22 Dekabr 2024

Amerikalı politoloq: “Müharibə həm də Rusiya ilə ABŞ arasında gedir” – MÜSAHİBƏ

“Ukraynadakı müharibə milli suverenlik və müstəqillik uğrunda mübarizə olmaqla yanaşı, həm də dolayısı ilə ABŞ və Rusiya arasında gedir. Vaşinqton həm fevralın 24-dən əvvəl, həm də sonra danışıqlara çox az həvəs göstərdi”.

Bu sözləri AzVision.az-a amerikalı politoloq, ABŞ-ın Hamilton Kollecinin beynəlxalq əlaqələr üzrə professoru Alan Kafruni deyib. Onun sözlərinə görə, Zelenski Krımın bərpası da daxil heç bir ssenari ilə həyata keçirilə bilinməyən maksimalist tələblər irəli sürməkdə davam edir:

– Bayden NATO-nun Ukraynadakı müharibədə fəal iştirakı ilə bağlı müəyyən təmkin nümayiş etdirsə də, ümumi tendensiya – real vaxt rejimində kəşfiyyat məlumatlarının ötürülməsi, Kiyevin Rusiyaya uzaqmənzilli raketlər atılmayacağına “söz verməsi” və təbii ki, 50 milyard dollar dəyərində müasir silahlar gərginliyi artırır. Bütün bu amilləri nəzərə alsaq, Kristofer Klarkın Birinci Dünya Müharibəsindən əvvəlki faciəvi diplomatiyanı səciyyələndirdiyi kimi, güclərin müharibəylə bağlı “xəyallarından” qaçmaq çətindir.

– Hazırda Azərbaycanla Ermənistan arasında münaqişənin genişlənəcəyinə dair heç bir əlamət yoxdur. Görünür, Cənubi Qafqazda eskalasiyanın qarşısını almaq üçün Moskva və Vaşinqton arasında şifahi razılaşma var və Azərbaycanın faktiki neytrallıqdan geri çəkiləcəyi ehtimalı yoxdur.

– Yeri gəlmişkən, Vaşinqtonda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüşü necə qiymətləndirirsiniz?

– Görüş uğurlu keçdi. Azərbaycan dünya bazarlarına enerji resurslarının etibarlı təchizatçısıdır. Təbii ki, ən mühüm müzakirə mövzusu ABŞ-ın enerji qiymətlərinin kəskin bahalaşması ilə üzləşən Aİ ölkələrinə Azərbaycandan enerji ixracı həcmini artırmaqda maraqlı olması idi. Çünki qiymətlərin yüksəlməsi Aİ-nin birliyini poza bilər. Azərbaycanın ixrac potensialı məhdud olsa da, hələ ki Avropa üçün əhəmiyyətli sayıla bilər.

– Belə bir fikir var ki, Ukraynadakı müharibə fonunda nüvə silahından istifadə riski getdikcə artır. Necə düşünürsünüz, nüvə müharibəsi olacaqmı?

– Rusiya prezidenti Vladimir Putin NATO-ya xəbərdarlıq etmişdi ki, “bizə müdaxilə etməyə, ölkəmiz və xalqımız üçün təhdidlər yaratmağa çalışan hər kəs tarix boyu heç vaxt yaşamadığı nəticələrlə üzləşə bilər”. Vaşinqton çətin ki, ABŞ-ın həyati maraqları çərçivəsində olmayan Ukrayna naminə nüvə zərbəsinə təşəbbüs göstərsin. Ancaq eyni şeyi Moskva haqqında demək olmaz, xüsusən də döyüş meydanında vəziyyət pisləşərsə.

– Rusiya-Ukrayna müharibəsinin nəticəsini necə görürsünüz?

– Rusiya Donbasın və Qara dəniz sahillərinin böyük hissəsini ələ keçirərək yenidən toparlanmağı bacardı. Bununla belə, NATO-nun Ukraynanı kütləvi şəkildə yenidən silahlandırması ilə, çox güman ki, çıxılmaz qanlı vəziyyət yarana bilər. Vaşinqton hesab edir ki, müharibədən təkcə Rusiyanı zəiflətməklə deyil, həm də Avropa ölkələrini özündən daha da asılı vəziyyətə salmaqla qazanır. Rus işğalı ilə bağlı hər nə deyilsə də, ümid edə bilərik ki, enerji qiymətlərinin artması və gözlənilən qlobal staqflyasiya kimi amillər Vaşinqtonu, Berlini və Brüsseli Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllini axtarmağa sövq edə bilər.