23 Dekabr 2024

Vacib çıxış olacaq – Fevralın 21-i axşam saatlarında…

ABŞ prezidenti Co Bayden Polşaya səfəri zamanı Rusiya-Ukrayna müharibəsinin birinci ilində vacib çıxış edəcək.

Media1.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmiləri açıqlama veriblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi və Ağ Evin sözçüsü Karine Jean-Pierre jurnalistlərə Baydenin 20-22 fevral tarixlərində Polşanın paytaxtı Varşavaya səfəri barədə məlumat veriblər.

Ağ Evin sözçüsü Jean-Pierre, Baydenin Varşavada “vacib bir çıxış” edəcəyini bildirərək, prezidentin bunu Rusiya-Ukrayna müharibəsinin birinci ilindən əvvəl etmək istədiyini vurğulayıb

Koordinator Kirbi isə deyib ki, Bayden həmin çıxışı fevralın 21-i axşam saatlarında edəcək.

Baydenin 21 fevralda Polşa prezidenti Andrzej Duda ilə də görüşəcəyini qeyd edən Kirbi liderlərin ikitərəfli əməkdaşlığı, həmçinin NATO-nun çəkindirmə siyasətini gücləndirmək səylərini müzakirə edəcəklərini bildirib.

Ukraynadakı müharibə kontekstində Polşanın logistik roluna işarə edən Kirbi Baydenin həm bu mövzuda, həm də Ukraynadan gələn qaçqınlarla bağlı dəstəyinə görə Dudaya təşəkkür edəcəyini də qeyd edib.

Kirbi deyib ki, Baydenin Polşaya səfəri “vacib məqamda edəcəyi mühüm səfərdir”.

Baydenin Varşavadan başqa heç bir səfər planının olmadığını ifadə edən Kirbi bu planda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş olmadığını bildirib.