Rus səfirin təxribatı və ya Paşinyan nə vaxt “Stepanakert yox, Xankəndi” deyəcək?
Son vaxtlar ermənilərin Qarabağdakı dini məbədlərimizə “zəvvar axını” dayanıb. 44 günlük müharibədən sonra bu şounu təşkil edən Rusiya sülhməramlı kontingentinin də bir gözü Ukraynadadır, həyəcanla izləyirlər. Keçmiş komandan və sülhməramlıların faktiki “şef”i general Rustam Muradovun ABŞ-ın “qara siyahı”ya düşməsi də həyəcanı artırıb.
Eləcə də özünü Muradovun yaxın adamı təqdim edən baş quldur Araik Arutyunyan da təşvişdədir, hətta bu günlərdə pulsuzluqdan şikayətlənib, “seçkilərdə iştirak etməyəcəyəm, gedirəm”, tipli sözlərlə nazlanıb. Xilas olmaq üçün yollar düşünür, sözsüz ki…Birdən olmadı elə, oldu belə, Azərbaycan fürsət düşən kimi yolunu Xankəndidən saldı, onda?..
Bu gün Qarabağ separatçıları və Ermənistandakı revanşistlər bəlkə elə Rusiya qədər Ukraynanın məğlub olmasını istəyirlər. Görmədikmi, Putin Donesk və Luqans separatçılarını “müstəqil” olaraq tanıyan kimi, Araik Arutyunyan təbrik məktubunu “banladı”. Marıta yatıblar, rus ordusu Ukraynanı tikə-para eləsin, bunlar da burda arzularına çatsınlar. Hər halda xəyalları budur.
Gözləyirlər ki, Ukraynada separatçıları da “bayraq”larını qaldırsınlar və bunların dili bir az da uzansın, “biz də burdayıq”, desinlər. Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında bəyannamə imzalananda yasa qərq olan ermənilər gecə-gündüz dua edirlər ki, Bakı ilə Moskva arasında gərginlik yaşansın, revanş imkanı yaransın.
Bir sıra hallarda erməni terrorçularına bu şansı məhz rus diplomatlar özləri yaradırlar. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanımayıb”, deyib. Diplomat iddia edib ki, bu məsələ “bütün tərəflərin maraqları nəzərə alınmaqla” həll edilməlidir. “Biz hər şeyi etmişik və edirik ki, bu həll yolu məhz belə şəraitdə tapılsın. Cənubi Osetiya və Abxaziyaya gəlincə, əvvəllər Rusiya Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıyırdı. Tbilisinin Cənubi Osetiyaya təcavüzü baş verəndən, Rusiya sülhməramlılarına hücum edildikdən sonra müvafiq addımlar atılıb”, – deyə Kopirkin vurğulayıb. (Moderator.az) Diplomatın fikrincə, digər məsələlərlə yanaşı, “sülhməramlıların Qarabağda olmasını şərtləndirən vacib amili – erməni əhalisinin özünü təhlükəsizlik hiss etməsini də nəzərə almaq lazımdır”.
Əslində Kopırkin “dəliyə bel ver, əlinə fel” prinsipi ilə davranıb, diplomatik şəkildə…Gürcüstan “nümunəsi”ni xatırlatmaqla həm də Azərbaycanı təhdid etmiş olub. Eyni zamanda dolayısı ilə Ermənistana xatırladıb ki, Qarabağ separatçılarını ilk olaraq İrəvan tanımalıdır. Onun erməni əhalinin təhlükəsizliyindən bəhs etməsi də yersizdir. Göründüyü kimi, başdan-ayağa destruktiv mövqedir.
Əslində rus səfir Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinə istinad etməli, bu münasibətləri poza biləcək istənilən təxribatçı sualların cavabını verməli idi. Yoxsa nağıl danışmamalıydı. Diplomat deməlidir ki, artıq məsələ bitib, Zəngəzur dəhlizindən, 3+3 formatından danışın. Ancaq yox, o, qaşınmayan yerdən qan çıxartmağı üstün tutub, necə ki, 44 günlük müharibədən sonra Zəngəzur bölgəsində yatıb-dururdu.
Hər halda, cəhdləri “nəticə” verir. Budur, rəsmi məlumat: Martın 5-i gecəyarısı erməni silahlı dəstələri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Məhz Rusiyadan verilən işarələrin məntiqi nəticəsidir ki, Qarabağdakı qanunsuz silahlı dəstələr belə təxribatlara əl atırlar. 10 noyabr anlaşmasına görə terrorçu dəstələr dərhal tərksilah edilməliydi, lakin rus səfirin iddia etdiyi kimi, “təhlükəsizlik” bəhanəsinə görə onlar hələ də torpaqlarımızda qalırlar. Bu terrorçu dəstələri məqsədli şəkildə bəsləyirlər, bir gün Azərbaycana qarşı istifadə etmək və hansısa ssenarini həyata keçirmək üçün. Məsələn, səfir Gürcüstanın sülhməramlılara hücumunu xatırladır…Bununla Qarabağdakı rus sülhməramlıların arxasında Azərbaycan əsgərinə atəş açan erməni terrorçularına işarə vermiş olur: “Qorxmayın, yanınızdayıq”. Düşünürlər ki, Azərbaycan əsgəri genişmiqyaslı əməliyyatlara başlasa, bu, rus kontingentə qarşı hücum kimi qiymətləndirilə bilər. Ermənilər də o günü gözləyirlər…
Təxribatlarsa bitmir. Azərbaycanın İnsan Hüquqları Müvəkkili Səbinə Əliyeva Milli Məclisdə illik məruzəsini təqdim etdiyi gün Ermənistanın Ombudsmanı Kristina Qriqoryan Qarabağda peyda oldu və Arutyunyanla görüşdü. Separatçıların əski parçasının fonunda keçirilən görüşdə, ”insan hüquqlarının vəziyyəti”ndən danışıblar. Bir ölkənin beynəlxalq hüquqla tanınan sərhədini pozan erməni ombudsmanı ora kim buraxıb: “ermənilərin təhlükəsizliyi”ndən danışan Kopırnikin ölkəsinin sülhməramlısı.
Bu arada biz Paşinyan “Emənistan” və “Şərəf duyuram” fraksiyası üzvlərinə təpinməsini seyr etdik. Onun əleyhdarlarına “ay talançılar” xitabını etməsi, sonra isə “Əgər bu rayonun adı Sansardırsa, onda niyə sizin rəhbərləriniz 20 il ərzində həmin əraziləri Azərbaycana qaytarmaq üçün danışıqlar aparıb? Bu proses gizli olmayıb. Onların da qəbul etdiyi Madrid prinsiplərinin birinci bəndində yazılıb ki, 7 rayon Azərbaycana qaytarılsın”, deməsi müzakirə olunur.
Vaxtilə “Qarabağ Ermənistandır. Nöqtə” deyən adamdır, indi Qubadlı reallığını dərk etməyə çağırır. Amma bu da yetərli deyil. 7 rayon söhbəti tarixdə qaldı. Qarabağ və Şərqi Zəngəzur var! Rus sülhməramlılarısayağı “sülhpərvər” libası geyinmiş Paşinyanın rəhbərlik etdiyi hökumət bu il Qarabağ separatçılarına milyonlar ayırıb. Azərbaycan gözləyir ki, Paşinyan “ay talançılar, Stepanakert yox, Xankəndi”, desin və bitsin Qarabağ söhbəti. O halda erməni ombudsman da cəsarət etməz icazəsiz Xankəndiyə gəlməyə…
Elşad Paşasoy,
Musavat.com