22 Noyabr 2024

Antiinflyasiya tədbirləri gücləndirilir: Təsirli olacaqmı?

Xəbər verildiyi kimi, fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub. İclasda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub. Bundan başqa, Baş nazir fevralın 21-də  “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam imzalayıb.

Qeyd edək ki, bir ay əvvəl – yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Müşavirədə əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğu nəzərə alınaraq ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsinin daim diqqət mərkəzində olmasının vacibliyi qeyd edilmişdi. Xüsusilə vurğulanmışdı ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir. Nəticədə müşavirədə çevik və kompleks anti-inflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verə biləcəyi qənaətinə gəlinmişdi.  Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılmışdı. Bu baxımdan İqtisadi Şurasının növbəti iclasını bu müşavirənin davamı kimi də səciyyələndirmək olar.

İclasda Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb. İclasda, həmçinin inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.

Ötən ay  ölkədə illik 12,5 faizlik inflyasiya qeydə alınıb.  Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayına nisbətən 112,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 faiz təşkil edib.

İnflyasiyanı artıran başlıca amillərdən biri olan ərzaq məhsullarının dünya bazarlarındakı qiyməti artmaqda davam edir. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Qlobal Ərzaq Qiymətləri İndeksi ötən ilin dekabr ayında azalsa da  bu ilin yanvar ayında artıb. Ərzaq Qiymətləri İndeksi yanvarda aylıq müqayisədə 1,1 faiz, illik müqayisədə isə 19,6 faiz artıb. Yanvar ayında bitki yağları və süd məhsulları alt indekslərindəki artımlar indeksin yüksəlməsinə səbəb olub. Ərzaq məhsullarının qiymətindəki artımın 2022-ci il ərzində davam edəcəyi gözlənilir.

Bu mənada ərzaq məhsullarının bahalaşması cari ildə də inflyasiyanı artıran başlıca amillərdən olaraq qalır. Elə buradan irəli gələrək İqtisadi Şuranın iclasında vəziyyətdən çıxış yolu olaraq minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalının artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar müzakirə olunub. Sözügedən tədbirlər təkcə indi deyil, daim ölkə iqtisadiyyatının qarşısında duran prioritet vəzifələrdən olub. Belə ki, indiyədək ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi həyata keçirilən iqtisadi siyasətin başlıca istiqaməti olub və daim dövlət dəstəyi ilə əhatə edilib. Bununla belə ərzaq məhsullarına tələbatın bir hissəsi idxal hesabına ödənilməkdədir. Bu da dünya bazarlarındakı qiymət dəyişikliklərinin ölkədaxilinə təsirini qaçılmaz edir. Lakin qiymət artımı şəraitində belə əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları ilə əməkhaqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması sözügedən təsirin miqyasını əhəmiyyətli dərəcədə azaldıb. Bu sosial islahat paketin miqyasına aydınlıq gətirdiyi üçün deyək ki, görülən tədbirlər 3,4 milyon insanı əhatə edir və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaiti ayrılıb.

Bununla belə, İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqıödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib. Digər tərəfdən daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndiriləcəyi nəzərdə tutulub. Bütün bu tədbirlər Baş nazirin imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamda da öz əksini tapıb. Sərəncamda ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaq şərtilə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub.

İstənilən halda bu tədbirlərin təsirliliyi cari il üzrə inflyasiya göstəricisində öz əksini tapacaq. Məlum məsələdir ki, antiinflyasiya tədbirlərinin genişləndirilməsi inflyasiya ilə mübarizədə yeni təsir alətlərini tətbiq etməyə imkan verəcək. Lakin dünya əmtəə bazarlarındakı vəziyyətin, xüsusən də ərzaq məhsullarındakı qiymət dəyişikliklərinin inflyasiyaya təsiri baxımından öz aktuallığını qoruyub saxlayacağı da qaçılmaz görünür.