24 Dekabr 2024

Azərbaycan-BMT münasibətlərində 30 illik etimad

XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının keçdiyi çətin günlərdə Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması kimi qəbul edilən bir tarixi hadisə baş verdi.

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq edir.  

Azərbaycan-BMT münasibətləri ötən 30 ildə maraqlı və zəngin tarixi yol keçib. Həmin münasibətlərdə 30 illik əməkdaşlığı 3 fərqli istiqamətdə ehtiva etmək mümkindir.

Ulu Öndərin əsasını qoyduğu güvənli münasibət 1993-cü ildən siyasət, insan haqları, təhlükəsizlik, ekologiya, mədəniyyət, elm, təhsil, incəsənət, qadın hüquqlarının qorunması, uşaqlarla əlaqəli problemlərin həlli və digər sferaları əhatə edən proqramların icrası üçün yeni BMT qurumlarının ölkədə fəaliyyətə başlanması ilə ilkin mərhələyə qədəm qoydu. 

1992-1999 – cu illəri əhatə edən bu mərhələ Azərbaycanın müstəqilliyini yeni əldə etdiyi dövrə təsadüf edir. Mövcud iqtisadi çətinliklər, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin yaratdığı gərginlik ölkəni ciddi problemlərlə üz-üzə qoydu. Məhz o dövrdə Ulu Öndər ölkənin bütün məsuliyyətini öz üzərinə götürərək BMT və onun alt strukturları ilə edilən uğurlu əməkdaşlıq nəticəsində bu problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirdi.  

Xüsusilə, ölkəmizdə ilk akkredite olunmuş və BMT-nin əsas inkişaf agentliyi olan BMT İnkişaf Proqramının ölkə ərazisində qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr ölkənin davamlı inkişaf konsepsiyasının icrasına praktiki baxımdan ciddi töhfə  olmuşdur.

Həmçinin, 1994-cü ildə Azərbaycanın BMT-nin Uşaq Fondu (YUNİSEF) ilə əməkdaşlığı çərçivəsində qaçqın və məcburi köçkün, uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması istiqmaətində bir sıra uğurlar əldə edildi. Bu uğurların nəticəsi olaraq Ümumdünya Ərzaq Proqramı (ÜƏP) çərçivəsində qaçqın və məcburi köçkünlər təxminən 160.000 ton qarışıq ərzaq malları ilə təmin edilmişdir.  

İkinci mərhələni əhatə edən 2000-2015 – ci illərdə BMT-nin strukturları Azərbaycanın qəbul olunmuş milli strategiyalarına, habelə “Minilliyin İnkişaf Məqsədləri”ndə öz əksini tapmış 8 hədəfə uyğun olaraq vacib layihələr həyata keçirdilər.

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan-BMT münasibətlərinə yeni dinamika verməsi nəinki ölkəmizin eyni zamanda bütün regionun inkişafı üçün mühüm və geniş istiqamətli proqramların reallaşmasına dəstək oldu.    

Birləşmiş Millətlər Təşkilatının 155 üzv dövlətinin səsini qazanan Azərbaycan Respublikasının təşkilatın Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü  seçilməsi və 2015-ci il sentyabrın 25-də  BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyini” qəbul edərək üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməsi ölkəmizin 30 illik qazandığı güvənin aşkar nümunəsidir.  

Üçüncü mərhələ isə 2016-cı ildən başlamışdır. Burada BMT-nin alt strukturları artıq sosial-iqtisadi baxımdan dayanıqlılığı və davamlılığı təmin etmiş, hökumətə beynəlxalq təcrübəni nəzərə almaqla texniki dəstək göstərmişdir. Həmçinin, bu mərhələdə BMT Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlarda qazandığı təcrübəni innovativ, nümunə model kimi digər inkişafda olan dövlətlərin də öyrənməsi üçün vasitəçilik missiyasını da həyata keçirir.  

Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Və bununla da ölkəmiz BMT ilə qurduğu 30 illik güvənə verdiyi dəyəri açıq formada sübut etmişdir.  

Hal-hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif mədəniyyətlərin dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, təhsil və yaradıcılıq hüquqlarının qorunması, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir. Bu isə imkan verir ki, gələcəkdə də Azərbaycan BMT-nin ixtisaslaşdırılmış təsisatları ilə əməkdaşlığı onların əhatə etdiyi bütün prioritet sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdirsin və dövlətimiz tərəfindən yeni nailiyyətlər və uğurlar qazanılsın.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı