dünya Ermənistanın işğalçı olmasını qəbul edir: “Bu gün Ermənistan ictimai-siyasi həyatında təlatümlü günlər yaşayır. Görünən budur ki, Paşinyan və komandası 10 noyabr sənədinin bəndlərini icra etməyə məcbur qalıb. Soçi görüşündən sonra artıq birmənalı şəkildə vəziyyət görünməkdədir. Amma revanşist və müxalif qüvvələr prosesə qarşı çıxaraq hakimiyyəti addımlarından geri çəkilməyə məcbur edirdilər. Məhkəmənin qərarı isə Paşinyan hakimiyyətinə əsas verəcək ki, revanşist güclərə qarşı hansısa formada mübarizə yolu tapsın. Çünki Paşinyanı vətənə xəyanətdə, türklərə satılmaqda, Rusiyanın təzyiqi ilə ölkənin milli maraqlarına zərər vurmaqda ittiham edirdilər. Ümid edirəm ki, məhkəmə qərarından sonra revanşistlər geri çəkilməli olacaqlar”.

Ç.Qənizadənin fikrincə, məhkəmə qərarından sonra bölgədə sülhün bərqərar olması və 10 noyabr sənədinin bütün müddəalarının icra olunması üçün İrəvan addımlar atmağa məcbur qalacaq: “Ermənistanın üzərinə qoyulan məsələlərdən biri də VOMA təşkilatı ilə bağlıdır. Bu təşkilat separatçılara dəstək verir, türklərə, azrbaycanlılara nifrət üstündə formalaşb. Həmin təşkilatın fəaliyyətinin dayandırılması haqda maddənin olması Paşinyana imkan verəcək ki, təkcə radikal müxalifət deyil,  VOMA kimi təşkilatların fəaliyyətini qadağan etmək üçün də əlində rıçaqlar olsun”.

Günel Səfərova: “Mən demirəm ki, əlimdə sehrli çubuq var...” - SÖHBƏT

Günel Səfərova: “Proses Avropa Məhkəməsində davam etməlidir, inanmıram ki, Ermənistan nəyəsə nail olsun”

“Vətəndaş” İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova bildirdi ki, Azərbaycan və Ermənistan 1996-cı ildə BMT-nin irqi ayrı-seçkiliyə qarşı konvensiyasına qoşulub: “Bura nifrət, ksenofobiya və s. daxildir. Beynəlxalq məhkəmələrin çıxardığı qərar beynəlxalq hüquq normaları çərçivəsində olur. Əslində hər iki tərəfə eyni mesaj veriləcəyi gözlənilən idi. Çünki irqi ayrı-seçkiliyi təbliğ edən, nifrəti yaradan hallar aradan qaldırılmalıdır. Amma periodik olacaq davam edəcək. Ermənilərin hərbi əsir saydıqları şəxslərlə bağlı yekun qərarın nə olduğu bilinmir. Ona görə ki, tam qərar sayıla bilməz, biz yuridiksiyaya daxil deyilik, tövsiyə xarakterli çıxarılan qərarlardır. Yəni proses Avropa Məhkəməsində davam etməlidir. Hərbi Qənimətlər Parkına gəldikdə, dünyanın müharibə keçmiş ölkələrində olan muzeydir. İnanmıram ki, Ermənistan nəyəsə nail olsun, Azərbaycan işlərini davam etdirməlidir”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri,  politoloq Xəyal Bəşirov qeyd etdi ki, Azərbaycan tərəfinin beynəlxalq səviyyədə bir neçə müraciəti olub. Onun sözlərinə görə, həm Avropa İnsan Haqları Məhkəməsinə, həm 180 dövləti əhatə edən Beynəlxalq Ədalət Məhkəməsinə üz tutmuşuq: “Bu, Azərbaycanın böyük uğurudur, beynəlxalq mühakimə instansiyalarında nailiyyətlərimizdən biridir. Ermənistanın da müraciəti olmuşdu, amma onların 30 il işğal etdiyi ərazilərdə əleyhimizə heç bir sübutu olmaması təcavüzkar mahiyyətlərini bir daha ortaya qoydu. Amma Prezident İlham Əliyev azad edilən ərazilərdə dünyaya göstərdi ki, reallıq nədir, ermənilər hansı vəhşiliyi törədib və həmin sübutlar təqdim olundu”.

ERMƏNİLƏR XANKƏNDİNDƏN QAÇIRLAR, NƏ VAR Kİ, BELƏ QAÇMAĞA?!" - Xəyal Bəşirov  » Xeberdar.net

Xəyal Bəşirov: “Siyasi-diplomatik masada olduğu kimi ədalət məhkəməsində də qalib gəlməyə başlamışıq, təzminat üçün mötəbər sübutlardır”

X.Bəşirov dedi ki, BMT məhkəməsinin qərarı müvəqqəti təmin tədbirlərinin görülməsi ilə bağlıdır: “Həmin qərarla Ermənistanın terrorçu mahiyyəti olan dövlət olduğu sübuta yetirildi. Ermənistanın Hərbi Qənimətlər Parkı haqda iddiası isə absurd idi, çünki başqa ölkələrdə də var. Bu, bizim qələbəmizin göstəricisidir, açıq muzeydir. Ona görə siyasi və diplomatik masada olduğu kimi ədalət məhkəməsində də Ermənistana qalib gəlməyə başlamışıq. Bu qərarlar gələcəkdə təzminat üçün mötəbər sübutlardır. Azərbaycan prosesi davam etdirəcək”.

Onu da deyək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib. Qurumun yaydığı məlumatda deyilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlərə dair 2021-ci il 7 dekabr tarixli qərarını insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınması, regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir: “İnanırıq ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən dərhal yerinə yetirilməsi üçün beynəlxalq hüquq çərçivəsində təsirli tədbirlər görüləcək”.