23 İyun 2025

Pensiyaların və pensiya kapitalının artımı kimə nə vəd edir? – izah

İki gün əvvəl  Prezident İlham Əliyev əmək pensiyalarının artırılması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən əmək pensiyalarının sığorta hissəsi 2022-ci ilin əvvəlindən 3,4 faiz artırılır. Bundan əlavə, əmək pensiyaçılarına 200 manat həcmində birdəfəlik maddi yardım ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) hesab edirlər ki, Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı dövlət başçısının pensiyaçılara növbəti qayğısıdır: “Sərəncam COVİD-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir. Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi 3,4 faiz təşkil edib.

Nazirliyin məlumatına görə, 200 manatlıq yardımın ilk 50 manatı fevral ayının pensiyaları ilə   birgə veriləcək. Bu həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq: “Beləliklə, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faizədək olacaq.

Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6,7 faiz) üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir”.

ƏƏSM-in hesablamalarına əsasən pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92 faizini və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək. Eyni zamanda qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.

Prezidentin sərəncamı ilə həmçinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır: “Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir”.

Yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə  2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Məlumat üçün bildirək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, əmək pensiyaçılarına 200 manat yardımın ayrılması keçən il ərzində nominal əmək haqqının az artması ilə bağlıdır: “200  manat məbləğində maddi yardımın ödənilməsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinin cəmi 3,4 faiz təşkil etməsi ilə əlaqədardır. Keçən ildəki və o cümlədən real olaraq inflyasiya templəri və bahalaşma ilə əlaqədar olaraq pensiyaçıların sosial müdafiəsi qayğısına qalmaq baxımdan bu, müsbət addımdır. Bunun nəticəsində artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək”.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” -

Pərviz Heydərov: “Minimum pensiyanın artması onu almaq hüququ verən yığım kapitalını da artırıb”

Ekspertin sözlərinə görə, cari ilin yanvarın 1-dən minimum pensiya məbləğinin 240 manat edilməsi ilə əlaqədar ölkədə 2022-ci il üzrə pensiya kapitalının minimum məbləği də artıb: “Hazırda minimum pensiya kapitalı yanvarın 1-dən 34 560 manat təşkil edir. Bundan əvvəl 28 800 manat idi. Qeyd edim ki, qanunvericiliyə əsasən, pensiya yaşına çatmış şəxs pensiya hüququna malik olmaq üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına və yaxud da azı 25 il sığorta stajına sahib olmalıdır. Onu da izah edim ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 240 manatın (ölkə üzrə minimum pensiya məbləğini) 144-ə vurulması ilə müəyyən edilir. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı əsas götürülür. Düzdür, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərin avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə əldə etmək və əmək pensiyası hüququ qazanmaq imkanları da vardır. Lakin sözüm bunda deyil. Pensiya yaşına çatan, lakin bu sahədə heç bir hüquqa malik olmayan şəxslər də dövlətin sosial sığorta və təminat siyasəti mexanizmindən yararlanırlar onsuz da… Belə ki, 2020-ci ildən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirildiyindən pensiya yaşına çatıb, pensiya hüququ olmayan şəxslərə yaşa görə ayda 180 manat müavinət ödənilir. Ancaq toxunmaq istədiyim məsələ başqadır. Sual yaranır ki, vətəndaş 34560 manat minimum pensiya kapitalını toplamaq üçün neçə il işləməlidir? Və yaxud ölkədə minimum pensiya məbləği hər dəfə artırılarkən pensiya hüququna sahib olmaq imkanı məhdudlaşmır ki? Məsələnin əsas qəliz tərəflərindən biri də məhz bundan ibarətdir. Belə ki, sığorta-pensiya mexanizmində səmərəliliyi genişləndirməkdə diqqətə alınması vacib sayılan və ən çox çətinlik törədən məsələ elə budur”.

P.Heydərov vurğulayır ki, minimum pensiya məbləği artan zaman buna sevinənlər olduğu kimi, zəruri pensiya kapitalı məbləği uğrunda çarpışan vətəndaşlar da bundan zərər çəkməməli və analoji hissi yaşamalıdırlar: “Yəni bunlar uzlaşmalıdır. Lakin yuxarıda qeyd etdiyim kimi, pensiya təminatına imkan verən pensiya kapitalı 240 manatın, yəni ölkə üzrə minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən edilir ki, 144 ay isə 12 il deməkdir. Məcburi dövlət sosial sığorta haqqının əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyini, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənildiyini nəzərə alsaq, ölkədə çox nadir işçinin ardıcıl olaraq 12 il ərzində hər ay 240 manat vəsait köçürmək iqtidarında olduğunu izah etməyə ehtiyac yoxdur. Bunun üçün ya maaşlar kifayət qədər yüksək olmalı,  yaxud da məcburi dövlət sosial sığorta ayırmaları dərəcələri artırılmalıdır”.

Artıq “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək” – Vüqar  Bayramov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Vüqar Bayramov: “Vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, sərəncamda nəzərdə tutulan artım və maddi yardım pensiyaçıların çoxunu əhatə edəcək: “İndeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. ”Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Sənəddə əmək pensiyaçılarına il ərzində yardımın nəzərdə tutulması həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından vacib addımdr. Bu yardım orta pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlara təsir göstərəcək. Belə ki, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə aylıq olaraq orta hesabla 17 manata (200 manat/12) yaxın əlavə deməkdir. Bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində orta hesabla 6.6 faiz artım deməkdir (17 manat/250 manat X 100.0 faiz). Indeksasiya faizini də nəzərə aldıqda bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin son sərəncamla orta hesabla 10.0 faiz (6.6  faiz +3.4  faiz) artacağı anlamına gəlir. Bu halda 250 manat pensiya alan vətəndaşımızın pensiyası aylıq 8.5 manat artacaq və onun kartına hər rüb əlavə olaraq 50 manat köçürüləcək. Digər məbləğdə əmək pensiyası alanlar üçün hesablama belə olacaq: aylıq pensiya məbləğinin üzərinə 3.4 faiz əlavə olunacaq və hər rüb 50 manat vəsait ayrıca ödəniləcək. Məsələn, 500 manat əmək pensiyası alan vətəndaşın pensiyasının üzərinə aylıq 17.0 manat (500 manat X 3.4 %/ 100 %) əlavə olunur və bununla yanaşı, həmin şəxsin kartına il ərzində hər rüb 50 manat, il üzrə 200 manat ödəniləcək”.