23 Dekabr 2024

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bəyanat yaydı

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi başsağlığı və dəstək bəyanatı yayıb.

Media1.az-ın təqdim etdiyi  başsağlığı və dəstək bəyanatında deyilir:

Sentyabrın 13-də 2022-ci il tarixdə faşist ideologiyası ilə bəslənən terrorçu Ermənistan ordusunun hərbi təxtibatı, bir sıra dövlətlərin mərkli hədəfləri doğrultusunda Azərbaycanın dövlətçiliyinə qarşı yönəldilmiş və Azərbaycan Milli Ordusunun qəhrəmanlığı nəticəsində məğlubiyyətə uğradılmış bir təxribat planı idi. Bu plan Azərbaycanın regional sülh və əməkdaşlıq istiqamətində göstərdiyi səylərə və irəli sürdüyü sülh sazişinin imzalanması üçün diplomatik təşəbbüslərə, onun bölgədə sülhün təminatçısı kimi güclü bir dövlətə çevrilməsinə və qlobal münasibətlərdə geostratejik önəmə sahib olmasına mane olmaq məqsədi daşıyırdı. Müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks hərbi əməliyyatlar nəticəsində bu plan darmadağın edildi, 100 kvadrat kilometrlik ərazi və hakim yüksəkliklər ələ keçirildi.

Düşmənin 400-dən çox canlı qüvvəsi, çox sayda hərbi infrastruktur məhv edildi. Azərbaycana qarşı aparılan bu mərkli siyasətdə Fransa başda olmaqla, Ermənistana dəstək verən İran adlanan ölkənin də xüsusi rolu var. Azərbaycan dövlətinin güclənməsi ilə barışmayan İran, ermənipərəst mövqeyini hər zaman göstərib və indi də Azərbaycanda etnik, dini və siyasi zəmində radikal qüvvələrin formalaşması istiqamətində davamlı iş aparır. İranın Azərbaycana qarşı düşmənçiliyinin qarşısında duran əsas güc Güney Azərbaycanın stratejik mövqeyi və onun getdikcə güclənən milli azadlıq hərəkatıdır. Bu gücün doğru dəyərləndirilməsi İranın bölgədə apardığı terror fəaliyyətinin kəskin şəkildə zəiflədilməsi, regionda Azərbaycanın apardığı sülh və əməkdaşlıq təşəbbüslərinin reallaşması və terrorçu Ermənistanın təxribat fəaliyyətlərinin durdurulması deməkdir.

Biz, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq, ermənilərin törətdikləri son hərbi təxribat nəticəsində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman hərbiçilərimizi sayğı ilə anır, onlara Tanrıdan rəhmət və yaralılarımıza şəfa diləyir, Ali Baş komandan cənab İlham Əliyev başda olmaqla Milli Ordumuza, Vətənimiz Azərbaycan uğrunda şəhid olan qəhrəman hərbiçilərimizin ailələrinə və Millətimizə dərin hüznlə başsağlığı veririk. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) bəyan edir ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı özünün milli-siyasi tutumu ilə İranın Azərbaycana qarşı təxribatının qarşısında möhkəm duracaq və milli güc olaraq hər zaman Azərbaycanın dövlətçiliyinin yanında olacaq.