Musiqili Teatrda “Həyatdan səhnəyə” adlı sərgi nümayiş olunacaq
10 mart – Milli Teatr Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində “Həyatdan səhnəyə” adlı sərgi nümayiş olunacaq.
Teatrdan “İki sahil”ə verilən xəbərə görə, ölkəmizdə peşəkar teatrın yaranmasının 149-cu ildönümü münasibətilə hazırlanan layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.
Sərgidə uzun illər teatrda fəaliyyət göstərmiş peşəkar rəssamların – Əməkdar rəssamlar İsmayıl Məmmədov və Nabat Səmədovanın, eyni zamanda Validə Ümman və Vusal Rəhimin teatrla bağlı müxtəlif əsərləri, kompozisiyaları, müəllifi olduqları səhnə eskizləri və səhnə geyimləri nümayiş olunacaq.
112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrın sərgisində həmçinin teatrın tarixini özündə əks etdirən lövhə, teatrın maketi, retro səhnə əsərlərinin afişaları, korifey sənətkarların oynadığı tamaşalardan fotoşəkillər, yaradıcı heyətin müxtəlif beynəlxalq tədbirlərdə aldıqları mükafatlar da sərgilənəcək.
Qeyd edək ki, martın 10-dan etibarən ay ərzində teatrın tamaşalarına baxmağa gələn hər kəs sərgini izləyə biləcək.