Masallıda arıçılığa maraq böyükdür
Son illər Masallı rayonunda kənd təsərrüfatı məhsullarının istehsalında xeyli artım vardır. Torpağa, zəhmətə ürəkdən bağlanan masallılar ölkə rəhbərinin “Əhalinin sağlam və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi haqqında” tapşırıqlarına yüksək səviyyədə əməl etməklə özlərinə də gözəl gün-güzəran qura bilirlər.
Qədim və maraqlı təsərrüfat sahəsi olan arıçılığın inkişafı məqsədilə rayonda mühüm tədbirlər görülür. Bu yandan da dövlət hər arı ailəsinə görə onu bəsləyənə 10 manat subsidiya verir. Hazırda Masallıda ayrı-ayrı təsərrüfatlarda 20 mindən çox arı ailəsi mövcuddur. Bu sahədə artıq zəngin təcrübəyə malik arıçılar çoxdur. Onların gərgin əməyi hesabına rayonda hər il tonlarla bal istehsal edilib bazar və yarmarkalara çıxarılır. Masallı balı keyfiyyətinə görə seçilir, həmişə alıcısı olur. Həm də əmək tutumlu olan arıçılıq insanların həyat tərzinə, rayon iqtisadiyyatının inkişafına müsbət təsir göstərir.
Günlərin əlverişlı keçməsindən istifadə edən arıçılar cari ildə məhsuldarlığı artırmaq üçün yaza hazırlıq işlərini görürlər . Qutularda təmizlik işləri aparılır, boş çərçivələrin yeri dəyişdirilir, əlavə arı ailələrinə görə şərait yaradılır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü