Ölkəyə idxal olunan məhsullar sənəd, eynilik və fiziki nəzarətə cəlb olunacaq – AQTA-nın şöbə müdiri
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsini Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı” çərçivəsində yerli və beynəlxalq ekspertlər hazırlayıb”.
Bunu “İki sahil”ə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev deyib.
Onun sözlərinə görə, qanunun tətbiq dairəsi qida və məhsullarla təmasda olan material və məmulatlara, həmçinin bu məhsullara dair fəaliyyət mərhələlərinə aiddir:
“Qanun layihəsində dövlət nəzarəti və tənzimlənməsi çərçivəsində qida zənciri boyu risk əsaslı nəzarət sisteminin qurulması əsas götürülüb. Zəncir boyu nəzarətin qurulmasında məqsəd müəyyən mərhələlərdə uyğunsuzluqların və təhlükənin vaxtında qarşısının alınması və son məhsula keçməməsini təmin etməkdir”.
“Qüvvədə olan qanunvericiliyə əsasən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərməsi üçün subyektlərin mütləq şəkildə qeydiyyata alınması tələb olunur. Bu qeydiyyat zamanı həmin subyektlərin qanunvericiliklə müəyyən edilən tələblərə uyğunluğu təsdiq edilməlidir. Yeni qanunvericilikdəki yanaşmaya görə təsdiq məsələləri yanlız yüksək risk qrupuna aid olan obyektlərə aid ediləcək, digər subyektlər və obyektlər sadəcə müraciət etməklə, yəni hər hansı təsdiq mərhələsindən keçmədən avtomatik olaraq qeydiyyata alınacaq. Eyni zamanda qanunda idxal əməliyyatlarında da risk əsasında yanaşma əsas götürülüb. Yeni qanunvericiliyə əsasən, ölkəyə idxal olunan məhsullar sənəd, eynilik və fiziki nəzarətə cəlb olunacaq. Fiziki nəzarətə yanlız yüksək risk qrupuna aid olan məhsullar, orta və aşağı risk qrupuna aid məhsullar isə sənəd və eynilik nəzarətinə cəlb ediləcək. Qanun layihəsi qida zənciri boyu nəzarətin təmin edilməsinə, o cümlədən subyektlərin qeydiyyatı və təsdiqi sisteminə, məhsulların qeydiyyatı, izlənilmə ilə bağlı prosedurların təyin edilməsinə, yekunda istehlakçı tərəfindən təhlükəsiz qida məhsulunun əldə edilməsinə yönəlib. Yeni qanun həmçinin xarici ticarət əməkdaşlığının genişlənməsinə də töhfə vermiş olacaq” – AQTA rəsmisi əlavə edib.