23 Dekabr 2024

DYP Şabranda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Şabranda 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DYP-dən “İki sahil”ə verilən məlumata görə, ötən gün saat 12:45 radələrində Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən 6-cı km-də sürücü 2000-ci il təvəllüdlü Azizov Abduljalil Elbrusoviç “Volvo FH12” markalı, H454XO05 qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Yalama istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun əks hərəkət zolağına çıxıb. Bu zaman qarşıdan Gəndob istiqamətində hərəkətdə olan 1960-cı il təvəllüdlü Əfəndiyev Zəbişah Əbdülhəqq oğlunun idarə etdiyi “VAZ 21061” markalı, 17-BD-506 dövlət qeydiyyat nişanlı, sonra 1985-ci il təvəllüdlü Paşayev Cəbrayıl Elşad oğlunun idarə etdiyi “Opel Vectra” markalı, 27-BK-291 dövlət qeydiyyat nişanlı və 1987-ci il təvəllüdlü Nuriyev Tural Əjdər oğlunun idarə etdiyi “VAZ 211440” markalı, H954OH05 qeydiyyat nişanlı avtomobillərlə toqquşub və “Volvo FH12” markalı yük avtomobili Yalama istiqamətində yolun sol kənarına çıxaraq aşıb.

Qəza nəticəsində “VAZ 211440” markalı nəqliyyat vasitəsində olan sərnişinlər 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbaba oğlu və onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Babayeva Səlminaz Xudat qızı, eləcə də “VAZ 21061” markalı nəqliyyat vasitəsində olan sərnişin 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı ölüb, qeyd olunan hər iki nəqliyyat vasitəsinin sürücüsü isə xəsarət alıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.