NDU-nun Konservatoriyasında Musiqi Kollecinin tələbələrinin konserti təşkil edilib
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Musiqi kollecinin Xalq çalğı alətləri şöbəsinin Qarmon ixtisası üzrə müəllim və tələbələrinin konserti keçirilib. Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva konservatoriya ilə birgə keçirilən konsertlərin artıq ənənəvi hal olduğunu qeyd edib. Bildirilib ki, kollecdə artıq 15 ildir ki, Qarmon ixtisası üzrə kadr hazırlığı aparılır. Diqqətə çatdırılıb ki, bu ixtisas üzrə 7 müəllim 40-a yaxın tələbəyə bu peşənin sirlərini öyrədir.
Konsertdə “Emin Sabitoğlunun “Sən ey uşaqlıq” “Şərikli çörək”, Vasif Adıgözəlovun “ Bayram Suitası”, Afdandil İsrafilovun “Kəmalə rəqsi”, Azərbaycan Xalq rəqsi “Tiflisi”, Azərbaycan Xalq mahnıları əsasında popuri Tofiq Quliyevin “Naxçıvan Rəqsi”, Ramiz Mirişlinin “Yandım Elə yandım”, xarici bəstəkarlardan İohann Bramsın “Macar rəqsi”, Zequinha Abreyin “ Tico-Tico” və s. əsərləri ifa edilib.
Sonda tədbir haqqında öz təəssuratlarını bildirən ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, tələbələrin təcrübi bacarıqlarının formalaşmasında bu cür konsertlərin böyük əhəmiyyəti vardır. Rektor Konservatoriya ilə Musiqi Kollecinin birgə əməkdaşlığını xüsusi qiymətləndirib. Bildirilib ki, bu cür konsertlərdə uğurla çıxış edən tələbələr muxtar respublika və ölkə üzrə yarışlarda iştirak etməli, müsabiqələrə qatılmalıdırlar.
Əli Yarıyev,
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi