Ekoturizm və onun mahiyyəti
Vahid sivilizasiya ideyasından doğan humanizm müxtəlif sahələrə nüfuz edə bilir.
Qloballaşan dövrün multikulturalist ideyaları dünya iqtisadiyyatına da öz təsirini göstərir. Bu sahənin mühüm qollarından birini təşkil edən turizm ölkə iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Sosial, siyasi, texniki, mədəni inkişafla yanaşı, turizm də yerində sabit dayanmır, fərqli simalar alır. Dəyişən zamana uyğunlaşaraq insanların özlərinə qayğı vasitəsinə çevrilir.
Turizmin hazırda aktual olan növlərindən biri də ekoturizmdir. Ekoturizm yeni bir anlayış olub, son illərdə tez-tez işlədilir. Müxtəlif zamanlarda fərqli adlarla təqdim olunub; təbiət əsaslı turizm, yumşaq turizm, yaşıl turizm, məsul turizm, alternativ turizm, mədəniyyət turizmi, elmi turizm, aqro-turizm, araşdırma turizmi və s. Bu mənaların hər biri prosesin müxtəlif tərəflərini adlandırdığı üçün onların hamısı bir-birinə bərabər tutulmur. Hazırda ən çox yayılmış forma-ekoturizmdir. Bu termin ilk dəfə 1983-cü ildə meksikalı iqtisadçı Hektor Seballos-Laskurya tərəfindən təklif edilib. Həmin ifadə təbiətdən zövq almaq, onun dəyərini bilmək kimi mənalandırılıb. 1990-cı illərdə bu sahə turizmin bir növü kimi öz inkişaf dövrünü yaşamağa başlayıb. Bununla əlaqədər beynəlxalq aləmdə birliklər yaradılıb, qərarlar qəbul olunub, layihələr hazırlanıb. Belə planlaşdırmalar təbiət və mədəni qaynaqların qorunmasını, yerli əhalinin inkişafını, turistlərin və yerli əhalinin təbiətin sərvətlərinə qarşı daha məsuliyyətli yanaşmasını, tükənmə ehtimalı olan nemətlərdən ehtiyyatlı istifadəni hədəfləyir.
Ekoturizm-ətraf mühit ekologiyası, təbiətin məqsədyönlü şəkildə qorunması, ona həssas yanaşılması zərurətidir. Ekoturizm ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran bir turizm növüdür.
Hər kəs saf sudan, təmiz havadan, ekoloji cəhətdən təmiz olan mühitdən yararlanmaq və sağlam bir həyat yaşamaq istəyər. Lakin son illərdə bu istəyin reallaşması ehtimalı azalıb. Dünya ölkələrində heç bir böyük şəhərin ekoloji təmizliyi artıq insan sağlamlığına təminat verə bilmir. İllər keçdikcə və texnologiya yenilənib inkişaf etdikcə bu istək bizdən bir az da uzaqlaşır. Təbii ki, texnikanın inkişafını dayandırmaq mümkün deyil. Lakin ətraf mühitə zərər verə biləcək hallardan qorunmaq mümkündür. Bunun üçün sadəcə tələb olunan şəraiti yaratmaq kifayətdir. Son dövrlərdə bu istək ekoturizmlə reallaşdırılır.
Ekoturizm təbiətin hazırki vəziyyəti ilə birbaşa maraqlanmaq, onun problemlərini dərk etməyə çalışmaq üçün həyata keçirilən səyahətdir. O adətən əhali ilə əlaqə yaradaraq həyata keçirilir. Bu zaman isə insanlar arasındaki sosial fərqlər müəyyən qədər aradan qaldırılır.
Ekoturizmdə turist yox, ekoturist anlayışından istifadə olunur. Ekoturist təbiəti öyrənir, təmiz havada gəzintiyə çıxır, velosiped sürür, xalqın qədim adətlərini, müxtəlif rəqslərini öyrənir, təbii nemətlərdən hazırlanmış qidaları dadır və s. Ekoturistlər, əsasən, kiçik qruplar kimi təşkil olunur. Onlar adətən otellərə yox, kənd evlərinə, təbiət qoynunda istirahətə üstünlük verirlər. Təbiətin qorunması üçün onun şərtlərinə əməl etməyə çalışırlar. Ekoturizm kiçik müəssisələr şəklində təşkil edilir. Qədim memarlıq üslubunda tikilmiş yaşayış yerlərindən və yerli sərvətlərdən istifadəni nəzərdə tutur. Ekoturistlər yerli olduğu kimi, xaricilər də ola bilər.
Ekoturizm təbiət turizmi olsa da, ondan bir qədər fərqlənir. Burada əsas məqsəd ətraf-mühitin qorunması, bioloji müxtəlifliyin qeydinə qalınmasıdır. Ekoturizm səfərləri yalnız əyləncə məqsədi güdməməlidir. Burada insanlardan təbiətə qarşı həssaslıq nümayiş etdirmələri də tələb olunur. Onun maddi nemətlərindən yararlanmağın, qoynunda yaşamağın da müəyyən şərtləri var. Bunlar olmasa həmin ərazilər çirkləndirilə, bəzən də məhv edilə bilər. Mənfi halların yaşanmaması üçün ekoturistlərə təlimlər keçilə, diqqət yetirməli olduqları məqamlar aydınlaşdırıla bilər.
Anlayış ilk dəfə 1992-ci ildə “Rio Çevrə Görüşü”ndə müzakirə olunub. 2002-ci ilin may ayında isə, Kanadanın Quebec əyalətində rəsmi bir anlayış kimi qəbul edilib. 133 ölkədən 1100 nümayəndənin iştirak etdiyi “Dünya Ekoturizm Zirvə Görüşü”ndə anlayışın əsas mənaları təsdiqlənib. Bu qərara görə ekoturizm-yer üzünün təbii mənbələrinin davamlılığını təmin edən, yerli xalqların iqtisadi inkişafına dəstək olan, sosial və mədəni birliklərini qoruyub nəzarətdə saxlayan bir anlayışdır.
Bu anlayışı qəbul edən ölkələr bir sıra prinsip və şərtləri də qəbul etməlidir.
– Ekoturizm siyasətini inkişaf etdirmək və planlaşdırma aparmaq;
– Ekoturizm üçün qaydalar müəyyənləşdirmək;
– Ekoturizm sahəsində məhsul inkişafı, marketinq və tanıtım etmək;
– Ekoturizm gəlir və xərclərini müəyyənləşdirmək;
Dünya Turizm Təşkilatı və Birləşmiş Millətlər Çevrə Proqramı tərəfindən 2002-ci il “Ekoturizm və Dağlar ili” elan olunub.
Ölkəmiz yeraltı və yerüstü sərvətləri ilə bütün dövrlərdə dünyanın diqqət mərkəzlərindən biri olub. Azərbaycan ərazisində 9 iqlim qurşağının mövcudluğu, 4500-dən artıq bitki növü, 15600-dən çox növü olan heyvanat aləmi, meşələri, dağları, mineral su qaynaqları və s. ekoturizm sahəsinin inkişafına şərait yaradır. Hazırda təbiətin nemətlərindən intensiv istifadə gələcəkdə onun müəyyən itkilər yaşamasına səbəb ola bilər. Bu təbii proses kimi qəbul olunsa da, onun qarşısının alınması yolunda tədbirlər həyata keçirilir. Qoruqlar, parklar yaradılır, yaşıllıqlar artırılır, ətraf-mühitin qorunması ilə bağlı kompaniyalar keçirilir. Ekoturizmin də geniş tətbiq olunması sadalanan problemlərin dünya təcrübəsi ilə həllinə yardım edə bilər. Bu həm də ölkəmizin zəngin turistik bölgələrini tanıdar, ölkə iqtisadiyyatının sürətli inkişafına kömək edər.
Firuzə HÜSEYNOVA