22 Noyabr 2024

Şəhid ailələri və müharibə əlilləri üçün tikilən evlərin sayı AÇIQLANDI

Azərbaycanın 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında qeyd edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev bildirib ki, evlər yaxın vaxtlarda istifadəyə veriləcək.

Nazir 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib:

“İndiyədək həmin vətəndaşlara 12 300-dən çox mənzil və fərdi ev verilib”.

O əlavə edib ki, bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin və DOST Agentliyinin ilk regional mərkəzi kimi Bərdə rayonunda DOST mərkəzinin açılması planlaşdırılır:

“Agentliyin “Şərqi Zəngəzur və Qarabağ” Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində isə “Ağıllı kənd” layihəsi çərçivəsində bu il “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi üçün bu il və növbəti illərdə müvafiq addımlar atılacaq”.

İclasda bu il Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinin başa çatdırılacağı və istifadəyə veriləcəyi, 2 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin müəssisənin tikilən yeni korpusunun bu il açılışının nəzərdə tutulduğu bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin filialları əsasında 12 Regional Sosial Xidmət Mərkəzi və onların tabeliyində ixtisaslaşmış sosial xidmət mərkəzlərinin yaradılacağı barədə məlumat verilib. Sosial təminat və sosial xidmət proqramların əhatə dairəsinin genişləndirilməsinin, uşaqların müəssisələrdən ailələrə qovuşmalarını nəzərdə tutan re-inteqrasiya tədbirlərinin gücləndirilməsinin əsas hədəflərdən olduğu, “Sosial Məsuliyyət Platformasının” hazırlanması işlərinin aparıldığı bildirilib.

Yeni hazırlanmaqda olan e-sistemlər barədə də məlumat verilib.

İclasda 2022-ci il üzrə qarşıda duran sosial hədəflərə doğru mühüm işlərin aparıldığı vurğulanıb.

Həmçinin Nazirliyin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən həssas əhali qruplarından olan şəxslərə (ailələrə) maddi yardımın göstərilməsinə dair Təlimatın, yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələlərinin müzakirəsi aparılıb.