23 Dekabr 2024

Ağdama gedən Şuşaya da gedəcək – ABŞ səfiri “Şeytanın qıçını” sındırdı, amma…

ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger və Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşmək və şəhərin vəziyyəti ilə yaxından tanış olmaq üçün Ağdama səfər ediblər.

Bu barədə səfirlik özünün “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti Ağdamda yerləşən Cümə məscidi, habelə Pənahəli Xan Sarayı və türbələri, Dram Teatrı, Çörək muzeyinin dağıntıları ilə tanış olublar. Həmçinin şəhərin yenidən qurulması planları səfirlərin diqqətinə çatdırılıb. Səfər zamanı amerikalı diplomat Azərbaycanın xeyrinə mühüm aşıqlamalar verib.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra keçən bir ildə Ağdama, Şuşaya, həmçinin digər azad olunmuş rayonlarımıza diplomatik korpus təmsilçilərinin, çoxsaylı ölkələrin səfirlərinin 7-8 dəfə səfərləri təşkil edilib. Lakin ABŞ-ın səfiri bu səfərlədə iştirak etmirdi. Hətta iyulun 10-da Azərbaycan hökümətinin təklifi ilə ölkəmizin mədəni paytaxtı Şuşaya səfər etmiş 46 dövlətin səfirləri arasında üç ölkənin-ABŞ, Fransa və Rusiyanın səfirləri olmayıb. Bu ölkələrin səfirləri Azərbaycan hökümətinin təklifini qəbul etməyərək, Şuşaya getrməkdən imtina etmişdilər. Fransa və Rusiya səfirləri sonradan Ağdama səfər etsələr də ABŞ səfiri bunu da etməmişdi.

Beləcə, ABŞ səfiri nəhayət, “Şeytanın qıçını” sındırıb Ağdama səfər etdi.

Aydın Hüseynov seçiciləri ilə onlayn görüşdü – Rakus.az

Aydın Hüseynov: “Azərbaycanın haqlı və qalib tərəf olması zaman keçdikcə hər kəs tərəfindən qəbul edilir və ediləcək”

Səfirlərin Ağdama səfərini şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, hər bir halda onların bu addımı müsbətdir: “Gec də olsa ABŞ səfiri nəhayət Azərbaycanın işğaldan azad etdiyi rayonlarımızdan birinə getdi və Ermənistanın orada həyata keçirdiyi vandalizmi yaxından gördü. Yəqin ki, hər iki səfir Ağdamda ermənilərin həyata keçirdiyi vandilizmdən heyrətə gəliblər. ABŞ səfirinin indiyə qədər edilən səfərlərdə iştirak etməməsi başadüşülən deyildi və Azəraycan cəmiyyətində haqlı suallar və narazılıqlar yaradırdı. Uzun müddət gözləmə mövqeyində olan ABŞ-dan yəqin ki, müsbət cavab aldıqdan sonra səfir Ağdama getdi.

Oxu.az - ABŞ və Britaniya səfirləri Ağdamda - FOTO

Səfirlər Ağdamda qısa müddətdə həyata keçirilən və hazırda da sürətlə gedən quruculuq işlərinin də şübhəsiz şahidi oldular və bir daha gördülər ki, bu torpaqların əsl sahibi kimdir. Gördülər ki, 30 ilə yaxın ermənilər Ağdamı ancaq talan ediblər, bu şəhəri yerlə yeksan eləyiblər. Azərbaycanlılar, Azərbaycan  isə Ağdamı azad etdikdən dərhal sonra oranı yenidən qurmağa, tikməyə, abadlaşdırmağa başlayıblar. Bu iki təzadın bir izahı var – Qarabağ, Ağdam ermənilərə deyil, azərbaycanlılara məxsus torpaqdır, torpağın tarixi, hüquqi, mənəvi sahibi kimdirsə o da həmin ərazini abadlaşdırır. Kim bu torpaqlarda yadellidirsə oranı dağıdır, məhv edir”.

Deputat qeyd etdi ki, Azərbaycanın haqlı və qalib tərəf olması, reallıq zaman keçdikcə hər kəs tərəfindən qəbul edilir və ediləcək: “Müharibədən sonrakı bir il ərzində işğaldan olunan ərazilərə səfərlərdə iştirak etməyən ABŞ səfiri nəhayət Ağdama səfər etdisə, Şuşaya da səfər edəcəyi bir gün baş verəcək. O günün də çox uzaqda olmadığını hər kəs görəcək. Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın necə füsunkar bir diyar olduğunu ABŞ səfiri də oraya səfərində görəcək”.

Akif Nağı — Vikipediya

Akif Nağı: “Kimlər üçünsə bütün yollar Romaya və ya başqa bir yerə apara bilər, bizim üçün bütün yollar Şuşaya aparır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, bu səfirlər əvvəldən fərqli mövqe tutdular, digər ölkə nümayəndələri ilə birlikdə səfərlərdə iştirak etmədilər: “Əlbəttə, onların bu mövqeyi siyasi məna daşıyırdı, amma özləri də anladılar ki, yanlışlığa yol verirlər. Bu iki müttəfiq ölkənin rəhbərləri, o cümlədən səfirləri anlamalıdırlar ki, Azərbaycan torpaqlarını işğaldan azad edib  və regionda yeni reallıq yaradıb. Onlar da bu reallıqla hesablaşmalıdırlar. Xüsusilə, ABŞ bu reallıqla hesablaşmalıdır. Ağdam səfəri göstərdi ki, artıq yeni reallığı qəbul etmək zorundadırlar. Bu səfər bu ölkələrin daha obyektiv mövqe tutmalarının göstəricisi kimi əhəmiyyətlidir. Eyni zamanda onların erməni vəhşiliklərinin izlərini öz gözləri ilə görmələri də çox vacibdi. Düşünürəm ki, bu proses davamlı olacaq, tezliklə Şuşa səfəri də reallaşacaq.

Onların başqa yolu yoxdur. Çünki Şuşanı görməzdən gəlmələrinin izahı yoxdur. Onlara yönələcək, bəlkə də Azərbaycan hakimiyyətinin artıq yönəltdiyi sualın cavabı yoxdur. Bəlkə Şuşanı hələ də Azərbaycan ərazisi hesab etmirlər? Bəlkə erməniləin xətrinə dəymək istəmirlər? İstənilən halda uzun müddət bu mənasız mövqelərində qala bilmədilər. Ona görə də Ağdam səfərini etdilər, ardınca da Şuşa səfəri gələcək. Kimlər üçünsə bütün yollar Romaya və ya başqa bir yerə apara bilər, bizim üçün bütün yollar Şuşaya aparır”.