07 Fevral 2025

Özünüməşğulluq proqramı üzrə daha 200 şəxs üçün kiçik bizneslər yaradılıb

Daha 200-dək şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramı çərçivəsində bu gün daha 200-dək işsiz şəxsə mal və materiallar formasında aktivlər təqdim edilib. Verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.

Qeyd edək ki, bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 2500-dən çox işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.