22 Noyabr 2024

Ukrayna ilə müharibə iqtisadiyyatı çökdürüb: Rusiya hələ bu cür problemlə üzləşməyib – TƏHLİL

Müharibənin ilk günlərindən etibarən Rusiya iqtisadiyyatı böyük itkilər verib. Hazırkı məhdudiyyətlər 2014-cü ildə Krımın ilhaqı və Donbasdakı hadisələrə cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyalarla müqayisədə daha ağır hesab edilir.

Ukraynaya qarşı müharibə rublu və Rusiya iqtisadiyyatını necə çökdürür?Beynəlxalq reytinq agentliyi “Moody’s” Rusiya iqtisadiyyatının 2022-ci ildə sanksiyalar və onların nəticələrindən dolayı 7 faiz azalacağına dair proqnoz verib. Analitiklərin fikrincə, Rusiyanın ÜDM-i 2023-cü ildə də azalmağa davam edəcək. Rublun davamlı ucuzlaşması inflyasiyanın artması və həyat səviyyəsinin aşağı düşməsi kimi ciddi iqtisadi nəticələrə gətirib çıxaracaq.

Vurğulanıb ki, Rusiyanın neft və qaz ixracından xarici valyutanın daxil olması sanksiyaların təsirini azalda bilər, lakin Qərbin Rusiyaya qarşı gələcək sanksiyaları “valyuta və hökumət gəlirlərinin mühüm mənbəyinə” təsir göstərəcək.

Müharibənin ilkin dağıdıcı təsirləri

Müharibə ilk növbədə rublun çökməsi ilə nəticələndi. 2022-ci ilin sonuna qədər Rusiya milli valyutasının illik müqayisədə 100-150 faiz devalvasiyaya uğrayacağı ehtimal edilir. Ötən günlərdə dollar və avro rubl nisbətində tarixi maksimuma çatdı. Hazırda 1 dollar 105,8 rubl, 1 avro 115,6 rubldur.

ABŞ və Avropa İttifaqının Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarına çıxışını məhdudlaşdırmasının vəziyyəti daha da ağırlaşdırması gözlənilir. Ekspertlər bildirir ki, Rusiya kimi böyük bir dövlətin Mərkəzi Bankının xarici aktivlərinin dondurulması çox ciddi addımdır. Nəzərə alsaq ki, Rusiya Mərkəzi Bankına qarşı heç vaxt sanksiyalar tətbiq olunmayıb və Federasiyanın ən böyük bankları heç vaxt SWIFT-dən ayrılmayıb, onların, eləcə də sahibkarların və Kremlin yaxın çevrəsinin aktivləri dondurulmayıb. Bütün bunların idxal-ixrac əməliyyatlarına da təsir edəcəyi qeyd edilir.

Baş verənlər fonunda Mərkəzi Bank uçot dərəcəsini kəskin şəkildə, tarixi rekord hesab edilən – 20 faizə qədər qaldırıb. Rusiya bankları kredit və əmanətlər üzrə faiz dərəcələri artırıb, bəziləri isə əhaliyə kredit verilməsini dayandırıb.  

Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının bloklanması rublun dəyərini müəyyən edən aktivləri sual altında qoyur. Söhbət müharibənin əvvəlində dəyəri 643 milyard ABŞ dollarına çatan qızıl-valyuta ehtiyatlarından gedir.

Ötən günlərdə Rusiyada yaranan kəskin xarici valyuta qıtlığının qarşısının alınması üçün Vladimir Putin fərman imzaladı. Bununla da Rusiyadan xarici valyuta çıxarılması və xarici investorlara Rusiya bazarında qazanılan pulları Federasiyadan kənara çıxarılmasına məhdudiyyət qoyuldu. Bu uzun müddət üçün ölkəni xarici investisiyalardan məhrum edəcək. Çünki heç bir xarici şirkət sərt kapital nəzarəti tətbiq edilən ölkəyə sərmayə qoymaq istəməz.

Rusiyalı ekspertlər və iqtisadçılar vəziyyətin ağır olduğunu təsdiqləyirlər

Ukraynaya qarşı müharibə Rusiya iqtisadiyyatı üçün fəlakət hesab edilir. Hətta bunu Sovet İttifaqının dağılmasından daha böyük faciə kimi qiymətləndirənlər də var. Qeyd edilir ki, hazırkı sanksiyalar 1998-ci ildəki defoltdan daha dağıdıcıdır. Hətta rusiyalı milyarder, sahibkar və Kremlə sadiq oliqarx Aleq Deripaska 3 mart 2022-ci il Krasnoyarsk İqtisadi Forumunda Rusiyanın hələ belə problemlərlə üzləşmədiyini və bunun 1998-ci il böhranından üç qat daha böyük olduğunu təsdiqləyib.

Rusiyalı iqtisadçı, Rusiya Mərkəzi Bankının keçmiş sədr müavini Sergey Aleksaşenko Rusiyanın sanksiyaların təsirini qiymətləndirib. O bildirib ki, bu sanksiyalar 2014-cü ildə tətbiq edilən məhdudiyyətlərdən qat-qat güclüdür və onlar hələ maksimum işləmirlər. Onun sözlərinə görə, heç kim (Qərb və ABŞ) Rusiya ilə döyüşmək fikrində deyil, çünki bu ssenarinin son dərəcə ağır nəticələrini hamı anlayır, amma Qərbin Rusiyanın məkrinə dözməyə hazır olduğunu söyləmək də doğru deyil, hökumətin səhvlərini isə həmişə əhali ödəyir.

Sergey Aleksaşenko indiki şəraitdə Çinin heç bir halda Qərbi əvəz edə bilməyəcəyini vurğulayır. Onun fikrincə, Çin heç vaxt Rusiyanın Avropadan və ya Amerikadan aldığı mürəkkəb avadanlıqları təmin edən texnoloji lider olmayıb. 

1998-ci il böhranı

1998-ci il böhranı zamanı Rusiyada vəziyyətin necə olduğunu xatırlayaq. 1997-ci ildə Rusiyanın ümumi ÜDM-i 433,7 milyard dollar, adambaşına düşən ÜDM isə 2 935 dollar idi. 1998-ci ildəki defolt ÜDM-in 287,7 milyard dollara qədər (33,7 faiz) azalmasına səbəb oldu.

2022-ci il sanksiyaları və Rusiya ilə işgüzar əlaqələrin qlobal şəkildə sıfırlanması 1998-ci ildəki defoltla müqayisə olunmayacaq dərəcədə güclü və dağıdıcıdır. 2021-ci ildə Rusiyanın adambaşına düşən ÜDM-i 12 min dolları təşkil edirdisə, artıq 2022-ci ilin mart ayının əvvəlində hər bir rusiyalının payına düşən ÜDM 6 000 dollardan aşağı olub.