22 İyun 2025

“Yuxudan salamat oyanmısansa, bu, artıq xoşbəxtlikdir” – Odessa sakini şəhərdəki vəziyyətdən danışdı

“Bu gün müharibənin neçənci günü olduğunu bilmirəm. Rəsmi mənbələrdə 35-ci olduğu bildirilir. Ancaq sadə insanlar üçün yalnız bir gün var – bu gün. Yuxudan salamat oyanmısansa, bu, artıq xoşbəxtlikdir. Şəxsən mənim, ölkəmdə müharibə getdiyini tam başa düşməyim bir ay çəkdi. Anlayış var idi, amma beyin uzun müddət bunu dərk etmək istəmirdi”.

Bunu Media.Az-a Odessa sakini Yelizaveta Qavrilova Rusiyanın Ukraynadakı genişmiqyaslı əməliyyatları ilə bağlı şəhərdəki vəziyyət barədə danışarkən deyir.

Onun dediyinə görə, hər axşam yuxuya gedərkən bütün yaşananların kabus olduğunu və sabah səhərdən hər şeyin yenidən yaxşı olacağını düşünür.

“Ancaq gecə sirena səsləri insanın xəyallarını məhv edərək acı həqiqətə qaytarır. Son iki həftə nə barədəsə düşünmək çətin oldu. Daimi hava hücumu xəbərdarlığı normal yatmağınıza imkan vermir. Sonra isə çarpayıda uzanarkən partlayışlar eşitdiyinizi təsəvvür edin. Və növbəti raketin evinizə dəyəcəyinizi bilmirsiniz. Beynimdə daimi bir sual var: Sabah həqiqətən gələcəkmi? Buna alışmaq mümkün deyil, ancaq uyğunlaşmaq olar. Ona görə də uyğunlaşırıq”, – deyə Yelizaveta Qavrilova hislərini bölüşür.

Onun sözlərinə görə, Odessa da alışmağa və adaptasiya olmağa başlayır. Şəhər rəhbərliyi insanları biznes açmağa və işlərini davam etdirməyə çağırır. Axı iqtisadiyyat donmamalıdır.

“Belə yaşayırıq – sirenadan sirenaya, mağazaların iş saatlarına və komendant saatının başlamasına görə. Elə bil ki, qismən yaşayış yoluna düşür, ancaq bu, Rusiyanın növbəti gəmisinin Odessa vilayətinin sahillərinə doğru üzdüyü ana qədər davam edir. Onlar bizi qorxutmağa, psixoloji cəhətdən sıxışdırmağa çalışırlar. Onların PUA-ları heç bir şansı əldən vermir. Amma Silahlı Qüvvələrimiz, HHM qüvvələri sağ olsun! Yalnız bunun sayəsində sabah üçün şansımız var”, –  deyə o, izah edir.

Yelizaveta Qavrilova deyir ki, bu gün Ukrayna xalqı dövlət və ordu ilə birdir.

“Biz başa düşürük ki, qələbə hər birimizdən asılıdır. Mənim ailəm, məsələn, müdafiə üçün qum yığmağa, kamuflyaj torlarını toxumağa kömək edir. Hökumət də öz növbəsində çox düzgün və vaxtında qanunlar qəbul edir. Məsələn, hərbi əməliyyatların harada və nə vaxt baş verdiyi barədə materialların dərcini qadağan edir. Bundan başqa, bir gün əvvəl insanların həyatını asanlaşdırmaq üçün qanun qəbul edilib. Məsələn, bir sıra vergilər ləğv edilib, insanlar dövlətdən maddi yardım alır və s.”, – deyə odessalı vurğulayıb.

Qələbə Gününü xatırlayarkən, o, 9 Mayın ailə dairəsində necə qeyd olunduğunu danışır.

“Qələbə bayramını qeyd edəndə nənə və babam tez-tez dua edirdilər ki, Allah bir daha müharibə göstərməsin. Düzünü desəm, 21-ci əsrdə – müasir texnologiya və heyrətamiz kəşflər əsrində müharibənin episentrində olacağımı təsəvvür belə edə bilməzdim. Heç vaxt düşünməzdim ki, hansı növ raketlərin və silahların mövcud olduğunu, onların necə səs çıxardığını və uçuş trayektoriyasını, müxtəlif növ xəsarətlər zamanı necə yardım göstəriləcəyini və s. öyrənməli olacağam. Amma təəssüf ki, Ukrayna xalqının azadlığının qiyməti budur. İnanırıq ki, qələbədən sonra bizi sürətli inkişaf gözləyir, çünki bütün dünya Ukraynanın harada olduğunu, xalqımızın necə cəsur və güclü olduğunu öyrəndi. Ancaq bir məsələ hələ aydın deyil: daha nə qədər insan öləcək və şəhərlər dağıdılacaq?” –  deyə Yelizaveta sözlərini yekunlaşdırıb.