24 Dekabr 2024

Unikal və çoxşaxəli münasibətlər

“The National İnterest” nəşrindən ABŞ-a tövsiyə: “Xarici siyasətə qərəzsiz və balanslı yanaşma sayəsində Azərbaycanla İran səmimi və dürüst danışıqlar apara bildilər. Bu, ABŞ və İranın qarşılıqlı etimadsızlıq dairəsində ilişib qaldığı situasiyadan xeyli fərqlənir”.
 
“Birləşmiş Ştatlar və İran arasında Birgə Hərtərəfli Nüvə Fəaliyyət Planına (JCPOA) qayıtmaq üçün danışıqlar davam etsə də, müşahidəçilər vaxtın daraldığını və kompromis əldə edilməməsinin ciddi beynəlxalq nəticələrə səbəb ola biləcəyini bəyan edirlər. Razılaşmaların əldə olunacağına şübhə ilə yanaşan amerikalı müşahidəçilər və xarici siyasət ekspertləri, yaxşı olardı ki, İran və Azərbaycan arasında uğurlu razılaşmaların ardıcıllığına diqqət yetirsinlər”. Bu fikir Qərbin nüfuzlu “The National İnterest” nəşrində əks olunub. Məqalədə vurğulanır ki, son vaxtlara kimi İran və Azərbaycan arasında gərginlik hökm sürsə də, qısa zaman kəsiyində ölkələr arasında diplomatik münasibətlərdə və qarşılıqlı mənfəət doğuran məsələlərdə ciddi nailiyyətlər əldə olunub.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Azərbaycan nümayiş etdirdi ki…
 
Müəllif yazır ki, 2021-ci il aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilmiş ərazilərə səfər edərək Azərbaycan və İran sərhədini “dostluq sərhədi” adlandırıb. “Bu bəyanat digər jestlərlə yanaşı, Azərbaycanın münasibətləri qəsdən pisləşdirməyə çalışmadığını nümayiş etdirdi. Daha sonra rəsmi Bakı Tehrana bildirib ki, İran yük maşınlarının müvafiq gömrük nəzarəti olmadan Qarabağa daxil olmasını ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirir. İlham Əliyev deyib ki, Bakı əvvəlcə İrana şifahi xəbərdarlıq edib. Azərbaycan ikinci dəfə Tehrana rəsmi nota göndərib. Ermənistanla İranı birləşdirən avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində nəzarət-buraxılış məntəqələri, gömrük və polis postları qurulub. Qarabağa gedən İran yük maşınlarının sürücüləri həbs edilib”, – deyə məqalədə vurğulanır.
 
Tehran təslim olmamışdan əvvəl…
 
Qərb nəşri onu da yazır ki, iranlı sürücülər qeyri-qanuni yollarla Qarabağa daxil olmaq üçün yük maşınlarına erməni nömrələri quraşdıraraq fırıldaq etməyə cəhd ediblər: “İkinci Qarabağ müharibəsinə qədər Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində İranın qeyri-qanuni mövcudluğu ilə bağlı digər hallar da qeydə alınıb. Lakin Tehran ya bunu təkzib edib, ya da yük maşınlarının özəl şirkətlərə məxsus olduğunu və hökumətin özəl bizneslərin fəaliyyətinə nəzarət etmədiyini iddia edib. Tehran yük maşınları məsələsində təslim olmamışdan əvvəl İran Azərbaycanla sərhəddə hərbi manevrlər keçirib. Bakı və bəzi xarici müşahidəçilər bunu İranın Azərbaycanı qorxutmaq cəhdi kimi qiymətləndirsələr də, nəticə vermədi. Bu gərginliyin aradan qaldırılması üçün diplomatik normallaşma prosesi İran hökumətinin yük maşınlarının qeyri-qanuni yollarla Qarabağa daxil olmasına qadağa qoyulması ilə bağlı Bakının yeganə və tamamilə əsaslı tələbini yerinə yetirməsi ilə başladı”.
 
Razılaşma mümkündür

Nəşr vurğulayır ki, diplomatik normallaşma nəticəsində yaranan mühit hər iki ölkənin xeyrinə oldu: “Ötən ilin sonunda, noyabrın 28-də İran və Azərbaycan prezidentlərinin Türkmənistanda görüşü olub və bu görüşdə tərəflər mühüm və konstruktiv razılaşmalar əldə ediblər. İran, Azərbaycan və Türkmənistan qaz tədarükü haqqında razılığa gəliblər: müqavilənin şərtlərinə əsasən, Türkmənistandan hər il İran vasitəsilə Azərbaycana 2 milyard kubmetrədək qaz tədarük ediləcək. Bunun ardınca başqa müsbət xəbərlər gəldi. Dekabrın 7-də İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Xadəmi Azərbaycan və İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün tikiləcəyini bildirib. Dekabrın 8-də İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutunun təşkili barədə razılığa gəliblər. Dekabrın 11-də İranın Qaz Nəqliyyatı Şirkətinin baş icraçı direktoru Mehdi Cəmşidi Dana bildirib ki, İranda mövcud infrastruktur üçtərəfli sazişdə nəzərdə tutulduğundan daha çox qazın tədarükünə imkan verir. Türkmənistan və İran qaz ehtiyatlarının TANAP və TAP qaz kəmərləri ilə Avropa bazarına mümkün nəqli geosiyasi uyğunluğu dəyişə bilər. Hazırda Avropa ölkələri tarixin ən pis enerji böhranından biri ilə üz-üzədir”.  
 
Gözlənilənin əksinə
 
Məqalədə qeyd olunur ki, bu razılaşmalar ABŞ və İranın qarşılıqlı etimadsızlıq dairəsində ilişib qaldığı situasiyadan   xeyli fərqlənir. “Xarici siyasətə qərəzsiz və balanslı yanaşma sayəsində Azərbaycan və İran səmimi və dürüst danışıqlar apara bildilər. Bu, sırf Azərbaycanla İran arasında yaranmış son gərginlik əsasında geniş geosiyasi bəyanatlar verməyə və yanlış nəticələr çıxarmağa tələsən ekspertlərin diqqətindən yayınıb. Məsələn, son eskalasiya zamanı bəzi analitiklər İranın mövqeyini dəstəkləməyə tələsdilər. Bu cür ekspertlərin fikrincə, Bakı məqsədyönlü geosiyasi gündəmin bir hissəsi kimi İranla gərginliyi qəsdən artırmağa çalışırdı. Bir çox Qərb ekspertləri çox vaxt Azərbaycanın xarici siyasətinin mahiyyətini və məntiqini dərk edə bilmirlər. Bəzi keçmiş sovet ölkələrinin xarici siyasətini “qərbyönümlü”, “rusiyapərəst”, “israilyönlü” və s. kimi bəsit kateqoriyalara bölmək və bununla da dövlətlərin olması ehtimalını tamamilə inkar etmək xoşagəlməz bir tendensiya yaradır”.  

Məqalənin sonunda vurğulanır ki, Azərbaycan-İran münasibətləri unikal, çoxşaxəli və mürəkkəbdir: “Təəssüf ki, İranla bağlı ənənəvi Qərb liberal təsəvvürlərindən hədsiz dərəcədə təsirlənən müşahidəçilər, bu münasibətləri izah edə bilmir və onların izahatları çox vaxt təbliğata çevrilir. İndi Azərbaycanla İran arasında münasibətlərin yaxşılaşması sınanılma mərhələsindədir”.