Xəzərin sahilində Qırmızı Kitaba düşən canlıların kütləvi tələfatının səbəbi açıqlandı
Xəzər dənizinin sahillərində suitilərin tələf olmasına səbəb virus xəstəliyi olub.
Bu barədə Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıqçılıq Təsərrüfatı Komitəsinin mətbuat xidməti xəbər verib.
İşçi qrupu belə qənaətə gəlib ki, əksər Xəzər suitilərinin ölümünün əsas səbəbi dənizin Qazaxıstan hissəsində yayılan virusla əlaqəli kəskin pnevmoniyadır. Ətraf mühitin çirklənməsi isə onların immunitetini zəiflədib və viruslara qarşı həssas edib.
“Dəniz heyvanlarının immunotoksik elementlər və birləşmələrlə xroniki zəhərlənməsi immunitetin və bədənin ümumi müqavimətinin azalmasına, həmçinin yoluxucu xəstəliklərə qarşı həssaslığının artmasına gətirib”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, Rusiyanın Dağıstan Respublikasının Xəzər dənizi sahillərində yenidən ölü suitilər aşkarlanıb. Mütəxəssislər xatırladıblar ki, Xəzər suitiləri “Qırmızı Kitab”a daxil edilib və hazırda tamamilə yox olmaq təhlükəsi altındadır.
Mənbə: İnform Buro