23 Dekabr 2024

Əfv Komissiyası iclaslara başladı – Novruz hazırlıqları

Cəmiyyətin daim həsrətlə gözlədiyi sərəncamlardan biri də əfvlə bağlıdır. Prezident İlham Əliyev müstəsna səlahiyyətləri çərçivəsində əsasən Novruz Bayramı ərəfəsində belə sərəncamlar verir.

Artıq Əfv Komissiyası iclaslara – böyük ehtimalla Novruzda gözlənilən əfvlə bağlı hazırlıqlara başlayıb.

Belə ki, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın növbəti iclası yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, bu, komissiyanın ikinci iclasıdır. Ötən iclasda 120 müraciətə baxılıb.

Budəfəki iclasda isə 100-dən çox müraciətə baxılıb.

Kimlərin əfvə düşmək ehtimalı var? Siyasilərdən əfv müraciəti edənlər olubmu?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu və digər suallarla bağlı “Yeni Müsavat”a danışıb:

“Sözün doğrusu, biz əfvi ötən il dekabrın sonunda, yəni Dünya Azərbaycanlılarının Həmrəylik Gününə gözləyirdik. Elə bilirdik ki, bu münasibətlə xeyli insan buraxılacaq.

Lakin qeyd edim ki, xeyli sayda insan var ki, onlar zaman-zaman buraxılırlar. Bildiyiniz kimi, Əfv Komissiyası daim işləyir. Ədliyyə Nazirliyində komissiya var ki, onunla 200-400-ə yaxın insan azadlığa buraxılıb. Kimin ki vaxtı az qalıb və yaxud məhkumluq həyatının yarısını çəkib, onlar azad olunub.

Bildirim ki, biz hüquq müdafiəçiləri olaraq Əfv Komissiyasına 27 nəfərin adını vermişik, hansı ki, onların arasında hüquq müdafiəçiləri, jurnalistlər,  blogerlər, siyasi motivlə tutulanlar var. Gözləyirik ki, onlar əfvə salınacaq. Çünki onların həm məhkumluq vaxtlarının bitməsinə az qalıb, həm də istəyirik ki, siyasi məhbus məsələsi tamam bitsin. Yəni Avropa Şurasının bizə qarşı olan ittihamları, nəhayət, sona çatsın.

Bu gün Tofiq Yaqublu, Bəxtiyar Hacıyevin həbsdə saxlanılmasına nə lüzum var? Başa düşürəm ki, onların müəyyən çıxışları, hökumətə xoş gəlməyən ifadələri ola bilər, amma onları həbs etməklə Azərbaycan dövlətçiliyinə zərər gətirirk. Hamımız bilirik ki, həmin şəxslərin sözlərinin Azərbaycana təsir gücü yoxdur. Onları həbs etməklə bütün Avropa və digər qurumların dilinə düşürük. Niyə bununla Azərbaycan dövlətçiliyinə zərər gətirək?

Daha sonra Əvəz Zeynallının həbs olunması məsələsi, o, həqiqətən də Azərbaycanı sevən bir şəxsdir. Onun da tənqidi fikirləri ola bilər, amma unutmayaq ki, tənqid olmasa irəliləyiş də olmaz.

Həmçinin hüquq müdafiəçiləri olaraq məsələ qaldırmışıq ki, ömürlük həbs olunanlar,  o cümlədən “OMON”çular, “qaranquşlar” da əfv olunsun. Onlar artıq 20 ildən çoxdur ki, məhbus həyatı yaşayır.

Çingiz Qənizadə: “Bu, erməni dəyirmanına su tökmək kimi bir şeydir” Yeni  Sabah

Çingiz Qənizadə: “Həm əfv sərəncamının, həm də böyük amnistiya aktının veriləcəyini gözləyirik”

İndi elə zamandır ki, hamımız bir yerdə  olmalıyıq. Bu dövləti qorumaq üçün istəsək də, istəməsək də müəyyən addımlar atmalıyıq, bütün dünyaya göstərməliyik ki, biz demokratik, normal bir dövlətik”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə qeyd etdi:

“Artıq Əfv Komissiyasının iclasları başlayıb və xeyli məhbusun işi ilə tanışlıqlar olub, müzakirələr keçirilib, bu haqda mətbuatda kifayət qədər məlumatlar var. Görünən budur ki, yaxın vaxtlarda əfv fərmanı olacaq. Prezident hər il özünün böyük və humanist addımlarından biri olan əfv fərmanının icrası ilə bağlı müəyyən sərəncam verir və bu əfv fərmanı zamanı yüzlərlə insan bu və digər formada azadlıqlarının  məhdudlaşdırılmış hissəsindən azad olunurlar. Ya tamamilə, ya qismən, ya da cəzasının müəyyən qisminin azaldılması ilə bağlı əfv verilərkən bunların  şahidi oluruq. Görünən budur ki, mart ayında əfv olacaq və yenə də çox güman ki, yüzlərlə insan əfv fərmanına əsasən azadlığa buraxılacaq.

Novella Cəfəroğlu: “Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv  işləməliyik”

Novella Cəfəroğlu: “İstərdik ki, bu dəfə ömürlük həbs olunanlar,  o cümlədən ”OMON”çular, “qaranquşlar” da əfv olunsun”

Hər zaman qeyd edirəm ki, əfv fərmanı təkcə adı siyahıda olan insanlara deyil, həm də onların ailə üzlərinə, valdeynlərinə, yaxınlarına, ümumilikdə minlərlə insana sevinc bəxş edir.

Biz də hüquq-müdafiə təşkilatları  olaraq müəyyən siyahıları administrasiyaya göndərmişik və 30-dan çox məhbusun azadlığa buraxılması ilə bağlı xahişimiz var. Fərdi müraciətlərimiz də var, hansı ki, onları haqlı hesab edirik. Amma ad çəkmək fikrində deyiləm, çünki hər bir məhbus azad olunmaq arzusu ilə yaşayır və biz ad çəkəndə müəyyən fikirlər, narazılıqlar olur. Əsas odur ki, cənab Prezident əfv fərmanını versin və verəcək də”.

Hüquq müdafiəçisi yaxın aylarda böyük amnistiya olacağının anonsunu da verdi:

“Başqa bir məsələni də qeyd etmək istərdim, bildiyiniz kimi, əfv fərmanı konkret cəza çəkən şəxslərə tətbiq edilir, lakin daha böyük amnistiya aktının verilməsi ümidi ilə yaşayırıq. Bilirsiniz ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir və bu il “Heydər Əliyev İli” elan  olunub, ola bilməz ki, belə bir əlamətdar ildə, təqvimdə ölkədə amnistiya aktı verilməsin. Bu baxımdan, ümid edirik ki, cənab Prezidentin və ya Birinci vitse-prezident Mehriban Əliyevanın imzası ilə Milli Məclisə yaz, may aylarında amnistiya aktının verilməsi ilə bağlı qanun layihəsi daxil olacaq. Məlum olduğu kimi, amnistiya aktı qanun layihəsidir və Milli Məclisdə təsdiq olunmalı,  oxunuşlardan keçməlidir. Amnistiya aktı daha çox, minlərlə məhbusları əhatə edə bilir. Burada konkret şəxsləri deyil, edilmiş cinayət əməlləri, hərəkətləri, çəkilmiş cəzalar, yaş və sairə hallar nəzərdə tutularaq məhbuslar amnistiya aktının təsir dairəsinə düşə bilirlər.

Son olaraq bir daha vurğulamaq istərdim ki, yaxın aylarda əfv fərmanının verilməsini, eyni zamanda ondan bir neçə  ay sonra “Heydər Əliyev İli” ilə bağlı böyük amnistiya aktının qəbul olunmasını böyük ümid və arzu ilə gözləyirik”.

Xalidə GƏRAY