Bərdə şəhər sakini Fatma Yıldırıma müraciət etdi
![](https://media1.az/wp-content/uploads/2022/12/Nilufər.jpg)
Uzun müddətdən bəridir ki, Arantv.az-ın xanım əməkdaşı Nilufər Əliyeva ağır xəstəliklə mübarizə aprır.Hazırda maddi imkansızlıq səbəbindən müalicələrini davam etdirə bilmir. Buna görə də dəstək almaq üçün millət vəkili Fatma xanım Yıldırıma müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma xanım Yıldırıma
Bərdə şəhər sakini Əliyeva Nilufər Fərhad qızı T Ə R Ə F İ N D Ə N
Bildirirəm ki, Mən Əliyeva Nilufər Fərhad qızı Bərdə şəhərində yaşayıram. Azərbaycan Respublikasının Milli Məclisində 93 saylı Bərdə şəhər seçki dairəsini təmsil etdiyiniz üçün Sizə müraciət edirəm. 2020-ci ilin parlament seçkilərində aktiv seçici olaraq Sizin kampaniyaya dəstək olmuşam. Çalışdığım Arantv.az saytında Sizin təbliğatınızda yaxından iştirak etmişəm.Seçici olaraq səsimi Sizə vermişəm. Hesab edirəm ki, bu məktubu Sizə ünvanlamaqda, üzləşdiyim ağır və amansız xəstəliklə mübarizə aparmaq üşün Sizdən yardım istəməyə tam haqqım var.
Qeyd edim ki, Mən hələ bir neçə il bundan qabaq cərrahiyyə əməliyyatına məruz qalmışam. Bir müddət özümü sağlam hiss etsəm də 2021-ci ilin sentyabr ayında yenidən xəstəliyə düçar olduğum aşkarlandı. Müayinə və yoxlamalar zamanı ağır və amansız xərçəng xəstəsi olduğum məlum oldu. Xəstəliklə mübarizə aparmaq və sağalmaq uğrunda müqavimət göstərməyi qarşıma məqsəd qoydum. Yaşamağa çalışdığım ən əsas səbəb də ata himayəsindən məhrum olmuş tək oğlum Fərhadı tək buraxmamaq olub. Ancaq maddi imkansızlıq ucbatından bu günün amansız xəstəliyi ilə mübarizə aparmaq mənim üçün olduqca çətindir. Xəstəliklə mübarizə aparmaq üçün ailəmə arxalanmışam. Başqalarına əl açmağı heç vaxt ağlıma belə gətirmədim. Heç kimi incitmək istəmədim. Milli onkologiya mərkəzindən keçdiyim müayinələr hamısı pullu olub. Təyin olunan dərman pereparatlarını ailəmin, atamın vəsaiti hesabına almışam. Elə vaxtlar olub ki, dərmanları tam şəkildə almaq mümkün olmayıb. Bu da öz növbəsində sağlamlığımın bərpası üçün təyin olunan müalicənin əhəmiyyətini heçə endirib. Bu gün mən imkansızlıq ucbatından müalicəmi dayandırmaq məcburiyyətində qalmışam. Artıq atam, ailəm də imkanları olmadığı üçün mənim dərmanlarımı ala bilmirlər. Müalicəm dayandığı üçün sürətlə vəziyyətimdə dəyişiklik müşahidə edirəm. Ağrılarım günü-gündən artır qanım 28 faizə düşüb.Əlim ümid etdiyim , yaşamağı xəyalımdan çıxarmadığım həyatdan belə üzülür. Xəstəlik qarşısında gücsüzləşmiş oluram. Sabaha olan inamım sarsılır.Ancaq hələ də ümid etdiyim kimlərsə var. Ümid edirəm ki, əlimdən tuta biləcək etibarlı , mənim kimi Azərbaycan vətəndaşına dayaq duranlar olmalıdır. Ümidimi dövlətimdən, onun geniş qəlbli prezidentindən, vitseprezidentindən üzmək istəmirəm. Millət vəkili olaraq xüsusilə Sizdən umduğumu dilimə gətirmiş oluram. Siz də mənim kimi hər şeydən əvvəl bir anasınız. Ana ürəyi ilə 9 yaşlı oğlum Fərhadın xətrinə əlimdən tutmağınızı, xəstəliklə mübarizədə mənə köməklik göstərməyinizi xahiş edirəm. Sizə ümidlənərək daim görüşünüzə can atmışam. Bir dəfə qəbulunza gəlməklə sağlamlıq durumunu Sizə bildirmişəm. Siz mənimlə bağlı köməkçinizə tapşırıq versəniz də sonra hər hansı addım atılmayıb. Hər dəfə köməkçiniz Fuad Ağayev mənə vədlər verməklə kifayətlənməli olub. Mənim isə hər günü ölümə yaxınlaşmağım sürətlənmiş olur. Bir daha Sizdən xahişim budur ki, səlahiyyətlərinizdən istifadə etməklə mənə sağlamlığımın bərpasında, xərçəng xəstəliyi ilə mübarizəmdə mənə dəstək olasınız. Müalicələrimdə müayinə və dərman pereparatlarının əldə olunmasında mənə köməklik göstərəsiniz.
Sizdən və dövlətimdən umduğum budur. Mənə sahib çıxıb, mənim sağlamlığımın qaytarılmasına yardımçı olmağınızı düşünürəm. Hesab edirəm ki, Azərbaycan vətəndaşının sağlamlığı və həyatına dövlətim biganə qala bilməz. Möhtərəm prezidentim İlham Əliyev və Mehriban xanım Əliyeva ideal ürəyə sahibdirlər. Siz də eləcə. Sizin kimi humanist dəyərlərə sadiq seçilmişlərim varsa mən niyə yaşamayım!Və Sizdən ümidlərimi doğrultmağınızı xahiş edirəm.
Mən yaşamaq istəyirəm. Göydə Allah, yerdə Siz! Məni yaşadın!
Nilufər Əliyeva – Bərdə şəhər sakini
![](https://media1.az/wp-content/uploads/2022/12/Nilufər-kart-1.jpg)