18 Dekabr 2024

Ağdamda İşğal, Zəfər muzeyi kompleksi, İçərişəhər tipli tarixi-mədəni hissə yaradılacaq

“Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq”.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində bildirib.

O, qeyd edib ki, hazırda burada layihələndirmə işləri gedir: “Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycandan bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, şəhərin bir mərkəzi hissəsi olacaq. Necə ki, Bakıda İçərişəhər var. Ağdam şəhərində də belə tarixi-mədəni hissə yer alacaq. Bu hardasa 22.5 hektarlıq ərazini əhatə edir. Bu hissənin əsas komponentləri Pənahəli xanın İmarət kompleksi, çörək muzeyi, dram teatrı, yaradılacaq İşğal və Zəfər muzeyi kompleksi olacaq.

Bu muzeylər haqqında daha geniş danışmaq istəyirəm. Belə ki, cənab Prezident mayın 28-də Ağdama səfəri zamanı həmin kompleksin təməlini qoydu. Həmin kompleks üç komponentdən ibarətdir. Kompleks, İşğal Muzeyində başlayır, Zəfər Muzeyində bitir. Onların arasında 18 hektarlıq bir bağ var. O bağı memorial bağ adlandırmışıq. Bu bağ açıq səma altında olacaq. Biz bütün şəhəri müasir şəkildə bərpa etsək də, həmin o bağda xarabalıqlar, dağıdılmış binalar olacaq. Biz oranı restavrasiya deyil, konservasiya edəcəyik. Onları olduğu kimi saxlayacağıq ki, gələcək nəsillərə bir örnək kimi, nümunə kimi qalsın və mənfur düşmənin xalqımızın başına gətirdiyi faciələr bilinsin, eyni zamanda müharibənin nə qədər acı nəticələrə gətirib çıxardığını anlada bilsin. Əlbəttə ki, dağıntılar arasında müvafiq təmizlik, abadlıq işləri görüləcək, cığırlar çəkiləcək, binalar haqqında müəyyən məlumatları əks etdirən “augmented reality – gücləndirilmiş virtual reallıq” texnologiyasından istifadə etməklə mobil aplikasiyalar tətbiq olunacaq. Məqsəd odur ki, İşğal Muzeyi, Memorial Bağ və Zəfər Muzeyi Azərbaycan xalqının birinci və ikinci Qarabağ müharibəsində keçdiyi tarixi göstərə bilsin. Burada XX əsrin dəhşətli Xocalı soyqırımı, Ağdamın işğalı, bununla bağlı video-audio materiallar, eksponatlar əks olunacaq. Təsəvvür edin, işğal muzeyindən çıxan insan memorial bağı gəzərkən 27 illik işğal dövrü haqqında ətraflı məlumat alır. Yəni insanlar o dağıntıların arasından keçərkən sanki həmin zamandan keçir və gözlərinin qarşısında həmin proses canlanır.

Bağın sonuna yaxınlaşdıqca Zəfər Muzeyi, Bayraq Meydanı və Zəfər arenasının olduğu əraziyə daxil olurlar. Həmin yerlər 27 ildən sonra 44 günlük Vətən müharibəsini, şanlı qələbəmizi simvolizə edəcək. Zəfər muzeyində hər bir kəndin, qəsəbənin, şəhərin necə azad edilməsi faktlarla göstəriləcək. Döyüşlər şəkillərlə, videolarla əks etdiriləcək. O cümlədən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün lövhə olacaq”.