Tehran nədən açıq terrora keçdi? – ANALİZ
Azərbaycanın Tehranda yerləşən səfirliyinə edilən terror hücumu cəmiyyətimizin və dünya ictimaiyyətinin dərin hiddətinə səbəb olub. Hadisənin görüntüləri təsdiq edir ki, terrorçu öncədən təlim keçib və qətliam törətmək məqsədi ilə binaya daxil olmaq üçün xüsusi plan qurub. Terrorçunun əlindəki silahın növü, səfirlik əməkdaşlarının binaya girişini gözləmək üçün pusquda dayanması, nəhayət səfirliyin avtomobilini vuraraq qapının açılmasına zəmin yaratması sıradan bir “qəzəb partlaması” təəssüratı yaratmır. Silahlı hücumun İranda istirahət günü gerçəkləşdirilməsi binaya giriş üçün qurulan plan baxımından xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa hadisənin yəhudilərin soyqırım günündə törədilməsi terror aktlarının həyata keçirilməsində tez-tez istifadə olunan simvollaşdırma texnologiyasıdır. Hər bir terror aktı rezonans yaratmağa, xof formalaşdırmağa xidmət edir və müəlliflər tərəfindən dərhal aktı gerçəkləşdirənlərin “qəhrəmanlaşdırılması” kampaniyası başlayır. İran telekanallarının terrorçunu dönə-dönə yayıma çıxararaq yönəldici suallarla namus dağarcığı kimi təqdim etməsi də məhz bu məqsədə xidmət edirdi.
İran telekanallarının “Yasin Hüseynzadə” kimi təqdim etdiyi terrorçunun hansısa ailə-məişət problemlərinin olması istisna deyil. Çünki xüsusi xidmət orqanları və terrorçu qruplar öz killerlərini akademik institutlardan və ya icarə haqqı yüksək olan plazaların işgüzar mühitindən deyil, ailə problemləri yaşayan, məişət böhranına yuvarlanmış, maliyyə sıxıntısı çəkən insanlar arasından seçirlər. Rəsmi Tehranın diplomatik korpusa edilən terror hücumunu adi “məişət cinayəti” kimi təqdim etmək üçün uydurduğu hekayə Azərbaycan dövlətini və xalqını qane etməyəcək qədər primitivdir. Bununla belə, elə bu hekayədə də xeyli suallar var. Azərbaycan Respublikası vətəndaşı ilə İran vətəndaşının evlənə bilməsi üçün onlardan birinin nikahdan öncə digərinin ölkəsində olması lazımdır. Maraqlıdır, görəsən terrorçu və onun həyat yoldaşı harada və necə tanış olublar: Azərbaycanda, yoxsa İranda? Hər iki variantda terrorçunun İran xüsusi xidmət orqanlarının nəzarətinə səfirliyə hücumda illər öncə düşməsi şübhəsiz görsənir. Hadisədən dərhal sonra Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti cinayət işi açıb və bu cinayət işində əgər “Yasin Hüseynzadə” kimi təqdim edilən şəxsin həyat yoldaşı, yaxud siğəsi ölkəmizdədirsə, mütləq dindiriləcək, sorğuya çəkiləcək.
İstər sosial şəbəkələrdə, istərsə də yerli və xarici mediada hər kəsin soruşduğu bir sual var: İran Azərbaycana qarşı terrora nədən öz paytaxtında əl atdı?
44 günlük savaşdan sonra İranın Azərbaycana qarşı qəzəb və nifrətini içində saxlaya bilmədiyi məlumdur. İslam Respublikası birmənalı şəkildə Ermənistanın yanında yer alır, Azərbaycana əzələ nümayış etdirir, hədə-qorxu gəlir, Qafanda konsulluq açır, Tehranla İrəvan izdivac bağlanır. Hər gün İran mediasında Azərbaycan əleyhinə onlarla məqalə yayımlanır, molla rejiminin uzantıları sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə qarşı bütün etik sərhədləri aşan kampaniyalar təşkil edirlər. Lakin bütün bunlar İran rejiminin diplomatik missiyaların statusunu və toxunulmazlığını müəyyənləşdirən Vyana konvensiyasını pozaraq, heçə sayaraq Azərbaycan səfirliyinin öz paytaxtında gülləbaran olunmasını təşkil etməyə, yaxud təşkilinə göz yummasına yetərli səbəb deyil. Belə bir addım atılması üçün daha ciddi səbəblər lazımdır.
Bu səbəblərdən birincisi, zənnimizcə, İranın yeni düşmən obrazına ehtiyac duymasıdır. İrandakı ənənəvi “düşmən obrazları” artıq cəmiyyətin konflikt strukturunu nəzarətdə saxlamaq üçün molla rejiminə əl vermir. İranda baş verən kütləvi iğtişaşlar onu təsdiq etdi ki, ölkədə sosial, iqtisadi, siyasi və ideoloji narazılıq o həddədir ki, nə kütləvi edamlarla, nə də protest aksiyalarının iştirakçılarını amerikapərəstlikdə, sionizmdə suçlamaqla teokratik rejim özünü qorumaq iqtidarında deyil. Proseslər gec-tez sosial fazadan milli müstəviyə keçməlidir və bu prosesin qarşısını almaq üçün Azərbaycanın indidən düşmən elan edilməsi zəruridir. Heç bir dövlət öz səfirliyinə silahlı hücumu sinəyə çəkməz, qəbul etməz. Azərbaycan terror aktı ilə bağlı heç şübhəsiz İran qarşısında qəti tələblər qoymalıdır və qoyur, bu da İrana rəsmi Bakı ilə gərginliyi artırmaqla yeni düşmən obrazı yaratmağa və gözlənilən milli hərəkatı qaralamağa imkan yaradacaq.
İkincisi, İranda aylardır davam edən kütləvi iğtişaşlar- bu barədə yazmışdıq- həm də hakimiyyətdaxili ziddiyyətlərin küçədəki inikası idi. Bu iğtişaşlar bir qədər səngiyib və görünür səngimə İran hakimiyyətindəki hansısa çevrələrə, daha dəqiq desək Xamneyi sonrası ali dini hakimiyyəti ələ keçirmək istəyənlərə sərf etmir. Həm birinci, həm də ikinci punkt üzrə bu qüvvənin SEPAH olması daha inandırıcı ehtimaldır.
Nəhayət, bu yaxınlarda Ermənistan baş nazirinin həyat yoldaşı İrana səfər etmiş və açıq görüşlərdən savayı, yəqin ki, qapalı müzakirələr də aparmışdı. İrəvan mediasının kontent analizi göstərir ki, Paşinyan hökuməti Azərbaycanın qısamüddətli olsa da, yeni hərbi əməliyyata başlamasından narahatdır. Nikol başa düşür ki, Azərbaycandan daha bir dəfə “dəmir yumruq” zərbəsi alarsa, iqtidarını Rusiyanın bölgəyə xüsusi məqsədlə ezam etdiyi avantürist Ruben Vardanyandan qoruya bilməyəcək. İran hər nə qədər Rusiya ilə birgə hərəkət edirmiş kimi görsənsə də Kremlin təsirlərinin İrəvanda artmasında maraqlı deyil. Əksinə, Rusiya Qafqazı tərk edərsə, bu “boşluğu” tuta biləcəyini zənn edir. Odur ki, Nikol Paşinyanın iqtidarda qalması Tehran üçün xüsusi maraq kəsb edir. Lakin Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri vasitəsi ilə Xankəndiyə gedən yolda ictimai nəzarət yaradıb və bu da Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi Bakının Paşinyana təzyiq imkanlarını artırıb. İran Zəngəzur dəhlizinin açılmasına heç bir halda imkan vermək niyyətində deyil və onun da yaxşı fərqindədir ki, Azərbaycanla Ermənistan arasında yeni eskalasiya məhz onun təzəcə konsulluq açdığı bölgədə baş verəcək. Odur ki, Azərbaycana səfirliyinə qarşı terror hücumu ilə rəsmi Bakının diqqətini Ermənistandan yayındıraraq öz üzərinə çəkir.
Taleh ŞAHSUVARLI
AzNews.az analitik-informasiya portalının baş redaktoru