Azərbaycan daha pis “Ukrayna ssenarisi”ndən necə qurtuldu – təhlil
Xankəndi məsələsi, Kiyev dərsləri, dünya və region reallıqları
İkinci Qarabağ Müharibəsi, Zəfərimiz, bu prosesin gedişatı bizə həm də geosiyasi və dünya ilə gələcək əməkdaşlığımız, davranışlarımız kontekstində belə demək mümkünsə, bir nizamnamə, yaddaş kitabı oldu. Bu zəfərə çatmağa gedən yolda Azərbaycanın apardığı nizamlı, korrekt, tərəfsiz siyasətin davam etdirilməsi ölkəmizə tarixi bir qələbə yaşatdı, bunu daim nəzərə almalıyıq.
Müharibə bitən kimi, ilkin vaxtlarda çoxlu demoqogiyalar etmək də olardı və edilirdi ki, nədən Xankəndini də götürmədik, niyə erməniləri tanklarımızın qabağına qatıb birdəfəlik Qarabağdan qovmadıq. “Nə üçün Qarabağa rus sülhməramlıların gəlişinə razılıq verildi” sualı da səslənirdi tez-tez. Düzdür, bu sualların cavabını prosesləri daha dərindən təhlil edə bilən insanlar özləri tapırdılar, habelə, politoloqlar, şərhçilər, təhlilçi jurnalistlər izah edirdilər. Lakin yenə də bunun üzərindən iqtidara hücumlar da edənlər olurdu.
İzah etmək asan məsələ deyildi. Başa salmaq olmurdu ki, Qarabağ Zəfərinin, işğaldakı 20 faiz torpağımızın təxminən 16 faizini 44 gündə azad etməyimiz başarılı bir siyasətin, uzun illər aparılan nizamlı prosesin möhtəşəm nəticəsidir. Qalan 4 faiz ərazidə isə prosesləri tənzimləmək, Azərbaycanın idarəçiliyini bərpa etmək zaman işidir, o hissəni müharibə ilə həll etmək cəhdləri bütün uğurlu planlarımızı poza bilərdi.
Bu sualların, “niyələrin” cavablarını artıq hər birimiz Ukraynada baş verənlərin fonunda aydın görürük.
Əlbəttə, təəssüf edirik, üzülürük ki, müstəqil Ukrayna, tarixi bir yurd bombalanır, insanlar öldürülür.
Buna görə cəmiyyətlərdən Rusiyaya qınaqlar, hiddətlər tamamilə haqlıdır. RF bu hadisələrə görə uzun müddət cavab verməli olacaq. Ağır sanksiyalar ona böyük problemlər yaradacaq. Rusiyanın Ukrayna üzərində işğalçılıq siyasəti 21-ci əsr dünyası üçün böyük zərbədir və uzun illər bunun ağır fəsadları müşahidə olunacaq.
Qərb, Avropa Ukraynaya birmənalı dəstək versə də, onu haqlı saysa da, Rusiyanın davranışlarının beynəlxalq hüququn ayaqlar altına atılması olmasını bəyan etsə də, Rusiya dayanmır! Durdurmaq mümkün olmur Putin Rusiyasını.
Beynəlxalq hüquq, norma saya salınmır, faktiki olaraq bu gün Ukraynanın qan çanağına dönməsinin, dağıdılmasının qarşısını ala bilmir bu nəsnələr və dünya birliyi…
Məsələnin mənəvi, insani tərəfi isə daha dəhşətlidir, dinc insanları qırmaq bəşəri cinayətdir.
Mövzumuz əslində bu deyil, bundan hamı danışır və əksəriyyət eyni düşüncədədir.
Biz bu yazıda məsələyə Azərbaycan kontekstində yanaşırıq və reallıqları, baş verənləri nəzərə alaraq biz nəyin şahidi oluruq? Hansı nəticələri çıxarırıq?
Bu barədə danışarkən Prezident İlham Əliyevin yanvar ayında telekanallara verdiyi müsahibəsində səsləndirdiyi çox mühüm bir fikrə diqqət edək. Sitat: “Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək, onlar, indi, hesab edirəm ki, peşmançılıq çəkirlər. Bizim üçün də bu müddət olub və mən gizlətmirəm. Prezident vəzifəsinə seçiləndən sonra mənim də ümidlərim var idi. İlkin mərhələdə mən də hesab edirdim ki, bu məsələni, Qarabağ məsələsini sülh yolu ilə həll etmək olar. Bizə elə gəlirdi ki, təklif etdiyimiz variantlar məntiqlidir, ədalətlidir və beynəlxalq hüquqa tam uyğundur. Hətta təəccüb edirdim ki, nə üçün bunu qarşı tərəf, yaxud da vasitəçilər başa düşmürlər. Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi də deməliyəm, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir. Bunu mən tamamilə açıq deyə bilərəm”.
Bəli, beynəlxalq hüquq kağız üzərində mövcuddur. Ancaq bu gün dünyaya diqqətlə baxaq, beynəlxalq hüququn tətbiq mexanizmləri demək olar, işləmir, iflic olub! İddia olunursa ki, işləyir, bəs Rusiyanı niyə durdura bilmirlər? İkili yanaşmalar isə digər bir dərddir. Yəni lazım gəldikdə, böyük güclər beynəlxalq hüquqla şantaj da edir, hədə-qorxu da gəlir kiçik ölkələrə.
Günümüzdə dünyanın idarəçiliyi tamamilə başqa prinsip və mexanizmlərlə qurulub. Bunu Qarabağ məsələsində biz əyani gördük və Azərbaycanın nə qədər doğru davrandığını bu gün Ukraynada baş verənlər də bir daha təsdiqləyir.
Hazırda dünyanın bir növ yenidən şəkilləndirilməsi mərhələsidir və bu dönəmdə hər bir liderin əsas işi dövlətini, xalqını məkrli planlardan, təhlükələrdən qorumaq, sığortalamaq olmalıdır.
Praqmatik siyasət aparmaq, qlobal və geosiyasi reallıqları nəzərə alaraq və onların üzərindən davranaraq ölkənin müstəqilliyini, maraqlarını və təhlükəsizliyini qorumaq vacibata çevrilib. Avantüra ilk baxışda sosial şəbəkələrdə çoxlu layklar, kütlə arasında “alqışlar”, “çox sağ ol” qazandıra bilər. Cəsarətli lider kimi tarixə də düşmək olar. Ancaq ortada minlərlə insan meyiti, dağılmış şəhərləri görəndə nə etmək lazımdır? Kənardan baxmayıb, dağıdılan, bombalanan ölkədə meyitlərin arası ilə addımlayanda məntiq nə deyər? Təbii, bunu edənə hər kəs lənət oxuyacaq. Lakin daha dərindən düşünənlər və reallıq onu deyəcək ki, bunun qarşısını almaq daha böyük qəhrəmanlıq olardı…
Konkret Zelenski nümunəsində qətiyyən demirəm ki, Rusiyaya boyun əymək lazımdır. Ümumiyyətlə, heç bir gücə, dövlətə boyun əymək olmaz! Müstəqillik keçilməzdir! Ancaq qəddar və imperialist Rusiya ilə konfliktə getmək, qonşuluqdakı bu ipə-sapa yatmaz, Qərbin durdura bilmədiyi qütblə savaşmaq nə qazandırır, onu və ağır nəticələrini də düşünmək lazımdır. Habelə, onun da fərqində olmaq lazımdır ki, əsrlərdir davam edən və hər fürsətdə pikə çatdırılan Qərb-Rusiya toqquşmasında ölkəni dava meydanına döndərməmək üçün praqmatik siyasət yürüdülməlidir.
Bu baxımdan Ukraynada baş verənlər Azərbaycanın nə dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyünü bir daha təsdiqləyir.
***
Qayıdaq 2020-ci ildə “Xankəndiyə niyə girmədik” iddiasına.
Bu gün Ukrayna Rusiya ilə təkbaşına savaşmır. Yanında Avropa, Amerika var. Silah da verirlər, siyasi dəstək də. Rusiyaya da bütün istiqamətlərdən sanksiyalar tətbiq edilir, sarsıdılır.
Bununla belə, Rusiya davam edir, Ukraynanı viran qoyur, durmur, durdurula bilmir.
Ukraynadan ərazicə, əhalicə bir neçə dəfə kiçik olan Azərbaycan isə İkinci Qarabağ savaşında yalnız Türkiyənin açıq dəstəyi ilə müharibə edirdi. Əksər ölkələr – bu gün Ukraynanı açıq dəstəkləyən Avropa bizim üzərimizə gəlirdi. Siyasi, informasiya cəbhəsində Azərbaycan onlarla da döyüşürdü!
Belə bir durumda fərz edək ki, Azərbaycan 10 noyabr sənədinə imza atmırdı, Xankəndiyə ordu yeridirdi və Qarabağdan bütün ermənilər qovulurdu. Nə baş verərdi, təsəvvür etmək artıq asandır: Rusiyanın hərbi təzyiqi, müdaxiləsi olacaqdı, eyni zamanda isə bu gün Ukraynanın yanında olan ABŞ və Avropa ermənilərin müdafiəsinə qalxacaq, bizə dözə bilməyəcəyimiz sanksiyalar tətbiq edəcəkdilər. Ölkəmiz savaş və sanksiyalar poliqonuna çevriləcəkdi və Qarabağ məsələsi də həll olmayacaqdı, azad etdiyimiz, bu gün abadlaşdırmağa başladığımız ərazilərdə rus tankları dolaşacaqdı!
Ukraynadan pis vəziyyətə düşəcəkdik, barı Kiyevi Avropa, Qərb dəstəkləyir, bizə isə sanksiya tətbiq edəcəkdilər! Beləliklə, enində-sonunda təkcə 44 günlük müharibədəki uğurlarımızı deyil, müstəqilliyimizi və dövlətçiliyimizi itirə bilərdik. Olardıq ikili forpost!
Bu perspektivi biz indi aydın görür, anlayırıq. Amma Prezident İlham Əliyev bunu illər öncədən görüb və adekvat davranıb! Naşılıq etməyib. Bütün regional və qlobal oyunçularla bərabərhüquqlu münasibətlər, müstəvilər qurmaqla, qarşılıqlı və səmimi öhdəlik, məsuliyyət sistemi formalaşdırmaqla indiki uyğun mənzərəmizi yaratdı. Dəqiq ifadə etsək, həm ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, həm də dövlətimizi mümkün geosiyasi kataklizmlərdən sığortalamış oldu.
Mürəkkəb geosiyasi prosesləri öncədən görərək, nəticələrini müəyyən edərək, Azərbaycan heç bir qütbdə yer almayıb, yalnız dövlət və milli maraqları önə çəkib. İndi elə dövrdür ki, hər kəsin öz başını qoruması bir beynəlxalq şərtə çevrilib. Belə bir ağır dönəmdə Azərbaycan qurduğu siyasətlə, kombinasiyalarla nəinki özünü qoruyur, Qoşulmama Hərəkatında fəal çalışır, təşəbbüslər qaldırır. Hazırda Azərbaycan Hərəkatın fəaliyytdə olan sədridir və bu platformada nə mümkündür, nə lazımdır, o da edilir.
Bununla bağlı Prezidentin xüsusi diqqət çəkən açıqlamasını xatırlatmaq yerinə düşür. Sitat: “Bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının – BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız – biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, – halbuki, mən buna inanmıram, – hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq”.
İndi tamamilə aydın bir mənzərə yaranıb. Azərbaycan bütün dönəmlərdə olduğu kimi, Qarabağ savaşının davranış kursu və Ukrayna olaylarından da nəticə çıxararaq, praqmatik, adekvat davranmaqda davam etməlidir. Görünən də budur ki, Azərbaycanı siyasi avantüralara cəlb etmək mümkün olmayacaq. Kor-təbii qərarlar, naşı siyasi addımlar ölkəmizi, qalib dövlətimizi ancaq uçuruma apara bilər. Hazırda da müşahidələr onu deyir ki, bütün atılan addımlar, verilən qərarlar praqmatizmə, dərin siyasi təhlilə əsaslanır. Ən əsası, zamanın reallıqları və milli maraqlar nəzərə alınır.
Kimlərinsə xoşuna gəlməyə bilər, çünki onlar bu kombinasiyaları qurmağın, dəqiq, hesablanmış addımlar atmağın öhdəsindən gələ bilməzdilər. Dərinlikləri də bilmirlər, ona görə hansısa demoqojilər də ortaya çıxa bilər, müxaliflik də haradasa anlaşılandır. Ancaq Azərbaycan bu gün özünü qanatiyə almış durumdadır: Həm Türkiyə, həm Rusiya ilə müttəfiqlik münasibətləri qurub. Avropa və Qərblə enerji və təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərində sıx əməkdaşlıq edilir. Ötən iki-üç ay ərzində ölkəmizə Avropanın ən vacib şəxsləri və təsisat təmsilçiləri müzakirələr üçün gəlib…
Bu cür nizamlı, neytral siyasət qurmağı bacaran ikinci postsovet ölkəsi varmı? Yoxdur.
Əsas olan nəticədir, əlbəttə, uğurlu nəticə…
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”