23 İyun 2025

Sahibkarlıq ölkənin ən başlıca strateji resursudur

Artıq 3 ilə yaxındır ki, dünya ölkələrinin koronavirus pandemiyasının “əsirinə” çevrilməsinə rəğmən  Azərbaycan iqtisadiyyatı öncəki illərdə olduğu kimi, yenə də özünün davamlılığını nümayiş etdirir. Pandemiya dövründə əksər ölkələrdə fəaliyyət göstərən sahibkarlar tətbiq olunan məlum məhdudiyyətlərə görə ciddi maliyyə itkiləri ilə üzləşdilər.  Onu da qeyd edək ki, hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi həmin ölkədə sahibkarlıq fəaliyyətinin inkişaf meyilləri ilə əlaqədardır. Belə ki, iqtisadiyyatın davamlı olması ölkəyə daxil olan pul vəsaitlərinin xüsusi çəkisi ilə xarakterizə olunur. Gəlir əldə olunmasında ən əsas vasitələrdən biri isə sahibkarlıq fəaliyyətinin müstəsna inkişafıdır. Çünki iqtisadi inkişafa daha çox təsir göstərən əsas amillər məhz kiçik və orta sahibkarlıq fəaliyyətidir. Bir çox sahələr kimi, ölkəmizdə son illər kiçik və orta biznesin inkişafına da xüsusi diqqət yetirilir: təlim proqramları keçirilir, subsidiyalar və kreditlər ayrılır. Yeri gəlmişkən qeyd edək ki, ötən il Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi arasında korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin birgə təbliğinə dair Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq üzrə sahibkarların və biznes assosiasiyaların korporativ dayanıqlılıq, BMT-nin Qlobal Sazişi haqqında məlumatlandırılması, ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq qurumların fəaliyyət proseslərinə inteqrasiya edilməsi, qurumların əməkdaşlarının sahəvi bacarıqlarının artırılması və s. istiqamətində müvafiq işlərə başlanıb. Yeni-yeni binalar, müəssisələr tikilib istifadəyə verilib. Əkin dövriyyəsinə yeni sahələr cəlb olunub. Yeni infrastruktur layihələri həyata keçirilib.

44 günlük İkinci Qarabağ savaşından dərhal sonra işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərən yerli və xarici sahibkarlıq subyektlərinin müraciətlərinin qəbuluna başlanıldı və proses hazırda da davam etdirilir. İşğaldan azad edilmiş ərazilər sənaye və tikinti əhəmiyyətli müxtəlif növ materiallarla zəngindir. Eyni zamanda, həmin ərazilər zəngin su ehtiyatlarına malikdir ki, bu da ölkəmizin sənayesi və kənd təsərrüfatı üçün müstəsna əhəmiyyət kəsb edir. Bölgədə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif  tərkibli mineral su yataqları vardır. Bütünlükdə Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının təxminən 40%-i işğaldan azad edilən rayonların payına düşür.  İndi sürətlə bərpa və quruculuq işləri aparılan işğaldan azad edilmiş torpaqlarımızda  sahibkarlığın müxtəlif mülkiyyət formalarında geniş şəbəkəsinin yaradılması üçün kifayət qədər xammal və enerji resursları mövcuddur.

Sahibkarlıq ölkənin ən başlıca strateji resursudur. Qeyri-neft sektorunun aparıcı hissəsi özəl sektordur. Özəl sektorun da əsas subyekti sahibkarlıqdır. Azərbaycan sahibkarı üçün bu gün kifayət qədər münbit şərait yaradılır. 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 287,7 milyon manat olan 1902 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3200-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 59%-i kənd təsərrüfatı, 33%-i sənaye məhsullarının istehsalı və emalı, 3%-i turizm, 5%-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 76,2%-i regionların, 23,8%-i isə Bakı qəsəbələrinin payına düşür. 2021-ci il ərzində güzəştli kreditlərin layihə sayı üzrə 99,6%-i, kreditin məbləği üzrə isə 88,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Pandemiyadan zərər çəkmiş sahibkarlara 2021-ci ildə də dövlət zəmanətli kredit və subsidiyanın verilməsi davam etdirilib. Ümumilikdə, dəstək proqramı çərçivəsində 2631 müraciət üzrə 500 milyon manat bank kreditinə 291,9 milyon manat zəmanət verilib. Zəmanət verilmiş müraciətlərdən kredit məbləği 499,8 milyon manat, zəmanət məbləği 291,8 milyon manat olan 2630-u hüquqi qüvvəyə minib. Proqram üzrə 31 dekabr 2021-ci il tarixinə 15,3 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək.

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı bildirib: “Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Yəni, ümumiyyətlə, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasətimiz bütün sahələrdə özünü göstərir. Təbii ki, iqtisadi sahə istisna deyil”.