23 Dekabr 2024

Bankda pulu olanları qorxudan hesabat – banklarımız ən riskli qrupda…

Ekspertlər riskləri artıran səbəbləri açıqladı

“Standard & Poors” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda risklərin qiymətləndirilməsinə dair hesabatını açıqlayıb. Hesabatdan aydın olur ki, agentlik bank sektorunda iqtisadi və sənaye risk trendlərini stabil olaraq müəyyən edib. Qurum bank sektorunda risklərin artım səviyyəsinə görə Azərbaycanı yenidən 10 ballıq şkala üzrə  9 balla qiymətləndirib.

Agentlik iqtisadi davamlılıq üzrə riskləri çox yüksək, iqtisadi balanssızlıq üzrə riskləri yüksək olaraq saxlayıb. “S&P” ötən ilin noyabr qiymətləndirməsində olduğu kimi, sənaye trendləri üzrə institusional çərçivə risklərini “son dərəcə yüksək”, rəqabət dinamikası ilə bağlı riskləri “yüksək” və sistem miqyasında maliyyələşdirmə üzrə riskləri isə “çox yüksək” hesab edib. İqtisadiyyatda kredit risklərini isə “son dərəcə yüksək”dən “çox yüksəyə” endirib.

Qeyd edək ki, agenliyin bank sənayesi ölkə riskinin qiymətləndirilməsi (BICRA) üzrə 1 bal ən az, 10 bal isə ən yüksək risk olaraq müəyyən edilib.

Bölgədəki bankların median reytinqi qlobal kontekstdə kifayət qədər aşağı olaraq “B+” səviyyəsində qalıb: “Mərkəzi Asiya və Qafqaz bankları üzrə reytinq proqnozlarının əksəriyyəti sabitdir və bu, region banklarının öz bank sistemlərindəki güclü iqtisadi və sənaye tendensiyaları fonunda gələn ildə də güclü maliyyə nəticələri verməyə davam edəcəyinə dair gözləntilərimizi əks etdirir”.

Xatırladaq ki, Mərkəzi Asiya və Qafqaz ölkələri arasında Azərbaycan Gürcüstan, Ermənistan və Özbəkistandan aşağıda, Qazaxıstandan isə öndə yer alıb.

Agentliyə görə, bu il Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya və Qafqaz ölkələrində bankların əməliyyat xərcləri 10 faizdən çox artacaq. “S&P”yə görə, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanda bankların əməliyyat xərclərinin artmasına əsas səbəb davamlı yüksək inflyasiya, rəqəmsallaşmaya əhəmiyyətli investisiyaların davam etməsi, marketinq xərcləri tələb edən yüksək rəqabətdir.

Bildirilib ki, 2023-cü il informasiya texnologiyaları ilə bağlı xərclər ehtimal ki, regiondakı bankların ümumi əməliyyat xərclərinin orta hesabla 15-17 faizini təşkil edəcək: “Müvafiq olaraq, bura İT mütəxəssislərinin işə götürülməsi, proqram təminatı və avadanlıqlara investisiyalar, İT təchizatçılarına və məsləhətçilərə ödənişlər, məlumatların qorunması və kibertəhlükəsizlik xərcləri daxildir”.

Agentlik Azərbaycanın ən böyük banklarının kredit reytinqlərini aşağı qiymətləndirib. Belə ki, “Kapital Bank”ın uzunmüddətli kredit reytinqi “BB-”, “PAŞA Bank”ın “B+”, “Muğanbank”ınkı isə “B-” səviyyəsində təsdiqləyib. “Standard &Poor’s” hər üç bankın baza səviyyədə reytinqini “b+” olaraq qiymətləndirib. Sözügedən bankların reytinqləri üzrə proqnozu isə sabit saxlanılıb.

Göründüyü kimi, “Kapital Bank”, “PAŞA Bank” kimi sistem əhəmiyyətli bankların kredit reytinqləri kifayət qədər aşağıdır.

Bu vəziyyətin səbəbi nədir? Azərbaycanın bank sektorunda risklər niyə yüksəkdir? Burada banklardan asılı olan və olmayan  hansı amillər var?  Bu risklərin vətəndaşların götürdükləri kredit faizlərinə və banklara qoyduğu depozitlərə təsiri varmı?

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir -  26.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, bank sektorunun reytinqi bir neçə səbəb nəzərə alınmaqla qiymətləndirilir: “Burada, əvvəla, sektorun özündən qaynaqlanan səbəblər, ikincisi isə ümumi iqtisadiyyatdan qaynaqlanan səbəblər əsas götürülür. İqtisadiyyatdan qaynaqlanan səbəblər baxımından məsələ aydındır. Çünki iqtisadiyyatın neftdən yüksək asılılığı xarici şoklara davamlılığı zəiflədir ki, bu da xərcləmələrə təsir edən amildir. Bilirsiniz ki, Azərbaycanda hökumətin fiskal siyasəti neft gəlirləri ilə sıx bağlıdır. Biz 2016-2017-ci illərdə bunun şahidi olmuşuq ki, neft gəlirləri azaldığı zaman dövlət xərcləmələri də azalır, bu isə iqtisadiyyatın kreditqaytarma qabiliyyətini endirir. Digər tərəfdən, Azərbaycanda kredit və əmanətlərdə xarici valyutanın payı dünya ortalamasından yüksək olaraq qalır. Bu isə banklar üçün məzənnə ilə əlaqədar riskləri artırır. İqtisadiyyatdan qaynaqlanan digər səbəb kölgə iqtisadiyyatının miqyasının geniş olmasıdır. Bu da bankların kreditləşmə imkanlarını məhdudlaşdırır, onların hərtərəfli fəaliyyəti üçün çətinliklər yaradır. Banklardan asılı olmayan daha bir amil regionlarda iqtisadiyyatın inkişafının Bakı və Abşerondan kəskin şəkildə aşağı olmasıdır. Bu, banklara fəaliyyətlərini ölkəboyu genişləndirməyə mane olur, kreditləşmə və ondan  gəlir əldə etmə imkanlarını aşağı salır. Bank sektoru həmçinin hüquqi çərçivənin yaratdığı risklərlə üz-üzədir. Bura xüsusilə iflas prosedurlarının qeyri-mükəmməlliyi aiddir”.

Ekspert bildirir ki, bankların özündən qaynaqlanan faktorlar da az deyil: “Bank sektoru gəlirlərini şaxələndirmir, yeni məhsullarla gəlir əldə etməyə çox da meylli deyil. Təəssüf ki, Azərbaycanın bank sektoru gəlirlərinin 60 faizdən çoxunu kredit faizlərindən əldə edir ki, bu, çox yüksək göstəricidir. Bu, həm də bankların mənfəətlə fəaliyyət göstərməsi üçün riskləri dərinləşdirir. Digər riskartırıcı amil peşəkar bankçılıq üçün sağlam rəqabət mühitinin olmamasıdır. Bank sektorunda çox ciddi inhisarlaşma var, dövlət sifarişləri cəmi bir neçə banka verilir ki, onlardan biri də dövlət bankıdır. İqtisadiyyatın real sektorunun zəif inkişafı şəraitində dövlət sifarişlərinin məhdud qrupa verilməsi digər banklar üçün ciddi risklər formalaşdırır. Risklərin çox olması isə bankları vadar edir ki, kredit faizlərini yüksək müəyyənləşdirsinlər. Azərbaycanda kredit faizlərinin yüksək olmasının ən mühüm səbəbi budur”.

mks.az - Əkrəm Həsənov: "Vergi işçisi ilə sahibkar dost ola bilməz"1

Əkrəm Həsənov

Hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, “S&P” və digər beynəlxalq agentliklərin iqtisadiyyat, o cümlədən bank sektoru üzrə qiymətləndirmələri müxtəlif ölkələrdə investisiya mühitinin müəyyənləşməsi üçün mühüm mənbə hesab olunur: “Bu reytinqlər iqtisadiyyatın bütün problemlərini əhatə edir. Hətta ayrı-ayrı sahələr üzrə qiymətləndirmələr belə ölkələrdəki investisiya mühitini dəyərləndirmək üçün baza rolunu oynayır. Azərbaycanın bank sektorunda risklərin yüksək qiymətləndirilməsinə gəlincə, burada banklardan asılı olan amillər azdır. Bu gün Azərbaycanın bank sektorunda peşəkar bank mütəxəssisləri, kadrlar kifayət qədərdir. Heç inhisarçıları demirəm, orta səviyyəli banklarda belə kadr potensialı yüksəkdir, xidmət keyfiyyəti hətta bəzi Avropa banklarından da yuxarıdır. Yəni sözümün canı budur ki, yüksək riskli qiymətini banklar qeyri-peşəkarlıqlarına, aşağı xidmət səviyyəsinə, idarəetmədəki problemlərə görə almayıblar. Burada əsas rolu Azərbaycandakı qanunçuluq, məhkəmə-hüquq sisteminin vəziyyəti oynayır. Hansı ki, bu vəziyyətdən əziyyəti ilk növbədə kreditorlar, investorlar, mülkiyyət sahibləri çəkirlər. Son illərdə istehlakçıların hüquqlarını təmin etmək üçün addımlar atılıb, 100 min manata qədər olan əmanətlər qorunur və sair. Əsas hüquqları qorunmayan, qorunması imkanları olmayan kreditorlar, investorlardır. Bu gün Azərbaycanda hər hansı şəxsin mülkiyyəti istənilən vaxt əlindən alınır, bağlanan müqavilələrin icrası təmin olunmur. Sahibkar məhkəmələrdə öz mülkiyyət hüququnu, biznesini qoruya bilmir. Ölkədəki ifrat inhisarçılıq azad biznesin yolunda alınmaz qalaya çevrilib. Bank sahəsində də belə inhisarçılıq var. İnhisarçı mövqedə olan banklar üçün məhkəmələr istədikləri qərarı qısa müddətdə təmin edir. Digər banklar isə bəzən illərlə qanuni hüquqlarını təmin edə bilmirlər”.

Ekspert bildirir ki, bütün dünyada qanunvericilik ilk növbədə sahibkarın, investorun hüquqlarını təmin edir: “Bu hüquqlar arasında müflisləşmə mühüm yer tutur. Azərbaycanda müflisləşmə institutu işləmir. Öhdəliklərini icra edə bilməyən hüquqi şəxs məhkəmə yolu ilə müflis olduğunu rəsmiləşdirə bilmir, məhkəmə belə qərar qəbul etmir. Buna görə də bizdə müflis olan şirkətlərin əksəriyyəti bunu rəsmiləşdirmir. Müflisləşmə yalnız bank sahəsində işləyir. Amma kimlərinsə mənafeləri əsas götürülməklə. Tutalım ki, bir bank müflis olur, lisenziyası geri alınır. Onun bütün əmlakı, aktivləri hesablanaraq borclarının ödənməsinə yönəldilməlidir. Ləğvedici bu prosesdə bütün kreditorlara bərabər yanaşma sərgiləməli, bankın bütün aktivlərini kreditorlar arasında bərabər bölməlidir. Azərbaycanda ləğv olunan bankların yeganə ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu ləğvetməni tam qapalı şəkildə aparır, kreditorların hüquqlarını kobudcasına tapdayır, kimə istəsə ləğv olunan  banka olan kredit borcunu bağlayır və sair. Axı ləğv olunan banklarda xarici ölkə vətəndaşlarının, hüquqi şəxslərinin külli miqdarda pulu var. Onlar da proseslə maraqlanır, problemləri görürlər. Bu şəraitdə hansı beynəlxalq agentlik banklar üçün riskləri aşağı qiymətləndirə bilər? Əlbəttə, heç biri, çünki bura investisiya qoymaq istəyən investorların yanında etibarlarını itirə bilərlər”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən 2022-ci il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 36 milyard 249,76 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 24,9 faiz çoxdur. Fiziki şəxslərin əmanətləri 11 milyard 742,95 milyon manat məbləğində (artım 27,1 faiz) qiymətləndirilir.

2022-ci ilin sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 44,9 faiz olub. Eyni dövrə hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 52,8 faiz, fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 39,2 faiz təşkil edib.