23 Dekabr 2024

Azay Quliyev ATƏT PA-nın Büro iclasında Türkiyəyə qarşı ədalətsiz yanaşmaya etiraz etdi

Dekabrın 2-də Stokholm şəhərində ATƏT Parlament Assambleyasının (PA) Büro iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Kiprdən olan vitse-prezident İrene Çaralambides çıxışında Avropada cərəyan edən miqrant probleminə toxunub.

Kirpin nümayəndəsi ölkəsinin və Yunanıstanın miqrant böhranının birbaşa təsiri altında olduğunu və problemin həlli üçün böyük vəsaitlərin sərf edildiyini bildirib. Çıxışının davamında o, miqrant probleminin daha effektiv həlli üçün Türkiyəyə verilən milyardlarla avro yardımın əvəzinə bu vəsaitin digər ölkələrə verilməsinə çağırış edib.
Milli Məclisin deputatı Azay Quliyev söz alaraq Kipr nümayəndəsinin qaldırdığı məsələyə etirazını bildirib və vurğulayıb ki, ölkələr arasında belə bir ayrı-seçkilik yolverilməzdir, eləcə də belə selektiv və ikili yanaşma tamamilə əsassızdır.
Azay Quliyev diqqətə çatdırıb ki, 4,5 milyon qaçqının sığındığı Türkiyəyə qarşı ədalətsiz yanaşmaya yol verilməməlidir. Bu ölkə son 10 ildə qaçqın problemlərinin həlli üçün 40 milyard dollar xərcləyib və bunu gözardı etmək olmaz. Azay Quliyev sonda ATƏT və Aİ ölkələrini bu əhəmiyyətli məsələdə Türkiyəni maddi baxımdan dəstəkləməyə və Türkiyənin üzərində olan bu ağır yükü bölüşməyə çağırıb.

Musavat.com