Aleksey Navalnının qardaşı da həbsə məhkum edildi

Rusiyanın paytaxtı Moskva şəhərinin Preobrajenskiy rayon məhkəməsi Oleq Navalnını bir il şərti həbs cəzasına məhkum edib.
Media1.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd etmək lazımdır ki, Oleq Navalnı Rusiya müxalifətinin əsas siması sayılan Aleksey Navalnının qardaşıdır. Moskva məhkəməsi onu pandemiyaya qarşı həyata keçirilən sanitar-epidemiologiya qaydalarına zidd davranmaqda suçlayıb.
Oleq Navalnı bu yaxınlarda keçirilən “sanitar işi” prosesinin əsas fiqurantlarından biri hesab olunur. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə O. Navalnı başqa şəxslərlə birlikdə, bu il yanvar ayının 23-də Moskvada qanunsuz aksiya keçirərək COVİD-19 virusunu yaymaq təhlükəsini yaradıb.
Qardaş Navalnı bu işə görə haqqında hökm verilən 3-cü adam sayılır. Bundan öncə bu ilin avqust ayının 3-də Korrupsiya ilə mübarizə fondunun keçmiş hüquqşünası Lyubov Sobol 1 il yarım həbs cəzası alıb. Həmçinin Moskva şəhərinin sakini Dani Akel eyni işə görə 100 min rubl (1370 ABŞ dolları) məbləğində cərimələnib.