Avropa İttifaqı ilk müdafiə strategiyasını qəbul etdi: “Real addım atmaq üçün planımız var”

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə ittifaqın ilk müdafiə strategiyasını – xüsusilə beş min nəfərdən ibarət Aİ Çevik Reaksiya Qüvvələrinin yaradılmasını nəzərdə tutan “Aİ-nin Strateji Kompası”nı təsdiqləyiblər.
Bu barədə Brüsseldə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatında deyilir.
“Strateji kompas” artıq bütün üzv ölkələr tərəfindən təsdiqlənib, Avropanın müdafiə və təhlükəsizliyinin inkişafı istiqamətində real addım atmaq üçün planımız var. Hazırda bizim vəzifəmiz onu tez və tam şəkildə təcrübədə tətbiq etməkdir”, – deyə J.Borrell bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə sübut edir ki, Aİ bir neçə ay əvvəl düşünüləndən də böyük təhlükə altındadır.
“Biz həmçinin Avropa İttifaqı səviyyəsində heç vaxt keçirilməmiş müntəzəm səhra təlimləri vasitəsilə qüvvələrimizin hazırlığını artıracaq, komandanlıq və nəzarət imkanlarımızı gücləndirəcək, həmçinin daha sürətli və daha çevik qərar qəbul edilməsini təmin edəcəyik. Biz kibertəhdidlərə, dezinformasiyaya və xarici müdaxilələrə cavab vermək imkanlarımızı genişləndirəcəyik. Həmçinin mühüm strateji aktivlərə və gələcək nəslin imkanlarına investisiyaları artıracağıq. Bütün bunlar Aİ-ni daha təkmil təhlükəsizlik mənbəyinə, NATO və BMT üçün daha güclü qlobal tərəfdaşa çevirəcək”, – deyə Aİ nümayəndəsi vurğulayıb.
Aİ tarixində ilk müdafiə konsepsiyası olan “Aİ-nin Strateji Kompası” Ukraynadakı münaqişə ilə birbaşa əlaqəli deyil. O, 2020-ci ildən J.Borrellin rəhbərliyi altında Aİ-nin Xarici Siyasət Xidməti tərəfindən hazırlanıb.
Mənbə: TASS