18 Oktyabr 2024

Yalanı kim danışır?

Xankəndi sakinləri, xaricdə yaşayan ermənilər, yoxsa avropalılar?

Laçın yolunda azərbaycanlıların dinc aksiyası ilə bağlı Ermənistan mediası və xarici xəbər agentlikləri saxta informasiyalar yaymaqda davam edirlər. Xaricdəki ermənilər və onların havadarları yerli şəraitdən xəbərləri olmadıqları halda boş-boşuna çərənləyirlər. Onlardan “nümunə” götürən İrəvan erməniləri də haray-həşir salıb bildirirlər ki, Laçınla əlaqələrimiz tamamilə kəsilib. Ancaq elələri də var ki, bunun əksini söyləyir.

Ermənistanın Baş naziri Nikol Paşinyan özü də yalan xəbərlər yaymaqda hay-küyçülərdən geri qalmaq istəməyib. Bildirib ki, guya Laçın yolunun “bağlanması” səbəbindən Qarabağda ərzaq qıtlığı başlayıb. Azərbaycanı “blokada”da ittiham edən Paşinyan iddia edir ki, Qarabağda humanitar vəziyyət son dərəcə gərgin olaraq qalır. Halbuki, hər gün, bəzən gündə bir neçə dəfə sosial təminat maşınları, humanitar karvanlar, təcili tibbi yardım maşınları həmin yoldan keçir. Bunu təsdiqləyən çoxlu foto və videolar da var.

Bu arada ermənilər sosial şəbəkələrdə Qarabağdan fotolar yerləşdirirlər və orada insanların “ərzaq böhranından əziyyət çəkdiyini” iddia edirlər. Ancaq fotolarda bunun tam əksi görünür: mağaza və bazarlarda ərzaq bolluğudur. Beləliklə, erməni təbliğatı bir daha öz yalanlarını ifşa edir və ənənəyə uyğun olaraq özünü gülünc vəziyyətə salır. Maraqlı orasıdır ki, Xankəndi sakinlərinin bir nəfəri belə maddi çətinlik çəkdiyini etiraf etmir.

Qarabağdakı quldur rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan bu günlərdə Ermənistan televiziyasına verdiyi müsahibəsində arın-arxayın danışaraq söylədi ki, heç kim narahat olmasın, Xankəndidə ərzaq boldur, apteklər dava-dərmanla doludur. O, əlavə etdi ki, anbarlarda lazımi qədər maddi ehtiyatlar, o cümlədən qida məhsulları da saxlanır. Necə deyərlər: “Arağına bol, çaxırına bol”

Ermənistanın “Noyan-tapan” internet televiziya kanalı isə bu günlərdə Xankəndidə apardığı çəkilişləri ilə panikaçıları real fakt və arqumentlərlə ifşa edir. Xankəndidə əhalinin heç bir ərzaqdan və dərmandan qıtlıq görmədiyini vurğulayan aparıcı bildirdi ki, bu sarıdan heç bir nigarançılıq yoxdur. Sonra mağazalardakı və apteklərdəki dolu piştaxtalar və vitrinlər göstərildi. Süjetlərdə Xankəndi şəhərinin sakinləri rusca danışaraq ərzaq qıtlığından şikayət etmirlər. Onlar yalnız ictimai-siyasi hadisələrdən narahat olduqlarını bildirirlər. Süjetlərdə göstərildiyi kimi, Xankəndi sakinləri yayılan informasiyaların əksinə olaraq heç də pis yaşamırlar və bunu özləri də təsdiq edirlər. Deməli, dünyanın gözünə kül üfürmək istəyən bədxah qüvvələr “blokada” məsələsini ortaya ataraq Azərbaycanı günahlandırmaq, dünyaya göstərmək istəyirlər ki, baxın, “azərbaycanlılarla ermənilər birgə yaşaya bilməzlər”.

Sual yaranır: Yalanı kim danışır, Xankəndi sakinləri, xaricdə yaşayan ermənilər, yoxsa avropalılar?

Düz əyrini həmişə kəsib, yenə də kəsəcək! Bu məsələyə ilk reaksiya  BMT-dən gəldi. Təşkilatın Baş katibinin köməkçisi Miroslav Yença Bakının “mədənlərin qeyri-qanuni istismarının araşdırılması” istəyinə cavabında belə dedi: “BMT Laçın yolu və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında hansısa addım ata bilməyəcək”. Bu, faktiki olaraq o anlama gəlir ki, BMT dolayısı ilə Ermənistan tərəfinə izah etməyə çalışıb ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir və bu ərazi beynəlxalq səviyyədə dünya tərəfindən o ölkənin bir parçası hesab edilir. Bu səbəbdən də azərbaycanlıların öz ərazilərində nə edəcəyinə biz təşkilat olaraq müdaxilə edə bilmərik. Edəcəyimiz təqdirdə, bu addım Azərbaycanın daxili işinə qarışmaq anlamına gələcək. Üstəlik nəzərə alsaq ki, Miroslav Yença tərəfləri 10 noyabr razılaşmasına əməl etməyə dəvət edib, bununla nüfuzlu qurumun rəsmisi Ermənistan nümayəndə heyətinə izah etməyə çalışıb ki, sizin 2 il əvvəl rəsmi Bakı qarşısında üzərinizə götürdüyünüz bir neçə bəndlik öhdəlik var. Siz ilk öncə gedin öz öhdəliklərinizi icra edin, sonra gəlin söhbət edərik. Bax, belə! Gördünüzmü, yalan ayaq tutdu, amma yeriyə bilmədi.