Bayden G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etmək üçün Brüsselə gedəcək

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Ukrayna məsələsi ilə bağlı Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
AZƏRTAC Ağ evin saytına istinadla xəbər verir ki, martın 24-də baş tutacaq səfər zamanı Bayden Ukraynadakı mövcud vəziyyətin müzakirə olunacağı NATO-nun fövqəladə sammitinə qatılacaq.
ABŞ Prezidenti, həmçinin Ukraynada müharibədən zərər çəkənlərə humanitar yardımın göstərilməsi, münaqişə ilə bağlı digər problemlərin həll edilməsi və transatlantik səylərin müzakirəsi üçün planlaşdırılan Avropa Şurasının sammitinə qatılacaq.
Günün sonunda Cozef Bayden ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə Ukraynadakı vəziyyətin əlavə müzakirəsi üçün G7-nin (Böyük Yeddilik) Almaniya tərəfindən çağırılan toplantısında iştirak edəcək.