Ərdoğan Putinlə necə anlaşdı: Ukrayna Rusiyaya əsas şərtlərini diqtə etməyə çalışır
Türkiyənin Lavrov-Kuleba görüşünə nail olması elə indidən irəliyə doğru önəmli addım hesab olunur, əgər, sülhə ümid yaranarsa, bu, həm Rusiya və Ukraynanın, həm də bütün dünyanın gələcək taleyini dəyişə bilər; Rəsmi Ankaranın son uğurları Türkiyənin dünya məkanında önəmli geopolitik oyunçuya çevrilmək üzrə olduğunu təsdiqləyir…
Ukrayna savaşı bu müharibənin birbaşa iştirakçılarına öz sarsıdıcı zərbələrini vurmaqda davam edir. Hazırda həm Ukrayna, həm də Rusiya üçün danışıqlar prosesi vazkeçilməz şərtə çevrilməyə başlayıb. Və müşahidələr göstərir ki, Qərb ölkələri tərəfindən bütün imkanlar daxilində dəstəklənən Ukraynadan daha çox məhz Rusiya üçün danışıqlar masası önəmli faktor statusu qazanmaqdadır.
Təbii ki, belə vəziyyətin yaranmasında Rusiyanın Ukrayna savaşında üzləşdiyi uğursuzluğun inkaredilməz təsiri mövcuddur. Belə ki, Kreml Ukraynada sürətli hərbi qələbə planını reallaşdıra bilmədi. Savaş uzandıqca isə Rusiyanın itkiləri və beynəlxalq sanksiyaların təsiri də artır. Bu baxımdan, Kremlin tədricən danışıqlar masasının arxasında oturmağa meyillənməsi qətiyyən təəccüblü deyil. Halbuki, Rusiyaya qarşı birləşmiş ABŞ və Qərb ölkələrinin belə asanlıqla savaşdan çıxmasına inkan verəcəkləri də hələlik qətiyyən inandırıcı görünmür.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ukrayna savaşının başlanması ilə özünün əsas hədəfinə artıq nail ola bilib. Bu savaşın başlanması ABŞ və Qərb üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə bəhanə qazanmaq baxımından, lazım idi. Rusiyaya qarşı olduqca ağır sanksiyalar tətbiq olunduğundan Ukraynada baş verənlər bundan sonra ABŞ və Qərb üçün artıq prinsipial əhəmiyyət daşımır.
Yəni, ABŞ və Qərb Ukraynanı “qurban” kimi seçmişdi. Rusiya isə bu “qurbanı” qəbul edib, ABŞ və Qərbin tələsinə düşmüş oldu. Ona görə də, Qərb siyasi dairələri hazırda Ukraynanın taleyindən daha çox Rusiyanın “savaş bataqlığı”nda mümkün qədər uzun müddət ilişib, qalmasının yolları üzərində düşünürlər. Böyük ehtimalla ABŞ və Qərb Ukraynada partizan müharibəsi modelini planlaşdırmaqla, məhz Rusiya üçün “çöküş mərhələsi”ni təmin etməyə çalışır.
Təbii ki, həm Ukrayna, həm Rusiya ABŞ və Qərbin bu hiyləgər planını anlayırlar. Bu planın reallaşdırılması həm Ukraynaya, həm də Rusiyaya qətiyyən sərfəli deyil. Rəsmi Kiyev də ABŞ və Qərbin bu planlarından narazıdır. Hətta artıq prezident Volodimir Zelenski ABŞ və Qərbə güvənmədiyini də açıq şəkildə biruzə verir. Və NATO-nu Rusiyadan qorxmaqda belə, ittiham edir.
Yəni, prezident Volodimir Zelenski ABŞ və Qərbin Ukraynanı Rusiya üçün ikinci Əfqanıstana çevirmək planlarından qətiyyən məmnun deyil. Bu baxımdan, Rusiya ilə ABŞ və Qərbin birbaşa iştirakı olmadan danışıqlar aparılmasının daha effektiv ola biləcəyi düşünür. Və bu səbəbdən də rəsmi Kiyev Türkiyənin vasitəçilik missiyasına kifayət qədər həssas yanaşır.
Anlaşılan odur ki, Ukrayna savaşına münasibətdə dünyada yalnız Türkiyənin vasitəçi dövlət statusuna uyğun gəldiyini hər iki qarşıduran tərəf birmənalı şəkildə qəbul etməyə başlayıb. Çünki, rəsmi Ankaranın həm Ukrayna, həm də Rusiya ilə çox yaxın tərəfdaşlıq münasibətləri mövcuddur. Üstəlik, Ukrayna savaşı Türkiyənin millki maraqlarına qətiyyən cavab vermir. Rəsmi Ankara Türkiyənin sərhədləri ətrafındakı bölgədə belə bir savaşın olmasını qətiyyən istəmir.
Digər tərəfdən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ savaş başlanmazdan xeyli əvvəl hər iki tərəfə bütün problemləri həll etmək üçün danışıqlar masası arxasında Türkiyənin vasitəçiliyini təklif etmişdi. Yəni, rəsmi Ankaranın mövqeyi əvvəlcədən məlum idi və barışdırıcı xəttin əsas daşıyıcısı olduğu bilinirdi. Ona görə də, həm rəsmi Kiyev, həm də Kreml Türkiyəyə güvənə biləcəklərini anlayırlar.
Bütün bunlar onu göstərir ki, Türkiyə hər iki savaşan tərəfin qəbul edə biləcəyi yeganə potensial vasitəçi statusuna sahibdir. Rusiya və Ukrayna xarici işlər nazirləri də Türkiyənin vasitəçiliyi ilə Antalyada görüşməyə artıq razılıq veriblər. Və bu, Ukrayna savaşının dayandırılmasında irəliyə doğru önəmli addım sayıla bilər.
Digər tərəfdən, hər iki tərəfin bu görüşdə məhz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakında israr etmələri də rəsmi Ankaranın beynəlxalq orbitr roluna güvənildiyini təsdiqləyir. Çünki, həm Kreml, həm də rəsmi Kiyev Türkiyənin vasitəçiliyi ilə aparılacaq danışıqlara başqalarının kənardan pozucu məzmunlu müdaxiləsinin mümkün olmayacağına da əmindirlər. Bu isə Türkiyənin demək olar ki, təkbaşına dünya qarşısında kifayət qədər ciddi məsuliyyət götürdüyünü biruzə verir.
Beləliklə, hazırda Ukrayna savaşını dayandıra biləcək yeganə dövlət məhz Türkiyə hesab olunur. Hər iki hərbi münaqişə tərəfinin Türkiyəyə güvənməsi isə rəsmi Ankaranın əlini daha da gücləndirməklə yanaşı, onun işini də nisbətən asanlaşdıra bilər. Hətta prezident Volodimir Zelenski məhz Türkiyənin Ukrayna üçün əsas təhlükəsizlik qarantı ola biləcəyini rəsmən bəyan etmişdi.
Bu baxımdan, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya görüşü həm önəmlidir, həm də böyük maraq doğurur. Əgər, Türkiyənin xarici işlər naziri bu görüşdə münaqişə tərəflərini az da olsa, bir-birinə yaxınlaşdıra bilərsə, bu, sülh danışıqlarının önünü daha da aça bilər. Bu halda, prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna dövlət başçılarını da danışıqlar masası arxasına çəkə bilməsi nisbətən asanlaşmış olar.
Belə anlaşılır ki, Türkiyə hazırda qlobal savaşa çevrilə biləcək bir müharibənin dayandırılması ilə bağlı yeganə vasitəçi ölkə statusunu qazanıb. Üstəlik, hər iki savaşan ölkənin – Rusiya və Ukraynanın gələcək taleyi də indi müəyyən mənada, Türkiyənin vasitəçilik missiyasından asılı vəziyyətə düşmüş kimi görünür. Həm Kremlin, həm də rəsmi Kiyevdən Türkiyənin təqdim etdiyi sülh şansını necə dəyərləndirəcəkləri isə tezliklə aydınlaşacaq.
Məsələ ondadır ki, Rusiyanın sülh anlaşması üçün irəli sürdüyü şərtlər hələlik qəbuledilməz məzmun daşıyır. Çünki Kreml Ukraynadan Donbas separatçılarının “müstəqilliyini” tanımağı, Krimı Rusiya ərazisi kimi qəbul etməyi, NATO-ya üzvlükdən imtina olunmasını və neytral ölkə statusu qazanılmasını tələb edir. Halbuki, ilk iki şərt Ukraynanın ərazi bütövlüyünü inkar etdiyindən rəsmi Kiyevin razılaşacağı qətiyyən inandırıcı deyil. Və bu baxımdan, Kremlin öz şərtlərinə düzəliş edərək, yumşaltması lazım gələ bilər.
Əslində, Ukrayna xarici işlər naziri Dmitri Kulebanın görüş öncəsi açıqlaması da rəsmi Kiyevin Kremlə alternativ şərtlərinin olduğunu sezdirir. D.Kuleba Türkiyəyə Ukraynanın güclü mövqeləri ilə getdiyini vurğalamaqla yanaşı, rəsmi Kiyevin atəşkəs, ölkə ərazilərinin azad edilməsi, Rusiya ordusunun yaratdığı humanitar fəlakətlərin önlənməsindən ibarət 3 şərtini də səsləndirib. Və hesab edir ki, Kreml bu şərtlərə qarşı çıxarsa, anlaşma ehtimalı olmayacaq.
Digər tərəfdən, Dmitri Kuleba Rusiyanın xarici işlər nazirləri səviyyəsində danışıqlara razılaşmasından təəccübləndiyini də qətiyyən gizlətməyib. Onun sözlərinə görə, rəsmi Kiyev dəfələrlə müraciət etsə də, Kreml son iki il ərazində belə görüşlərdən həmişə imtina edib: “İndi biz bilmirik ki, prezident R.T.Ərdoğan Putini, yaxud da M.Çavuşoğlu da S.Lavrovu belə görüşün keçirilməsi üçün necə razı sala biliblər”.
Anlaşılan odur ki, Türkiyənin Lavrov-Kuleba görüşünə nail olması elə indidən irəliyə doğru önəmli addım hesab olunmaqdadır. Əgər, bu görüş sülhə ümid yaradarsa, həm Rusiya və Ukraynanın, həm də bütün dünyanın gələcək taleyində xüsusi rol oynaya bilər. Bu baxımdan, Türkiyənin dünya məkanında önəmli geopolitik oyunçuya çevrilmək üzrə olduğu qətiyyən şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu