22 İyun 2025

Avrasiyanın ən effektiv logistika məkanı

Ekspertlər hesab edirlər ki, dünyada baş verən qlobal dəyişikliklər fonunda böyük ticarət potensialına və etibarlı nəqliyyat-logistika infrastrukturuna malik olan Azərbaycanın bu sahədə imkanları daha da genişlənəcək

Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrdə fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Hazırda Azərbaycan öz ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışmalar həyata keçirir. Prezident İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu bu baxımdan mühüm strateji əhəmiyyətə malikdir. Bu dəmir yol xətti Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin mühüm tərkib hissəsini təşkil edir. Dəmir yol xəttinin çəkilməsi, eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Qarsdan sonra ikinci dəmir yol xəttini təşkil edəcək ki, bu da iki ölkə arasında məhsulların və yüklərin daşınmasını asanlaşdıracaq, Türkiyə ilə Orta Asiya ölkələri arasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Azərbaycan vasitəsilə Türkiyədən Orta Asiya ölkələrinə yüklərin və məhsulların daşınması üçün yeni imkanlar açılacaq. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizdə çoxlu sayda istehsal sahələri yaradılacaq, çoxçeşidli məhsullar istehsal olunacaq, eyni zamanda kənd təsərrüfatı sahəsində, turizm sahəsində geniş potensial mövcuddur, yeni yaradılan yol-nəqliyyat infrastrukturu həm ölkəmizin ixrac imkanlarını artıracaq, həm də turistlərin ölkəmizə gəlməsini stimullaşdıracaq. Yeni nəqliyyat infrastrukturu, eyni zamanda ölkə daxilində sərnişinlərin və yüklərin daşınmasını asanlaşdıracaq. O cümlədən yeni imkanların yaradılması ölkəmizdə biznes mühitini yaxşılaşdıracaq, investorların ölkəmizə marağını daha da artıracaq.

Təsadüfi deyil ki, Azərbaycan müasir dünyanın iqtisadi inkişafında nəqliyyatın və tranzit daşımaların mahiyyətini qabaqcadan hesablayıb və müasir standartlara uyğun nəqliyyat-tranzit infrastrukturu yaradıb. Buna misal olaraq Bakı Beynəlxalq Ticarət Limanını, Ələt-Astara magistral yolunu, İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolu xəttinin inşasını, Astaraçay üzərində tikiləcək yeni körpünü göstərmək olar. Bunlarla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin İranın Astara şəhərində inşa etdiyi yük terminalı və başqa amilləri sadalamaq olar. Bütün bunlar Şimal-Cənub dəhlizinin Azərbaycan üzərindən keçməsini və Avropa ilə Asiya dövlətlərinin ixrac-idxal əməliyyatlarını məhz bu yolla həyata keçirmək istəklərini şərtləndirən amillərdir. Digər tərəfdən, dünyada baş verən qlobal proseslər və onların yaratdığı yeni reallıqlar da bu prosesə öz təsirini göstərməkdədir. Rusiya-Ukrayna müharibəsi dünyanın nəqliyyat-logistika marşrutunu da dəyişir. Mövcud vəziyyətlə əlaqədar artıq bir neçə ölkə yükdaşımalarda alternativ yollar axtarır. Ekspertlər hesab edirlər ki, böyük ticarət potensialı olan Azərbaycanın bu sahədə imkanları daha da genişlənə bilər. Əvvəllər nəqliyyat daşımaları daha çox Qazaxıstan və Rusiya üzərindən Avropa ölkələrinə çatdırılırdı. Lakin Rusiyaya tətbiq edilən sanksiyalar və digər çatışmazlıqlar vəziyyəti kökündən dəyişəcək. Hadisələrin gedişatı alternativ yol kimi yüklərin digər ölkələrə çatdırılmasında Azərbaycanın rolunu daha da artıracaq. Belə ki, yaxın vaxtlarda Azərbaycanın istər dəniz, istərsə də quru yolu ilə beynəlxalq yükdaşımalarda yeni təkliflər alacağı gözlənilir.

Qeyd edək ki, ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ümumi yükaşırmanın həcmində 14,6 faiz, quru yükün aşırılması 66 faiz, konteyner daşınması isə 11,6 faiz artıb. Bununla da proqnoz 104 faiz həcmində icra edilib. Cari il ərzində isə bu göstəricinin daha yüksək olması gözlənilir.