Ermənilər Qarabağda yazda hücum üçün HƏRƏKƏTƏ KEÇDİ- Silahlar paylanır SON DƏQİQƏ
Xankəndidəki separatçı-terrorçu rejimin “parlamenti” “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi”ni birinci oxunuşda qəbul edib. Qondarma “qanun”a Şuşa, Xocavənd, Ağdərə, Hadrut, Əsgəran, Laçın, eləcə də Goranboy və keçmiş Xanlar rayonu daxildir.
Terrorçu rejimin bu “qanunu” praktiki olaraq əhəmiyyətsizdir. Özləri də praktikada necə tətbiq edəcəklərini bilmədiklərini deyir. Lakin qondarma “qanun”dan Qarabağın “statusu” məsələsində istifadə etmək istədikləri bəllidir.
Bunun fonunda separatçılar hərbi müstəvidə də fəaliyyətini genişləndirir. Azərbaycan Müdafiə Nazirliyinin son açıqlaması təsdiq edir ki, erməni terrorçular kənd təsərrüfatı işləri adı ilə səngər qazmağa çalışıblar. Bu cəhdin qarşısı alınıb, lakin rus sülhməramlılarının dayandığı mövqelərdən başqa, erməni terrorçuların postlarının olduğu da məlum məsələdir və bu postlarda mühəndis-istehkam işləri həyata keçirilir.
Separatçı rejim Qarabağda mülki ermənilərin də silahlandırılması istiqamətində işləyir. Qondarma “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın təşəbbüsü ilə mülki ermənilər hərbi təlimlərə cəlb olunacaq. Fevral-may ayları olmaqla 3 ay davam edəcək təlimlərdə atəş hazırlığı üzrə dəsrlər keçiriləcək.
Mülki ermənilərin də silahlandırılmasının iki mümkün səbəbi var:
– separatçıların silahlı dəstələrində canlı qüvvə çatışmazlığını bu yolla aradan qaldırmaq istəyirlər;
– mülki ermənilərin gələcəkdə Azərbaycan vətəndaşlığının qəbul etməsi perspektivinin qarşısı alınır;
Təlimlərin önümüzdəki 3 ay müddətində nəzərdə tutulması isə separatçıların cari dövrə hazırlaşdığından da xəbər verir: mümkündür ki, terrorçu rejim Azərbaycanın hərbi müstəvidə ata biləcəyi addımların qorxusu ilə silahlı dəstələrini gücləndirir.
Lakin qondarma “qanunun” qəbulu və azad olunan ərazilərin yenidən işğal edilməsi planı separatçı-terrorçu rejimin təlimlər zamanı, xüsusilə yaz-yay aylarında Azərbaycan Ordusunun hazırda dayandığı mövqelərə təxribat hücumları həyata keçirə biləcəyini də istisna etmir. Erməni əhalinin silahlanması və mümkün təxribatlara qoşulması “əhali öz müqəddəratını təyin etmək istəyir” məsələsinin aktullaşmasına şərait yarada bilər və bu, rusların da “təhlükəsizliyi qorumaq” adı ilə bölgədə qalması imkanlarını artırır.
(Publika.az)