ABŞ Dövlət Departamentinin hesabatı: “Alternativ”ə vurğu, vandallığa göz yummaq – TƏHLİL
ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün vəziyyəti haqqında dərc etdiyi hesabatda Azərbaycandakı durumla bağlı mövqe də ifadə edilib.
Hesabatdakı bir neçə istiqamətdən “tənqid” qoxusu gəlsə də, ümumilikdə Azərbaycandakı dini vəziyyətin təqdir edildiyi qənaətinin əks olunduğunu deyə bilərik.
Dövlət Departamenti bildirir ki, Azərbaycanda Konstitusiya ilə alternativ xidmət təsbit olunsa da, bununla bağlı ayrıca qanunvericilik yoxdur.
Konstitusiyanın 76-cı maddəsinə əsasən, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Dövlət Departamenti bunu dini əqidə ilə əlaqələndirib, hərçənd ki, təkcə dini yox, dini olmayan əqidə də silah tutmamaq üçün əsas yarada bilər.
Bu mövzu dəfələrlə elə Azərbaycanın özünün daxilində də gündəmə gətirilib, alternativ xidmətin olmaması əvvəlki illərdə münaqişəyə görə reallaşmırdı.
Postmünaqişə dövrünün indiki mərhələsində də buna ehtiyac yoxdur, çünki mübahisəli məsələlərin mövcudluğu hərbi xidmətin təşkilində Konstitusiyada nəzərdə tutulan həmin alternativliyi təxirə salır.
Təbii ki, Ermənistanla sülh müqaviləsi imzalandıqdan, xarici hərbi risklər minimuma endirildikdən sonra Azərbaycan hökuməti alternativ xidmətin təşkili üçün qanunvericilik yaradacaq və məsələ icra olunacaq.
Azərbaycandakı dini mənzərə kifayət qədər unikallığı ilə seçilir və nümunə kimi beynəlxalq münasibətlər sistemində özünə yer alır.
Azərbaycan Konstitusiyasının 18-ci və 48-ci maddələrinin, eləcə də “Dini etiqad azadlığı haqqında qanun”un tələblərindən irəli gələrək bu presedenti yüksək səviyyədə yarada bilib.
Yalnız sülh və insanpərvərlik əleyhinə yönələn dini baxışlar, onların ictimaiyyətdə çaxnaşma yaratmağa köklənməsi Azərbaycanın təhlükəsizliyi siyasətinin qarşısında çağırış kimi dayanır ki, hökumət bunun da öhdəsindən gəlib və artıq ekstremizmin, radikal dini-siyasi baxışların alovu sovrulub.
ABŞ Dövlət Departamenti də bunu görür və aşkar elan etməsə də, yüksək dəyərləndirir, çünki vicdan azadlığının da özünün qanunla müəyyən edilmiş kriteriyaları var.
ABŞ-ın xarici siyasət idarəsi Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərdəki dini abidələrin durumu ilə bağlı qəribə mövqe sərgiləyib.
AŞPA-nın qətnaməsinə istinad edən Dövlət Departamenti Azərbaycanın vandallığa məruz qalan abidələrindən söz açmaqdansa, yenə “erməni irsi”ni qabardır və həmin “irs”in axtarışına çıxır.
Birincisi, Azərbaycanın dini-tarixi abidələri 30 il müddətində erməni vəhşiliyinin qurbanı olub, məscidlərin, ziyarətgahların daşı-daş üstündə qalmayıb.
İkincisi, obyektiv yanaşma adı altında ermənilərin yaratdığı saxta təəssüratları beynəlxalq ictimaiyyətə “yedirtmək” cəhdi hədər gedəcək.
Niyə? Çünki Azərbaycan hökuməti dəfələrlə UNESCO-ya müraciət edərək erməni vandallığının qurbanı olan qəbiristanlıqları, dini abidələri, məscidləri öz gözləri ilə görməyə dəvət edib. Amma UNESCO bu çağırışa ya cavab vermir, ya da müxtəlif bəhanələrlə boyun qaçırır.
Üçüncüsü, söhbət dini abidələrdən gedirsə, onda Ermənistanın ərazisindəki Azərbaycan mədəni abidələrinin taleyindən niyə söz açılmır?
Hesabatın ümumi mənzərəsi Azərbaycan-ABŞ əməkdaşlığının ruhuna xələl gətirən tezislərdən ibarət deyil, amma Azərbaycan dövləti gözləyir ki, ABŞ, heç olmasa, işğaldan azad edilmiş ərazilərdəki dini vəziyyətə dair obyektiv mövqeyə köklənsin.