ABŞ düşməni Rusiya və rəqibi Çin ilə savaşır: Qələbəni isə yalnız Türkiyə qazanır
Ağ Evin Rusiya və Çinə qarşı mübarizə planları ABŞ-ın bəzi beynəlxalq hədəflərini təhlükə altına salıb; ABŞ hər iki rəqibi ilə özəl münasibətləri olan Türkiyəni tamamilə itirməmək üçün rəsmi Ankaranın maraqlarına bağlı şərtləri qəbul etməyə məcburdur…
Dünya siyasət məkanında iki düşmən qütbün savaşı artıq həlledici mərhələyə keçmiş kimi görünür. Bu savaş amansız xarakter daşıyır. Və son nəticəyə qədər davam etmə ehtimalı kifayət qədər yüksəkdir.
Məsələ ondadır ki, geri çəkilmək hər iki düşmən qütb üçün intihara bərabərdir. Çünki geri çəkilən qütb güzəştə getmiş tərəf sayılmayacaq, əksinə, məğlub hesab olacaq. Nəticədə indiyə qədər sahib olduğu beynəlxalq mövqelərin əhəmiyyətli hissəsini qarşı tərəfə təhvil vermək məcburiyyətində qalacaq.
Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin həm Rusiya, həm də Çin ilə hərbi-siyasi qarşıdurmada bu qədər israrlı davranmasının səbəbləri aydınlaşmış olur. Çinin dünyada artan nüfuzu Qərbdə bir çox dövlətləri, xüsusilə də, ABŞ-ı ciddi şəkildə narahat edir. Çünki Çinin yüksəlişinin, güclənməsinin rəsmi Pekini dünyanın yeni cazibə mərkəzinə çevirə biləcəyini təxmin edirlər. Və tezliklə Çinin sayəsində dünyanın siyasi-iqtisadi mərkəzinin Qərbdən Şərqə doğru dəyişəcəyinə əmindirlər.
Ona görə də, Çinin yüksəliş prosesini dayandırmaq üçün müxtəlif manevrlər edilir. ABŞ və Qərbin gələcək taleyi məhz bu prosesin iflasa uğradılmasının mümkün olub-olmayacağından asılı vəziyyətə düşmüş kimi görünür.
ABŞ-ın yeni prezidenti Co Bayden bu istiqamətdə konkret hədəflərə malik dövlət başçısı olduğunu qətiyyən gizlətmir. Onun əsas hədəfi ABŞ-ın son illərdə əldən verdiyi beynəlxalq mövqeləri geri qaytarmaqdan ibarətdir. Yəni Ağ Ev dünya hegemonluğu niyyətlərinə geri dönüb və qarşısındakı əsas problemi – Çini kənara atmağa çalışır.
Ancaq Ağ Ev Çinin üzərinə birbaşa gedə bilmir. Çünki Rusiyanın paralel iddiaları ABŞ-ın mübarizə gücünü parçalayır. Prezident Co Baydenin Rusiyaya bu qədər qəzəbli olmasının əsas səbəbi də məhz bu önəmli amil ilə birbaşa bağlıdır. Və o, Çinin üzərinə birbaşa getməkdən öncə ABŞ-ın yolundan Rusiyanı kənara atmaq məcburiyyətindədir.
Əslində, prezident Co Bayden hakimiyyətə gələrkən, əsas işinin Rusiya problemini həll etmək olduğunu vurğulamışdı. Hazırda bu istiqamətdə konkret və israrlı addımlar da atmaqda davam edir. Və bu, Rusiyaya qarşı beynəlxalq təzyiqlərin daha da artacağından xəbər verir.
Ancaq Ağ Ev ABŞ-ın hegemonluq hədəflərini reallaşdırarkən müəyyən manevrlər etməyə də məcbur olmaqdadır. Belə ki, Ağ Ev Rusiyanı rəsmən ABŞ-ın beynəlxalq düşməni elan edib. Ancaq ABŞ üçün əsas hədəf olan Çin üçün beynəlxalq rəqib statusu ayrılıb. Bu isə o deməkdir ki, Ağ Ev bir tərəfdən Rusiya və Çinə qarşı eyni vaxtda savaşmaq istəmir. Digər tərəfdən isə onların birləşməsinin qarşısını almağa çalışır.
Əlbəttə, rəsmi Pekin Ağ Evin ona rəva gördüyü beynəlxalq rəqib statusunun formal xarakter daşıdığını anlayacaq qədər sadəlövh deyil. Üstəlik, Kreml də Çini ABŞ-a qarşı ortaq mübarizəyə təşviq etmək üçün israrlı cəhdlər göstərir. Son vaxtlar Rusiya rəsmiləri Pekinə rəsmi səfərlər etməklə, Çini ABŞ-a qarşı müttəfiqliyə inandırmağa çalışır.
Ancaq burada bir önəmli məqam odur ki, rəsmi Pekin də Rusiyanı Çinin beynəlxalq maraqları qarşısında əsas problemdən biri kimi qəbul edir. Ona görə də, hazırda ABŞ-ın Rusiya üzərində beynəlxalq təzyiqləri artırması müəyyən mənada, Çinin də maraqlarına cavab verir. Bu baxımdan, ABŞ-Rusiya qarşıdurmasını kənardan məmnuniyyətlə izləməyə üstünlük verir. Və bu qarşıdurmanın hər iki tərəfi zəiflədə biləcəyinə ümid bəsləyir.
Təbii ki, bütün bu çoxgedişli hərbi-siyasi qarşıdurma manevrləri fonunda bir də Türkiyə faktoru önəmli amillərdən biri kimi ortaya çıxmış olur. Çünki, Türkiyə ilə ABŞ-ın münasibətlərində kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Halbuki, ABŞ və Türkiyə NATO üzrə hərbi-siyasi müttəfiqlik öhdəliklərinə malikdirlər. Ancaq Ağ Evin rəsmi Ankaranın maraqlarına həssas yanaşmağa həvəsli olmaması Türkiyəni ABŞ ilə müttəfiqlik münasibətlərindən uzaqlaşdırmağa başlayıb.
Məsələ ondadır ki, rəsmi Ankara son illərdə Ağ Evin təlimat müttəfiqliyindən imtina edərək, böyük sürətlə üzünü ABŞ-ın beynəlxalq rəqiblərinə doğru çevirməyə üstünlük verir. Öz hərbi müdafiə ehtiyaclarını Rusiya silahları ilə təmin edir. Enerji və iqtisadi-ticari maraqlarının Kremllə əməkdaşlıq çərçivəsində həllinə meyl göstərir.
Belə anlaşılır ki, ABŞ böyük sürətlə Türkiyə kimi önəmli hərbi-siyasi müttəfiqi itirmək üzrədir. Rəsmi Ankaranın bir müddət öncə Çin ilə iqtisadi-ticari müqavilələr imzalaması isə Ağ Evin beynəlxalq maraqlarına ağır zərbə sayıla bilər. Çünki bu müqavilələr həm Türkiyəyə, həm də Çinə on milyardlarla dollar gəlir və əlavə iqtisadi inkişaf qaynaqları vəd edir. Və onsuz da sürətlə güclənmə mərhələsində olan Türkiyənin yaxın vaxtlarda müstəqil dünya supergücünə çevrilmə ehtimalı da artır.
Təbii ki, Türkiyə kimi önəmli beynəlxalq güc mərkəzinin ABŞ-ın beynəlxalq rəqiblərinin yanında yer alması Ağ Evin məğlubiyyətinə səbəb ola bilər. Çünki, Türkiyənin rəqib beynəlxalq qütbdə yer alması Rusiya və Çinin ABŞ-a qarşı mübarizə gücünü ciddi şəkildə artırmış olacaq.
Xüsusilə də, rəsmi Ankaranın ABŞ və Qərbin yanlış davranışlarına cavab olaraq, Türkiyənin NATO-dan çıxmasına qərar verəcəyi təqdirdə, vəziyyət ümumiyyətlə, təhlükəli məzmun daşıya bilər. Çünki Türkiyənin öz hərbi potensialına görə NATO-da ABŞ-dan sonra ikinci dövlət olması önəmli faktordur. Üstəlik, bu faktora Türkiyənin ən yaxın hərbi-siyasi müttəfiqi olan, Asiyanın yüksələn hərbi güc mərkəzlərindən biri sayılan Pakistanı da əlavə etdikdə, ABŞ-a rəqib beynəlxalq qütbün qazana biləcəyi üstünlüyü təsəvvür etmək çətin olmaz.
Göründüyü kimi, bir müddət öncəyə qədər prezident Co Baydenin ABŞ-ın təzyiqləri ilə küncə sıxışdırmaq planları qurduğu Türkiyə artıq Ağ Evə öz siyasi maraqlarını diqtə etmək imkanlarına sahibdir. Ağ Ev isə istəsə də, istəməsə də Türkiyənin maraqları ilə hesablaşmağa şərtlərini qəbul etməyə məcburdur. Və bu, Türkiyənin beynəlxalq rəqibləri üçün ən məyusedici reallıq sayıla bilər.
Bütün bunları nəzərə aldıqda, bundan sonra Ağ Evin Türkiyə üçün beynəlxalq dəstəkçi rolunu öz üzərinə götürməli olacağını da ehtimal etmək olar. Hər halda, prezident Co Baydenin ABŞ-ın maraqları naminə Türkiyənin narazı salınmasından yayınmağa çalışacağı qətiyyən şübhə doğurmur. Bir müddət öncə ABŞ prezidenti Co Baydenin Avropa Birliyinə təzyiq göstərərək, Türkiyəyə qarşı sanksiyaların təxirə salınmasına nail olması da belə düşünməyə əsas verir.
Anlaşılan odur ki, ABŞ ən azından Rusiya və Çinlə qarşıdurma dövründə Türkiyə ilə bütün mübahisəli məsələlərdə razılaşma yolunda irəliləməli olacaq. Bu isə hələ uzun illər ərzində ABŞ-ın Türkiyədən asılı vəziyyətdə olacağı anlamına gəlir. Hər halda, ABŞ-ın Rusiya-Çin çütlüyünə yaxın gələcəkdə qalib gələ biləcəyi o qədər də inandırıcı görünmür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu