23 Dekabr 2024

Zəlzələnin balının fotosu – Yer Rodeo öküzünə dönübmüş

Bu şəkil Türkiyənin cənub-şərq qurataracağında, Hatayda, 7.7 ballıq zəlzələdən sonra çəkilib.

Şəkildə insan əməyi ilə, səliqəli şəkildə salınmış zeytun bağı görünür. Bağın ortasında dağılıb, bərbad olmuş yerlər dəhşətli zəlzələnin əsəridir. 

Bu şəkildə zəlzələnin yaratdığı yarğan və uçurumların dərinliyini, enini gözlə təyin etmək mümkün deyil. Ancaq şəkli çəkənlər izahat veriblər ki, zəlzələdən sonra bağı ikiyə bölən yarğanın dərinliyi 30, eni 200 metrdir. 

İndi təsəvvür edin ki, bu yarğanın üzərində istənilən möhkəmlikdə, hətta 12 ballıq zəlzələyə davam gətirən bina tikilsəydi, onun halı necə olacaqdı. O bina 55 saniyə davam edən yırğalanmağa, təkanlara davam gətirsə də, özü boyda yerin dibinə gedəcəkdi. 

329915014_848087242942772_137457804401159084_n.jpg (194 KB)

Türkiyədə baş verən zəlzələnin böyük dağıntılar və faciələr törətməsinin səbəbi yeraltı təkanların balında deyil, silkələnmənin sürəkli olmasındadır. 

Bu balda və sürəklilikdə zəlzələ istənilən ölkədə elə bu cür dağıntı və faciələr törədərdi. Yəni heç kəs Yaponiyanı və ya başqa ölkəni nümunə göstərib Türkiyənin inşaat sektorunu gömməsin. 

Bütövlükdə götürsək, tikinti sektorunda ciddi qüsurlar olub, bunu da danmaq olmaz. Fəqət, Yer özünü Rodeo öküzü kimi aparandan sonra onun belində 10 saniyə belə qalmaq mümkün olmur.