Ermənistan Rusiyanın orbitindən necə qaçır?
![](https://media1.az/wp-content/uploads/2022/03/taleh43.png)
Yaxud Fərrux yüksəkliyindən görünən Ukrayna savaşı
Ermənistanın müstəqilliyi uğurlu alınmadı. İrəvan qeyri-sistemli və qeyri-ardıcıl süni bir dövlətin paytaxtı olaraq təkcə Qafqazın deyil, əslində, yeni dünyanın təhlükəsizlyini təhdid edən faktordur. Bu mülahizənin nə qədər dəqiq olduğunu Ermənistanın SSRİ-nin dağılma prosesindən faydalanb Azərbaycan torpaqlarını işğal etməsi ilə və Azərbaycanın öz ərazilərini azad etmək üçün apardığı 44 günlük savaş zamanı hər kəs fərq etdi. 44 günlük savaş zamanı Ermənistan Qarabağa xaricdən muzdlu döyüşçülər gətirməklə kifayətlənmir, – bu, regionda sabitliyi uzun müddət ərzində pozmağa xidmət edirdi- Rusiyanı tərəf olaraq cəng meydanına çəkməyə çalışır, Kremldən öz niyyətinə dəstək ala bilməyəndə isə, Moskvanın ənənəvi rəqiblərinə üz tutaraq hərbi və diplomatik yardım istəyirdi. Bu, faktiki olaraq III dünya müharibəsinin Qarabağdan başlatmaq istəyi idi. Zira, Azərbaycanın qətiyyəti, Rusiya prezidenti Vladimir Putinin maksimum təmkinli davranışları müqabilində Ermənistanın faşist ruhu dünya üçün qara magiyaya çevrilə bilmədi.
Bu gün Rusiya rəsmi bəyanına görə, Ukraynada hərbi əməliyyat aparır. Bu əməliyyatın məram və məqsədləri mübahisəyə açıqdır demək, məsələni həddindən artıq yumşaltmaq olar. Az qala bütün dünya Rusiyanı Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə, suverenliyini və müstəqilliyini aradan qaldırmaqda ittiham edir. Rusiya isə hər dəfə vurğulayır ki, onun məqsədlərindən biri də Ukraynadakı neo faşistləri təmizləməkdir. Məlum, anti-faşizm Rusiyanın dövlət zehniyyətində və xarakterində əsas xüsuslardan biridir. Ukrayna prezidentinin Volodomir Zelenski, Zelenskinin isə etnik mənşəcə yəhudi olması Rusiyanın “dövlət əsəbləri”nə toxunan faşizmin Ukrayna cəmiyyətinin bir hissəsində kök atmağa başlaması faktını görməzlikdən gəlməyə yetmir. Ukrayna Ali Radasının keçmiş deputatı və polkovnik Andrey Yevgeneviç Bletski şovinist “Sağ sektor” blokunun ideoloqlarından biridir. O, “Ukrayna patriotları” hərəkatına və Sosial-Nasional Assambleyaya rəhbərlik edir. Bletski və tərəfdarları Adolf Hitlerlə eyni ideologiyanın- nasional sosializmin daşıyıcısı olduqularını nəinki gizlədir, hətta bunu açıq-açıq öz platformalarında yazır, faşist svastikanın bir az əyilmiş forması olan emblemlərini isə keçirdikləri bütün aksiyalarda nümayiş etdirirlər. Belədə sual yaranır: ilk növbədə Bletski və tərəfdarlarını nəzərdə tutaraq Ukraynada heç də hakimiyyətdə olmayan faşistlərə qarşı qoşun çıxaran Rusiya, bəs necə olur ki, faşizmin erməniləşmiş variantı olan tsexokronizmin “dövlət ideologiyası” olduğu Ermənistanı KTMT-də öz müttəfiqi kimi görə, hətta onun 44 günlük savaşda şil-küt olmuş ordusunun bölmələrini Qazaxstana apara bilir?
Ermənistan ən radikal millətçilərinin də etiraf etdiyi kimi, dövlət identifikasiyasına malik deyil. Ermənistanda milli identifikasiyasını təmin edən iki əsas amildən biri məhz tsexokronizmdir. Müəyyən qədər eks-prezidentləri Levon Ter Petrosyan istisna olmaqla, Ermənistanın bütün keçmiş və indiki rəhbərliyi məhz tsexokronizm ideologiyasının daşıyıcısıdırlar. Sivil siyasi institutlarının otutuşmaması və dövlət identfikasiyasının olmaması Ermənistanı tez-tez iqtidar dəyişikliyinə sövq edib. İrəvanda baş verən iqtidar dəyişikliklərini “demokratiya” kimi görmək gerçək demokratiyaya qarşı ən böyük böhtan olardı. Əgər günlərin birində bir ölkədə prezidentin ikinci vətəndaşlığı ortaya çıxırsa, həmin ikinci ölkəni siyasi xəritədə “Google” belə axtarıb tapmağa çətinlik çəkirsə, dövlət başçısı xarici səfərə gedir və istefa bəyanatı yazaraq oradan geri qayıtmırsa, həmin coğrafiyada ciddi və müstəqil bir dövlətdən bəhs etmək mümkün deyil. Ancaq bu cür qeyri-ciddi, qeyri-müstəqil, sözün bütün mənalarında parakəndə bir “dövlət” üçüncü dünya müharibəsi çıxarmağa yaxın bir vəziyyət yarada bilirsə, bunun da bir səbəbi olmalıdır. Bu səbəb tsexokronizmdir. Məhz tsexokronizm Ermənistanı daim Rusiyanın orbitindən çıxmağa, yeni havadarlar axtarmağa, ilk fürsətdə Moskvaya qarşı cəbhələrə keçməyə sövq edir.
Əgər xatırlayırsınızsa, Ermənistanda anti-Rusiya mitinqlərinin fəallarından olan, Rusiya prezidenti Vladimir Putinə qarşı təhqiramiz plakat qaldıran Ermənistanın indiki xarici işlər naziri Ararat Mirzoyan bu günlərdə Gürcüstana telefon açmışdı. Bu telefon danışığı barədə ictimaiyyətə açıqlanan press-relizdəki növbətçi cümlələri bir kənara qoyaq. Fakt odur ki, hazırda Ermənistan Gürcüstanla yaxınlaşmağa can atır və bu heç də Qafqazın üç dövlətindən ikisinin yerli şərtlərdən irəli gələn mehribanlaşma cəhdi kimi görünmür. Prosesin Ukraynadakı savaş fonunda getdiyini nəzərə alanda, başa düşmək çətin deyil ki, Ermənistan Gürcüstana, Gürcüstan üzərindən Qərbə “ilıq mesajlar” verməklə “Rusiya ilə bir yerdə deyilik” rəyi yaratmağa çalışır. Bir tərəfdən Moskvanın üzləşdiyi sanksiyalar, digər tərəfdən isə Ukraynanın dirənişi müqabilində Rusiya ordusunun Ukraynada sürətlə irəliləyə bilməməsi Paşinyanı NATO-ya meyilləndirir. Halbuki, ötən ilin dekabrında Şərq Tərəfdaşlığı sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular, Nikol Paşinyan həmin toplantıya qatılmağa, sadəcə, cəsarət edə bilməmişdi. Hafizəmizi təzələyək, prezident Əliyev toplantıya qatılmış, NATO Baş katibi Stoltenberq ilə görüşmüşdü. Həmçinin NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etmişdi. İclas 2 saatdan artıq çəkmişdi. NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirmişdilər. Eyni zamanda, Gürcüstan rəhbərliyi də NATO-ya səfər etmiş və müvafiq görüşlər keçirmişdi. Özünü Rusiyanın vassalı kimi aparan Paşinyan indi Gürcüstana yaxınlaşmaqla və ya Gürcüstanla yaxınlaşma fonu yaratmaqla vassallar üçün ənənəvi “U” dönüşü etməyə hazır olduğunu nümayiş etdirir.
Son bir neçə gündə Qarabağda erməni təxribatlarının güclənməsini də elə bu prosesin tərkib hissəsi kimi qarşılamaq lazımdır. Diqqətdən yayına bilməz ki, Ermənistan Qarabağda gərginliyin artmasından həmişə kimi Azərbaycanı məsul tutmağa çalışır, ancaq bu ağ yalanını və böhtanını yeni bəhanələrə bürüyür. Ermənistan belə rəy yaratmağa çalışır ki, guya Azərbaycan Rusiyanın başının Ukraynaya qarışmasından istifadə edərək Xankəndi və ətrafında “etnik təmizləmə” həyata keçirməyə çalışır. Əvvəla, Azərbaycanın belə məqsədi olsaydı, bunu 44 günlük müharibəni cəmi bir neçə gün uzatmaqla edə bilərdi, onda bölgədə Rusiya sülhməramlıları heç yox idi. Digər tərəfdən Azərbaycanın da, Türkiyənin Rusiya-Ukrayna savaşında tutduğu mövqe bəllidir: Bakı və Ankara tərəfləri münasibətlərini danışıqlar masasında aydınlaşdırmağa çağırır, bunun üçün ciddi diplomatik çaba göstərir, dialoq üçün ev sahibliyi təklif edir. Prezident Əliyev və cümhurbaşqanı Ərdoğan təcrübəli siyasətçilər olaraq başa düşürlər ki, savaş günü gec-tez bitəcək və həmin günün sonunda tərəflər masa arxasında oturmalı olacaqlar. Ancaq diqqət edirsinizsə, “günün sonunda” vasitəçi olmağa can atan başqa bir dövlət də var- Fransa! Fransa prezidenti bir tərəfdən Rusiyanın həm də Ukraynadakı əsas rəqibi ABŞ-la yaxınlaşır, digər tərəfdən Makron Putinlə əlaqəsini kəsmir. Makron Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış edən Türkiyə və Azərbaycanın diplomatik müstəvidə sıxışdırmaq istəyir. Bunun üçün Makrona Rusiya ilə Azərbaycan və Türkiyə arasında gərginlik yaratmaq, çoxsaylı təzyiqlərə rəğmən qorunan münasibətləri pozmaq lazımdır. Bunun üçün Fransa Ermənistandan maşa kimi istifadə edir.
Ukrayna savaşında Qərbin iqtisadi təzyqləri və Kiyev hakimiyyətinə dolayı hərbi yardımları ilə üzləşən Rusiya özünə qarşı koalisiyanı parçalamağa çalışır. Bu, heç kimə gizli və sirrli bir məqsəd deyil. ABŞ prezidenti Co Bayden də Polşaya səfərində bu barədə açıq danışdı, hətta Vladimir Putinə ismarıc yolladı ki, NATO-da ikitirəlik sala bilməyəcəksən. Ancaq diplomatiyada bir qayda var. Bu sayaq bəyanatlar adətən narahatlıqdan doğur və ikibaşlı verilir. Yəni Co Baydenin mesajı təkcə Putinə deyil, həm də NATO-dakı potensial ikinci tirəyə- ilk növbədə Fransaya ünvanlanıb. Situasiya belədir ki, Rusiya Ukrayna məsələsini çözmək üçün ilk növbədə Fransa ilə, amma həm də ABŞ-la Ukraynadan kənarda “ortaq mövqelər” axtarır. Bu “ortaq mövqe” axtarışı Rusiya Müdafiə və Xarici işlər nazirliklərinin Qarabağdakı vəziyyətlə bağlı verdikləri açıqlamaların məzmunun Ağ ev və Avropa Birliyindən verilən bəyanatlarla həddən artıq oxşar olmasında özünü büruzə verir. Bütün bunlar baş verərkən Ermənistanın Baş naziri isə ard-arda “sülhpərvər” bəyanatlar verir, amma sözarası bir şərt irəli sürür: sülh danışıqları ATƏT-in Minsk Qrupu həmsədrləinin vasitəçiliyi ilə getməlidir. Əlbəttə, Nikol çox yaxşı başa düşür ki, Ukraynada kəllə-kəlləyə gələn ABŞ və Rusiya, diplomatik arqo ilə desək, “haqlı arxa qorxusu” keçirən Fransa ATƏT-in Minsk Qrupunu yenidən dirçəltmək üçün, hər şey bir yana, ən azı zamana ehtiyac duyacaqlar. Ancaq bu zaman heç də Ermənistanın lehinə işləmir. Bunun ən bariz örnəyi Fərrux insidentidir.Ətraflı
Azərbaycanın Xocalı rayonunda yerləşən Fərrux kəndi artıq nəzarətimizdədir və eyni adlı yüksəklikdə üçrəngli bayrağımız dalğalanır. Bu nəticə Azərbaycanın incə və təmkinli siyasət yürütməsinin yekunudur. Bəs, problem nədən qaynaqlanırdı? Bu barədə açıq danışmaq lazımdır. Bəli, Qarabağdakı Rusiya sülməramlıları 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etmir, onu hər fürsətdə pozur və üzərlərinə düşməyən işlərlə məşğul olurlar. Halbuki bu günə qədər Üçtərəfli Bəyanatın şərtlərindən biri- Xankəndi və çevrəsindəki işğalçı ordunun qalıqları Azərbaycan torpaqlarından çıxarılmayıb, çətə başçısı Arayik Arutyunyan həbs olunaraq Azərbaycana təhvil verilməyib. Bu, həm də fevralın 22-də Rusiya ilə imzalanmış müttəfiqlik münasibətləri haqda bəyanata da zidd deyilmi? Əgər Rusiya üzərinə götürdüyü öhdəliklərə əməl etməyəcəksə, o zaman onun “sülhməramlı missiyası”nın Qafqazda iflasa uğraması barədə Azərbaycan cəmiyyəti açıq danışmalı və ölkədə çıxarılması üçün hərəkətə keçməli olacaq.
Taleh ŞAHSUVARLI