21 Noyabr 2024

Zelenskinin 8 noyabr planı – nə edəcək?

Pentaqon rəhbəri Lloyd Ostinlə Rusiyanın müdafiə naziri arasında sonuncu dəfə təmas may ayında olmuşdu. 5 ay sonra Ostinin bu gün Moskvaya niyə zəng etməsi barədə təfərrüat yoxdur- nazirlər 1 saat nə danışıblar, bir-birlərinə nə deyiblər, açıqlanmır. Rusiya tərəfi bildirib ki, “beynəlxalq təhlükəsizlik məsələləri və Ukraynada keçirilən xüsusi hərbi əməliyyat müzakirə edilib”. Hazırda dünyanı nüvə müharibəsi riskinə soxan iki super ölkənin “beynəlxalq təhlükəsizlik” mövzusunu müzakirə olunduğunu bəyan etməsi bəlkə də nonsesdir, amma günümüzün gerçəkliyidir. “Reuters” ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verib ki, “danışıqlar heç bir konkret məsələnin həllinə gətirib çıxarmayıb”.

Ostin təkcə Pentaqonun ilk qaradərili şefi kimi tarixə düşməyib, o, həm də Ukrayna müharibəsində Kiyevə dəstək verən və müzakirələr üçün vaxtaşırı Ramştayn bazasında(Almaniya) toplaşan 40-dan çox ölkənin “müdafiə naziri” statusundadır. Şübhəsiz, Ukraynada hər uçan drondan, hər atılan raketdən xəbərdar adamdır Ostin…

Ostinin Şoyqudan sonra Ukraynanın müdafiə nazirinə də zəng etməsi Moskvadan aldığı son xəbərləri onunla bölüşmək məqsədi daşımadığı aydındır. Kiyev rəhbərliyi indi çox “qısqanc” mərhələdədir və Moskva tərəf baxanlardan dərhal şübhələnirlər, hətta təhdid edirlər. İstisna hələ ki,Türkiyə lideri Ərdoğandır. Türkiyəyə bağıra bilmirlər, çünki fərqindədirlər ki, heç olmasa, bir sağlam “körpü” saxlamaq vacibdir.

Ostinin və Pentaqon rəhbərliyi zatən gün ərzində bütün cəbhə xəbərlərini həm Kiyevdəki generallarından, həm də Ukrayna rəhbərliyindən alırlar. O səbəbdən Ostin Şoyqudan sonra Reznikə zəng etməyə də bilərdi, amma bunu vacib bilibsə və hətta yüz dəfə dediyi hərbi dəstəyin davam edəcəyini yenə təkrar edibsə, demək nəticə “Reuters”in xəbəri kimidir, Şoyqu ilə telefon danışığında bir-birlərinə sözlərini deyiblər, sonra “qudbay…”

ABŞ Rusiyanın son günlər paytaxt Kiyevi və ətrafını hədəf alan raket zərbələrindən narahatdır. Bu zərbələrdə İran dronlarından istifadə edilməsinə Qərbin reaksiyası əslində, anlaşılandır. Amma buna görə kimisə günahlandırmaq gülməlidir. Çünki Ukraynada 9 aydır NATO və ABŞ silahları işləyir və heç bir müharibə “qanunda” yazılmayıb ki, hansı ölkənin silahından istifadə etmək olar, ya yox. İran Rusiyaya silah satmaya bilərdimi? Əlbəttə, istəsəydi Moskvaya “yox” deyərdi. Necə ki, Türkiyə “Bayraqdar”ı Ukraynaya torpaqlarını müdafiə etmək üçün verir, amma Moskvaya satmır. İran Türkiyə ilə hər mənada müqayisə ediləsi ölkə deyil, ədalətli ölkə heç deyil. Amma İran satmayacaq, gedib Ermənistanla silah alveri edən Hindistandan alacaq. O səbəbdən Qərbin İran dronlarının “qanadından yapışması”nın heç bir anlamı yoxdur, hətta diqqəti əsas hədəfdən yayındırmaq cəhdidir. Əsas hədəf isə müharibəni dayandırmaq olmalıdır.

9 ayda ən az danışılan mövzu müharibənin necə dayandırılmasıdır. Türkiyənin sülh cəhdlərini ABŞ-ın blokladığı aydındır. Bu 9 ayda Bayden bəlkə də 10 dəfə çaşıb, arvadının adını dəyişik salıb, prezident postunda kimin oturduğunu unudub, amma o çaşmaqlarının birində də ağzından yanlışlıqla da olsa “Ukrayna-Rusiya danışıqları…” yarımifadəsi çıxmayıb. Niyə? Çünki olan-qalan beyni müharibənin davam etməsinə, Ukraynın daha da zəlil günə qalmasına fokuslanıb.

Ukraynada Baydenin ailə biznesi olub. Nə olsun, Trampın da Bakıda hoteli vardı, deyə bilərsiz? Ukrayna ilə Bayden ailəsini birləşdirən sirlər çox dərindir, bəziləri üzə çıxır, amma demokrtalar Ağ Evdən gedəndən sonra daha çox həqiqət bilinəcək. Adam hərdən qara-qara düşünür ki, bunların Ukraynada nə zibilləri vardı ki, onu ancaq Rusiyanı müharibəyə təhrik, ölkəni isə darmadağın etməklə ört-basdır etmək istədilər…

Zelenskinin Amerikanın aləti olduğunu deyənlərin qınandığını bilirəm, amma bu heç nəyi dəyişməz. Köhnə müxalifətçilərin hələ də Amerikanın ətəyindən yapışdığını görürük, inanırlar ki, Vaşinqton qırğıları ədalət tərəfdarı kimi Ukraynanı müdafiə edirlər. Bu da onların mövqeyidir, hörmət etmək lazımdır. Bu müharibədə udan Amerikadır hələ ki, uduzan isə Rusiya və Ukrayna…Bunun nəyi ədalət oldu ki?

ABŞ Krım körpüsündə partlayışı bəyənmədi, Amerika qəzetlərinin palaz-palaz yazıları onunla nəticələndi ki, Ukrayna xarici işlər naziri səviyyəsində “biz etmişik” bəyanatını prezident Zelenski “geri oxudu”.

Amerikanın “quyruğuna bağlanmaq” indi o həddə çatıb ki, əraziləri olan Xersonu geri almaq cəhdlərinin arxasında da ABŞ-ın istəyi dayandığı haqda iddialar meydan sulayır. Ekspertlər hesab edir ki, Zelenski noyabrın 8-dək-yəni Baydenin partiyası üçün çox mühüm olan Konqresə aralıq seçkilərədək ya Xersonu, ya da Zaporojye AES-i geri almalıdır ki, amerikalı seçicinin gözünə nəsə görünsün, pulun Ukraynada havayı xərclənmədiyi sübut olunsun.

8 noyabr Azərbaycan üçün çox mühüm tarixlərdən biridir. Zelenski Ukrayna üçün də bu tarixi əbədiləşdirmək istəyərsə, nə xoş…

Nazim SABİROĞLU