22 Noyabr 2024

Cənubi Qafqazdakı yeni düzən gürcüləri niyə narahat edir?

Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsindən sonra Cənubi Qafqazda tamamilə fərqli situasiya formalaşıb. Azərbaycanın və Türkiyənin bölgə dövlətlərinin qarşılıqlı əməkdaşlığını nəzərdə tutan yeni format təklifi ciddi müzakirələrə səbəb olmaqdadır. Belə müzakirələrdən biri aprelin 12-də Gürcüstan parlamentində hərbi əməliyyatların yekununa həsr olunmuş iclas zamanı aparılıb. İclasda müdafiə və təhlükəsizlik komitəsinin deputatları iştirak edib.

Ölkənin Kəşfiyyat Xidmətinin rəisi Şalva Lomidze iclasda Qarabağ döyüşləri və regionda yeni yaranmış situasiya ilə bağlı hesabat verib. İddialar var ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri bölgənin nəqliyyat inkişafı ilə bağlı razılaşmalar əldə etməsi Gürcüstanı oyundankənar vəziyyətə salır. Büdcə gəlirləri əsasən tranzit daşımalardan formalaşan Gürcüstan indidən 10 noyabr və 11 yanvar anlaşmasından iqtisadi itkilərinin narahatlığını yaşayır. Bir müddət əvvəl keçmiş prezident Mixail Saakaşvilinin təmsil etdiyi Gürcüstan müxalifəti hakimiyyəti ölkənin “heç kimə lazım olmayan” “Cənubi Qafqazın kəsilmiş hissəsi” olmaq təhdidi ilə xəbərdarlıq etmişdi. Yeni layihə həyata keçirilərsə, Azərbaycan Naxçıvana və Türkiyəyə, Rusiyadan Türkiyə və Ermənistana, Ermənistandan İrana və Rusiyaya yeni nəqliyyat yolu alacaq. Nəticədə Gürcüstan hərbi magistralının əhəmiyyəti kəskin şəkildə azalacaq. Bəzi gürcü eklspertləri isə əmindir ki, vəziyyət bu cür qaranlıq rənglərdə qəbul edilməməlidir. Məsələn, onsuz da fəaliyyət göstərən Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan neft boru kəmərlərinin, eləcə də Bakı-Tiflis-Ərzurum qaz kəmərinin, həmçinin beynəlxalq əhəmiyyəti getdikcə artan Bakı-Tiflis-Qars dəmiryol xəttinin  “heç yerə getməyəcəyini” və bunun ölkəyə xeyli mənfəət və fayda gətirdiyini qeyd edir.

Gürcüstanda regional əməkdaşlığın yeni formatından dolayı yaranan narahatlıqların əsası varmı? Ermənistan üzərindən kommunikasiya xətlərinin açılması Gürcüstanın iqtisadi imkanlarını əhəmiyyətli şəkildə daralda bilərmi?

Gürcüstan Azərbaycanın ən böyük 10 ticarət tərəfdaşı sırasındadır. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2020-ci ildə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi  536 milyon 218.16 min dollar(bunun 461 924.63 dolları ixrac), bu ilin iki ayında isə 227 milyon 622.34 min dollar(216 milyon 588.29 min dolları ixrac) təşkil edib.  Gürcüstan çox az sayda  ölkələrdəndir ki, qarşılıqlı ticarətdə Azərbaycanın ixracı idxalından qat-qat üstündür.  Bu ölkə Azərbaycanın ixracında əksər hallarda ilk beşlikdə qərar tutur.

Azərbaycan bir qayda olaraq Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələr sırasında qərarlaşır. Bu ölkəyə illik Azərbaycan əsilli investisiya yatırımları 2018-ci ilədək 500 milyon dolların üzərində olub. Həmin il bu göstərici 246,4 milyon dollar, 2019-cu ildə isə 35,8 milyon dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan və Xəzərin o tayının neft-qazını dünya bazarına daşıyan infrastruktur artıq qurulub: çoxmilayrdlı kəmərlər Gürcüstan ərazisindən keçməklə inşa olunub. Türkmənistanla Azərbaycan, İranla Azərbaycan arasında əldə olunan razılaşmaların icrası yaxınmüddətli dövrdə hər iki ölkə ilə birlikdə işlənəcək yataqlardan hasil olunacaq neft və qazın da məhz həmin kəmərlərlə ötürülməyə başlayacağını göstərir. Yəni milyardlarla dollar vəsait hesabına başa gələn kəmərlərin yenidən Ermənistan ərazisindən keçməklə çəkilməsi mümkün deyil. Qeyd etməyə dəyər ki, bu kəmərlərdən Gürcüstan kifayət qədər böyük qazanc əldə edir. Belə ki, Bakı-Tiflis-Ərzurum  qaz kəməri ilə nəql olunan qazın 5 faizi tranzit haqqı olaraq Gürcüstana verilir. Tiflis bu qazı aztəminatlı ailələlərə, həmçinin yüksək dağ kəndlərinin sakinlərinə pulsuz verir, həmçinin enerji istehsalı müəssisələrinə yönəldir. 2020-cu ildə Azərbaycanın qaz ixracı 12,4 milyard kubmetrə yaxın olub. Bu isə Gürcüstanın 1,1 milyard kubmetrdən çox pulsuz qaz əldə etməsi deməkdir. Yaxın illərdə Azərbaycandan qaz ixracının sürətlə artacağını nəzərə alsaq, Gürcüstanın pulsuz əldə edəcəyi qazın həcminin də çoxalacağını söyləyə bilərik.

Azərbaycan neftinin tranzitinə görə də Gürcüstan irihəcmli gəlirlər əldə edir. Yalnız 2005-ci ildə istismara verilmiş Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunan neftin hər barel üçün ilk 5 ildə 0,12 dollar, sonrakı 11 ildə 0,14 dollar tranzit haqqı alıb. Hazırda bu rəqəm 1 dollar ətrafındadır. Bu isə ildə yüz milyonlarla dollar gəlir deməkdir. Bakı-Supsa boru kəməri, həmçinin dəmiryol nəqliyyatı ilə daşınan neft və neft məhsullarının tranzitindən də gürcülər az qazanmırlar.

Çindən Avropaya gedən Böyük İpək Yolunun tərkib hissəsinə çevrilən, Azərbaycanın çox ucuz kredit hesabına inşa edilərək 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmiryol xətti ilə yükdaşımalar da sürətlə artmaqdadır.

Bəzi gürcü ekspertlər bildirirlər ki, Abxaziya və Cənubi Osetiya problemlərinə görə Gürcüstan Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutlarına möhtac qalıb. Bundan başqa, Ermənistana yeni nəqliyyat əlaqəsi imkanının yaranması nəticəsində Gürcüstandan Rusiyaya çəkilməsi nəzərdə tutulan və qış aylarında çox vaxt bağlı olan Lars yolundan kənar, daha rahat coğrafi-iqlim şəraitinə malik ərazidən yeni avtomobil yolunun çəkilməsini nəzərdə tutan layihəsi də sual altına düşür. Bu layihənin icrasına Asiya İnkişaf Bankı 500 milyon dollar kredit ayırmaq niyyətindəydi.

Gürcüstan-Azərbaycan dostluğu Rusiya, Ermənistan və İrana sərf etmir”

Mahir Dərziyev: “Gürcüstan bəzi avtomobil və dəmiryol daşımalarından gəlirlərini itirilə bilər”

Gürcüstan parlamentinin sabiq üzvü Mahir Dərziyevin sözlərinə görə, İkinci Qarabağ Müharibəsi bitəndən sonra Gürcüstanda regionda yaranan yeni situasiya, onun ölkəyə mümkün təsirləri tez-tez müzakirə olunur: “Artıq yeni reallıqların, Gürcüstan üçün yeni çağırış və təhdidlərin formalaşdığı qeyd edilir. Bu sırada Gürcüstan üzərindən Azərbaycana, oradan Orta Asiya və Çinə tranzit daşımaların bir qisminin Ermənistan üzərindən keçməsi ehtimalı da müzakirələrin mövzusu olur. Burada müəyyən reallıq payı var. Yəni daşımaların bir qisminin Ermənistan üzərindən reallaşması mümkün ola bilər. Bu isə Gürcüstanın avtomobil və dəmiryol daşımalarından gəlirlərinin azalmasına gətirib çıxara bilər. Lakin Gürcüstanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir.  Ermənistanla Azərbaycan arasında münasibətlərin nə vaxtsa bu səviyyəyə çatması indiki şərtlər daxilində real görünmür. Buna görə də Gürcüstanda çoxları ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına skeptik yanaşırlar. Hesab edirlər ki, kommunikasiyaların Gürcüstana zərər vuracaq qədər aktiv işləməsi yaxın perspektivdə mümkün olmayacaq”.

M.Dərziyev bildirir ki, Gürcüstan-Türkiyə münasibətləri də çox yüksək səviyyədə inkişaf edib: “Türkiyə-Ermənistan münasibətlərinin də o səviyyəyə çatması real olmadığına görə gürcülər özləri üçün ciddi təhlükə görmürlər”.

Rəşad Həsənov: “Yeni qaz yatağı müəyyən imkanlar formalaşdırır”

Rəşad Həsənov: “Uzunmüddətli perspektivdə Gürcüstan hamıdan çox qazanc əldə edə bilər”

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, qısa  və ortamüddətli dövrlər üçün Gürcüstanın narahatlıqları başadüşüləndir: “Amma uzunmüddətli dövrdə düşünürəm ki, məsələyə fərqli aspektlərdən baxmaq lazımdır. Gürcüstan indi düşünür ki, Ermənistan üzərindən nəqliyyat dəhlizinin yaradılması perspektivi uzun müddətdən bəri Gürcüstanın formalaşmış mövqeyinə zərbə vurur. Çünki indiyədək Gürcüstan yalnız Azərbaycan üçün deyil, Orta Asiya üçün də Qara dəniz hövzəsinə, Avropa bazarlarına əsas çıxış qapısı rolunu oynayıb – Azərbaycan öz ərazisindən ötürülən malların Ermənistana keçməsinə imkan vermirdi. Gürcüstan da bu vəziyyətdən kifayət qədər yaxşı bəhrələnə bilib, böyük gəlirlər əldə edib. Yalnız Azərbaycan deyil, Qazaxıstan, Türkmənistan nefti də Gürcüstan üzərindən daşınıb. Lakin yeni situasiyada bu daşımaların ən azı bir qisminin Ermənistan üzərindən reallaşması perspektivi yaranıb və Gürcüstanın bundan narahat olması təbiidir”.

Ekspertin fikrincə, regionda yeni düzənin formalaşması perspektivi Ermənistanın tutacağı mövqedən daha çox asılıdır: “Ermənistan regional əməkdaşlığın yarada biləcəyi üstünlüklərdən faydalanmaq istəyirsə, konstruktiv olmalı, xarici siyasətində ciddi düzəlişlər etməlidir. Bu olduğu təqdirdə regional əməkdaşlıq elə həddə qədər inkişaf edə bilər ki, bütövlükdə Qafqazın inkişafına böyük təkan verər. Bundan da yararlanacaq ölkələrdən biri, bəlkə də birincisi elə Gürcüstan olacaq. Buna görə də düşünürəm ki, gürcülər prosesə uzunmüddətli perspektivdən baxmaqla ondan daha çox qazanc götürə bilərlər”.

Dünya SAKİT,
Musavat.com