22 Noyabr 2024

Qərb erməni terrorçularının azad edilməsində israr edir

Ekspert isə deyir ki, Azərbaycan onları mütləq mühakimə etməlidir

Qərb dairələri II Qarabağ savaşının sonunu gətirən 10 noyabr tarixindən sonra Azərbaycanın Qarabağda zərərsizləşdirdiyi erməni terrorçularının geri qaytarılması üçün dəridən-qabıqdan çıxır. Son olaraq, bu məsələnin Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə müzakirə edildiyi deyilir.

Rəsmi Bakı isə burada israrlı görünür. Təsadüfi deyil ki, xarici işlər naziri Ceyhun Bayramov isveçli həmkarı ilə birgə keçirdiyi brifinqdə bu barədə qəti mövqe ortaya qoyub. “Əsirlikdə olan ermənilər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində azad edilməsi nəzərdə tutulan hərbi əsirlər deyil. Onlar Azərbaycana atəşkəsdən sonra və erməni qüvvələrin Qarabağdan çıxarılmasını nəzərdə tutan 10 noyabr tarixli bəyanata zidd olaraq göndəriliblər. Bu sənəd imzalandıqdan sonra Ermənistan hakimiyyəti Ermənistanın Şirak bölgəsindən Qarabağa 60-dan çox hərbi qulluqçu göndərib. Bu hərbiçilər diversiya törədərək, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürüblər və qanun qarşısında cavab verəcəklər”, – deyə, nazir bildirib.

Qeyd edək ki, erməni terrorçuları Xocavənddə ələ keçəndən bəri Rusiya da daxil, bir sıra dövlətlər və təşkilatlar bu məsələni gündəmə gətirirlər. Ehtimal ki, bu məsələdə Bakıya diplomatik təzyiq cəhdləri də var. Rusiya qismən ehtiyatlı mövqe sərgiləsə də, ermənilərin Qərbdəki dəstəkçiləri israrlarından əl çəkmirlər.

Niyə? Avropada insanları və ya polisi öldürənlər terrorçu kimi həbs edilmirmi? O halda niyə Azərbaycan ərazisində açıq diversiya edən, hərbçilərimizi öldürən, qarşıları alınmasaydı daha çox qan tökəcək terrorçuları xilas etmək istəyirlər? Bakı hansısa məqamda qarşılıqlı razılaşma ilə onları təhvil verə bilərmi, yoxsa onlar mütləq mühakimə olunmalıdırlar?

yegane.jpg (67 KB)

Yeganə Hacıyeva

Siyasi şərhçi Yeganə Hacıyeva məsələyə geniş rakursdan yanaşır: “Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qələbə qazandı və noyabrın 10-da imzalanan üçtərəfli bəyannaməyə əsasən, Qarabağda atəşkəs elan olundu. Daha sonra razılaşmaya uyğun olaraq bölgədə Rusiya sülhməramlı kontingenti yerləşdirildi, işğal altındakı bir neçə rayon boşaldıldı, əsir və girovlar dəyişdirildi. Ermənistan tərəfi üçtərəfli bəyannaməni pozaraq Azərbaycan ərazilərinə terrorçu qruplar göndərdi. Bu qruplar Qarabağ meşələrində gizlənərək Azərbaycanın hərbçi və mülki şəxslərinə qarşı təxribatlar törədirdilər. Erməni terror dəstələri Hadrut istiqamətində döyüş mövqeləri yaratmış və Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törətmişlər. Qərb erməni terrorçularının niyə azad edilməsini istəyir sualına cavab verməzdən öncə qeyd edim ki, Azərbaycan bu terrorçu qrupları fəal şəkildə mühakimə etməlidir. Bunu Azərbaycan dövlətinin öz ərazisində terrorizmlə mübarizə sahəsində hüquqi əsas və normalar tələb edir, dövlətin öz ərazisində terrorizmi nəzarət altına almaq, onu zərərsizləşdirmək və nəhayət, məhv etmək öhdəliyi və məhsuliyyəti mövcuddur. Beynəlxalq səviyyədə terrorizmlə bağlı siyasiləşmiş bir təbliğat mövcuddur. Bu, təxminən ”terrorizmi təsbit edilməsi, terrorçuların müəyyən edilməsi üçün bir meyar mövcud deyil” spekulyasiya kimi aparılır. Kənar güclər regional maraqlar naminə bu terrorçu qrupların fəaliyyətinə dəstək verirlər. Terrorizmə qarşı mübarizədə siyasiləşmiş təbliğat alətlərindən biri də onlara humanitar qanunların şamil edilməsi, bir sıra insan hüquqları mövzularıdır. Bu kimi məqamlar üzərindən beynəlxalq səviyyədə terrorizmlə mübarizə dövrün tələblərinə cavab vermir. Gözümüzün qarşısında terror təşkilatları digər fəaliyyət metodlarına transformasiya olur, terrorçular hərbi əsirlər kateqoriyalarına şamil olunur. Amma bu o demək deyil ki, Beynəlxalq Humanitar Hüquqda terroristlərlə hərbi əsirlərin fərqləndirmə prinsipi mövcud deyil. Beynəlxalq qanunvericilikdə antiterror konvensiyaları və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin konvensiyaları mövcuddur və üzv ölkələr terrorizmlə mübarizə istiqamətində beynəlxalq öhdəliklər    götürmüşlər.    Xüsusilə ATƏT-ə üzv ölkələr milli qanunvericiliklərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq terrorizmlə mübarizə istiqamətində götürdükləri beynəlxalq öhdəliklərinə, antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı BMT-nin konvensiyalarına uyğunlaşdırmışlar. Terrorizm müharibənin sülh zamanı ekvivalentidir və terrorizm dövlətlərin deyil, sub-dövlət qruplarının hərəkətidir. Belə qruplar daha çox başqa dövlətlər tərəfindən silahlandırılır, maliyyələşdirilir və hazırlanır və bu, həmin qrupları hazırlayan və dəstəkləyən dövlətləri terrorçu dövlətlərə çevirir. BMT Nizamnaməsinin 2 (4)-cü maddəsinə görə beynəlxalq əlaqələrdə hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə və ya Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə zidd olan hər hansı bir təhlükə və ya güc tətbiqinə çəkinməlidirlər. Terror hərəkətləri insan hüquqları çərçivəsinin dağılacağı nöqtəyə qədər ona meydan oxuduğu üçün Avropa Konvensiyası bu sahədə Konvensiyanı imzalamış olan bütün ölkə və regionda effektiv nəzarəti təmin edə biləcək bir yanaşma ortaya qoymalıdır. Lakin gördüklərimiz bunun əksini deyir. Bir sıra ölkələr açıq terrorçuluğu vətəndaş müharibəsi, üsyançılıq, özünümüdafiə, öz müqəddəratını təyinetmə və ya başqa bir hal kimi qiymətləndirmək təşəbbüsləri irəli sürürlər. Amma onu da qeyd etməliyəm ki, BMT-nin 74 ildən artıq müddətə fəaliyyət göstərməsinə baxmayaraq, terrorizmə qarşı konkret konvensiya qəbul edə bilməməsinin səbəbi də üzv dövlətlərin belə yanaşmasıdır”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır" »  Azərbaycanın xəbər portalı - NEWS24.AZ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın şərtlərinin qəbul olunacağı təqdirdə bəzi terrorçuların qaytarıla biləcəyini söylədi: “Biz dəfələrlə beynəlxalq təşkilatlara və onun təmsilçilərinə bəyan etmişik ki, 10 noyabrdan sonra ələ keçirilən silahlılar bizim üçün əsirlər sayıla bilməz, onlar terrorçudurlar. İki dəfə Azərbaycan Ordusu antiterror əməliyyatı həyata keçirdi. Ermənistan bu məsələləri gündəmdə saxlamağa çalışır və beynəlxalq təşkilatlara yalvarır ki, məsələ həll olunsun. ATƏT sədri də bu məsələni Bakıda qaldırdı. Amma yenə də bu fikirlər səslənib ki, onlar bizim üçün terrorçudur. Onların bir hissəsi o halda azad oluna bilər ki, Azərbaycanın da şərtləri yerinə yetirilsin. Məsələn, indiyə qədər Ermənistan minalanmış ərazilərin xəritəsini bizə verməyib. ATƏT sədri bu məsələni İrəvanda qaldırsın. Əgər xəritələr verilərsə, bizim digər şərtlər yerinə yetirilərsə, terrorçuların bir hissəsinin geriyə qaytarılması düşünülə bilər. Amma bunlar olmayacaqsa, nəticənin necə olacağı məlumdur. Bizdən ancaq tələb olunsa ki, terrorçular hərbi əsirlər kimi Ermənistana təhvil verilsin, bu mümkün deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”