22 İyun 2025

Aqrar sığorta: Yeni mexanizmin tətbiqi bazara necə təsir edib?

Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu 2021-ci ilin nəticələrini açıqlayıb. Nəticələrə görə, 2021-ci ildə toplanan sığorta haqlarının məbləği 11 milyon 261 min manata çatıb. Beləliklə də Fondun aqrar sığorta üzrə bazar payı 92 faizə  yüksəlib.

Qurum ilk aqrar sığorta müqaviləsini  2020-ci ilin noyabr ayının 3-də Tərtər rayonunda yerli fermer Habil İbrahimlə imzalayıb. Bu da o deməkdir ki, Fondun fəaliyyəti əsasən ötən illə məhdudlaşır. Lakin buna baxmayaraq 2021-ci ildə Aqrar Sığorta Fondu  ölkə üzrə 350 min hektara yaxın əkin ərazisini sığortalayıb. Bitkiçilik sığortası üzrə 6 milyon 172 min manat sığorta haqqı yığılıb. Ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq, üzüm və fındıq sahələri olub. Ötən il Aqrar Sığorta Fondu tərəfindən, həmçinin 18 min 836 baş heyvan sığortalanıb. Toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib.

Sığorta ödənişlərinə gəlincə, burada vəziyyət bir qədər fərqlidir. Kənd təsərrüfatında fəaliyyətin “hər addımbaşı” risklərlə zəngin olmasına baxmayaraq Fond ötən il cəmi 152 min manat sığorta ödənişi həyata keçirib ki, bu da yığılmış sığorta haqqının 1,4 faizinə bərabərdir. Yəni, qurum 2021-ci ildə topladığı hər 100 manatdan 1,4 manatını ödəniş edib. Qalan vəsait qurumun sərəncamında qalıb. Belə ki, ödənişlərin 29 min manatı və ya 19,1 faizi bitkiçilik, 123 min manatı və ya 80,9 faizi heyvandarlıq sığortası üzrə edilib. Bitkiçilik üzrə yığılmış sığorta haqqının 0,47 faizi, heyvandarlıq üzrə isə 2,4 faizi sığorta ödənişi kimi zərərçəkmişlərə qaytarılıb. 

Lakin bu o demək deyil ki, ötən il kənd təsərrüfatı sahəsi demək olar ki, zərərdən yan keçib  və əkin sahələrini və heyvanlarını sığorta etmiş fermerlər sığorta hadisəsi ilə qarşılaşmayıblar. Ötən il ölkədəki bütün sığorta şirkətləri tərəfindən cəmi 603, 3 min manat sığorta ödənişi həyata keçirilib ki, bunun da yalnız 25,2 faizi Aqrar Sığorta Fondunun payına düşüb. Ödənişlərin 74,8 faizi ümumi sığorta yığımlarının 8 faizini toplamış şirkətlər tərəfindən həyata keçirilib.

Ötən il Azərbaycanda aqrar sığorta sahəsində ümumilikdə 12 milyon 579 milyon manat sığorta haqqı toplanıb ki, bu da 2020-ci illə müqayisədə 4,4 dəfə çoxdur. Bununla belə, ötən il sığorta ödənişləri əvvəlki illə müqayisədə 1,6 faiz azalıb. Əgər 2020-ci ildə yığılmış hər 100 manat sığorta haqqının 21,5 manatı ödəniş kimi verilmişdisə ötən il bu məbləğ 4,8 manata enib.  

Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilən sığorta mexanizminin əsas xüsusiyyətini fermerin ödəməli olduğu sığorta haqqının 50 faizi dövlət vəsaiti hesabına qarşılanması təşkil edir. Fermer 11-ci gündən 7 yaşa qədər südlük, 3 yaşadək  ətlik mal-qara, həmçinin 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlarını sığortalaya bilər. Eyni zamanda,41 adda bitki məhsulunu, akvakultura məhsullarını  sığortalamaq mümkündür. Bitkiçilik  məhsulları dolu, şaxtavurma, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, normadan artıq yağan qar yağıntıları, fırtına və  üçüncü şəxslərin hərəkətlərindən sığortalanır. Heyvanların sığortalanmasına gəlincə, buraya  zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, yanğın və üçüncü şəxslərin hərəkətləri ilə bərabər, bəzi istisnalarla yoluxucu xəstəliklər,  ilan və ya həşərat sancması, zəhərli otlar və ya yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu kimi risklər aiddir. Həmçinin akvakultura məhsulları da bu kimi və digər risklərdən sığortalanır.