İlham Əliyevin Aleksandar Vuçiçlə geniş tərkibdə görüşü olub – YENİLƏNİB
Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü olub.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan Serbiya Prezidenti Aleksandar Vuçiç deyib:
– Hörmətli cənab Prezident.
Əziz dostlar.
Serbiyaya gəldiyinizə görə təşəkkür edirik. Bu gün Sizi Belqradda görməkdən çox məmnunuq. Sizi yenidən öz ölkəmizdə görürük və ümid edirik ki, biz də Sizin ölkəyə səfər edəcəyik. Səfər etdiyinizə görə minnətdarıq və bilirik ki, Siz bu günlərdə çox məşğulsunuz. Amma öz tərəfimdən deyə bilərəm ki, Sizin fəaliyyətiniz daha məhsuldardır. Biz ən yaxşı dostlarıq. Bilirəm ki, ölkəmizə səfərinizi öz gündəliyinizə salmaq nə dərəcədə çətin idi.
Təkbətək görüş zamanı ölkələrimiz arasında real dostluq bir daha təsdiqləndi. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik. Siz də həmişə heç də asan olmayan şəraitdə Serbiyanın ərazi bütövlüyünü və suverenliyini hər zaman çox dəstəkləmisiniz. Biz eyni addımları davam etdirəcəyik. Bilirəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan hər zaman eyni mövqedən çıxış edəcək.
Son dövrdə əldə etdiyiniz bir çox uğurlar münasibətilə Sizi təbrik edirik. İqtisadi uğurlarınız hər kəsin marağına səbəb olur. Biz Sizin timsalınızda real, çiçəklənən ölkəni, Serbiyanın daha böyük dostunu və müttəfiqini görürük. Gəldiyinizə görə bir daha təşəkkür edirik. Ümidvaram ki, mənim Bakıya səfərim və Sizin yenidən Belqrada gələcəyiniz zaman məsələləri müzakirə etmək üçün daha çox vaxtımız olacaq.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:
– Sağ olun, cənab Prezident.
İlk növbədə, dəvətə görə minnətdaram. Sizi yenidən görməyimə çox şadam. Qonaqpərvərliyə görə təşəkkür edirəm. Bizim elə indicə təkbətək surətdə ikitərəfli çox yaxşı və məhsuldar müzakirəmiz oldu. İndi isə söhbətimizi davam etdirəcəyik. Siz haqlı olaraq qeyd etdiyiniz kimi, Serbiya və Azərbaycan hər zaman beynəlxalq arenada bir-birini dəstəkləyiblər. Ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə aid məsələlərə hər zaman ölkələrin maraqları əsasında baxılıb. Bu da təbiidir, çünki ölkələrimiz strateji tərəfdaşdırlar. Biz əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması üçün müvafiq sənədləri imzalamışıq. Eyni zamanda, əməkdaşlığımızın məzmunu da mehribançılığa əsaslanır. Bu gün biz bir çox məsələləri müzakirə edəcəyik. Fürsətdən istifadə edərək mən Sizi Azərbaycana səfərə dəvət etmək istəyirəm. Azərbaycana rəsmi səfərinizdən sonra biz son bir neçə il ərzində beynəlxalq tədbirlər əsnasında dəfələrlə görüşmüşük və bir yerdə söhbət aparmaq imkanımız olub. Bu dəvətə görə minnətdaram və gözəl ölkənizdə, bizə dost olan Serbiyada yenidən olmağıma, Sizinlə və nümayəndə heyətimizin digər üzvləri ilə strateji tərəfdaşlığımızın gələcək inkişafına töhfə verməyimə çox şadam. Bir daha sağ olun və Sizi Azərbaycanda səfərlə gözləyəcəyik.
***
Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü olub.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.