24 Dekabr 2024

Sözsüz bir şeir və ya həyatın özü – bu dəfə tam fərqli

(Leyla Əzimbəyovanın fərdi yaradıcılıq sərgisindən)

Bəhruz Kəngərli adına Sərgi Salonuna daxil oluram. İlk baxışdan salonda möhtəşəm mənzərələr gözümə dəyir. Bütün rəsmlərə eyni anda baxmağa tələsirəm. O qədər gözəl və peşəkarcasına işlənmiş rəsmlərdir ki. Hansı rəsmə baxıramsa, hamısında bir nüansı görürəm: gənc və istedadlı rəssamın dünyagörüşünün çox geniş olduğunu. Dünyagörüşü deyəndə təkcə mövzu genişliyini deyil, həm də rəng çeşidinin çoxluğunu, parlaqlığını, bir mövzunu bir neçə fərqli üslubda işləmək bacarığını, müəllifin milli-mədəni dəyərlərimizin əhatəsində formalaşdığını, məharətini, geniş təxəyyülünü, səmimiyyətini, özünəinamını, uşaqlıqdan formalaşan rəssamlıq sevgisinin onda yaratdığı həyat eşqini görürəm. Bir sözlə, valehedicidir. Rəssam geniş təxəyyülünün ərsəyə gətirdiyi, baxdıqca doyulmayan natürmortları, portretləri, peyzajları, kompozisiyaları ilə insanı sanki bir rəsm səyahətinə çıxarır. Bu səyahət o qədər mənalı, düşündürücü, emosional, təsiredici, sevgi dolu, cəzbedicidir ki, zamanın necə gəlib keçdiyini belə, hiss etmirsən.

Bu əsərlərdə “Əlvan həyat”ın çoxçeşidli rənglərlə gözəlliklərini, “Payız”ın müxtəlif çalarlarını, “Söhbət”lərdə qadın əhvali-ruhiyyəsini, “Süfrə”, “Yemək vaxtı”, “Şirinçay”, “Ovaxtkı toylar”, “İndiki toylar”, “Sezansayağı” rəsmlərində yaşayan adət-ənənələrimizi, “Gün batımı”, “Fırtına”, “Arpaçay”, “Xatirələr”, “Möcüzələrə baxış”, “Sahil”, “Biçənək”, “Həyətlər”, “Möminə xatın” adlı rəsmlərdə rəng çalarlarının cazibəsini, “Sakitlik”, “Bağda”, “Gözəl gül”, “Zeytunlu natürmort”, “Narlar”, “Qarağat”, “Payız nemətləri”, “Anbar”, “Sarı natürmort” əsərlərində yağlı boyanın məharəti ilə forma gözəlliyinin vəhdətini, “Güləndam”, “Sərvər”, “Ana-bala” rəsmlərində müasir insan surətlərinin aydın fikirlə ifadəsini görürəm. Sözsüz bir şeirdir bu əsərlər…Məşhur fransız rəssamı Pol Sezan deyirdi ki, rəssam çox və ya az miqdarda öz modelinin və əsasən, öz ifadə vasitələrinin sahibidir. Həqiqətən də, Leyla xanımın fırçasının gücü ilə ərsəyə gələn rəsmlərə baxdıqda onun özünəməxsus yanaşmasının, öz ifadə vasitələrinin köməyi ilə düşüncələrini dilləndirdiyini və fikirlərini tamaşaçıya yormadan çatdırmaq qabiliyyətinin də şahidi oluram. Məhz bu qeyri-adilikdir ki, ötən ilin dekabrında, eləcə də bu il yanvarın 14-də yuxarıda adını çəkdiyim əsərlərindən ibarət “Fərqli olaraq” adlı fərdi yaradıcılıq sərgisi açılıb. Adı kimi tamaşaçıları fərqli bir aləmə aparan, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən bu sərginin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iştirak etmiş, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Bu gün sərgisi keçirilən Leyla Əzimbəyovanın özünəməxsus janr üslubu var. Onun əsərlərində həyat olduğu kimi görünür, rəng seçimləri heç də bədbin deyil, əhvali-ruhiyyə yaradan rəng­lərdir. Leyla Əzimbəyovanın fərdi yaradıcılıq sərgisi Bakı şəhərindən sonra Naxçıvanda keçirilir, onun əsərləri ölkəmizin tanınmış rəssamları tərəfindən yüksək dəyərləndirilir… Bugünkü sərgi muxtar respublikanın mədəni həyatında bir hadisədir. Çünki Leyla Əzimbəyovanın yaradıcılığı muxtar respublikanın, ümumilikdə isə ölkəmizin rəssamlıq sənəti sahəsində yeni bir formadır, janrdır”.

Sərgidə Leyla Əzimbəyovanın əsərləri əsasında hazırlanan “Fərqli olaraq” adlı albom-kataloqu və rəssamın 38 əsəri nümayiş etdirilmişdir.

Təbiidir ki, uzun müddət yaddaşlardan çıxmayacaq bu sərgi, eləcə də müəllifin yaradıcılığı haqqında naxçıvanlı rəssamlar, tələbə-gənclərlə həmsöhbət oluram.
Ülviyyə Həmzəyeva – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı: – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə müxtəlif vaxtlarda açılan 2 sərgisində rəssamın son dövr yaradıcılığına aid 40-a yaxın əsəri sərgilənib. Qeyd edim ki, Leyla xanımın sənət yolu çox maraqlı, rəngarəngdir. Onun sənətin beşiyi Naxçıvanda dünyaya gəlməsi, eləcə də ailəsində Naxçıvan rəssamları içərisində istedadı, məhsuldar yaradıcılığı ilə fərqlənən rəssamlardan biri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Mir Cəlil Seyidovun olması da buna təsirsiz ötüşməyib. Mir Cəlil Seyidov bir vaxtlar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri də olmuşdur. Məhz buna görədir ki, Leyla xanım tibb üzrə ali təhsil alsa da, onun qəlbi hər zaman təsviri incəsənətlə döyünüb. Rəssam olmaq istəyi onu sevdiyi işlə məşğul olmağa vadar edib. Ona görə deyirlər ki, sənət insanı hər zaman özünə tərəf çəkir. Leyla Əzimbəyova, mən deyərdim ki, Naxçıvan rəssamlıq məktəbinin bu gün ən layiqli nümayəndələrindən biridir. Onun əsərlərində rəngarənglik, kolorit, güclü fırça, işıq və kölgə zərbələri, ümumiyyətlə onun həyata baxışı fərqlidir. Yəni onda sırf rəssama aid olan dünyagörüşü var. Leyla xanım Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magistratura təhsil pillələrini bitirib. Xalq rəssamları Ömər Eldarov, müəllimi Səlhab Məmmədov, digər sənətşünaslar Leyla xanım haqqında həmişə çox yüksək, müsbət fikirlər səsləndirib, onun yaradıcılığını yüksək qiymətləndirirlər. Gənc rəssamın əsərlərində bu gün həm akademizm, həm özünəməxsus stil, həm də eksperimentlər görə bilirik. O, fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi Pol Sezan, Qərb incəsənət tarixinin ən görkəmli simalarından biri olan Vinsent Van Qoq yaradıcılığından da təsirlənib. Əsərlərində də o rəngarəngliyi, sarının gözəl işığını görüb, duya bilirik. Leyla xanımın akademiyada oxuya-oxuya bir çox əhəmiyyətli festivallarda – “Nəsimi ili”nə həsr olunmuş festivalda, Şuşada keçirilən “Xarıbülbül” festivalında iştirak etməsi o deməkdir ki, o özünü artıq sənət aləmində tanıdıb. Çünki o, daim axtarışdadır. Onun “Kuklalar”, “Ovaxtkı toylar”, “İndiki toylar”, “Güləndam”, “Sərvər” kimi rəsmlərində özünəxas, fərqli fiqurlardan istifadə edilib. Fikrimcə, o, əgər “Kuklalar” tematikasını davam etdirsə, gələcəkdə də böyük uğur qazanacaq. Onu, xüsusilə qeyd edim ki, keçirilən sərgi muxtar respublikada möhtəşəm mədəniyyət hadisələrindən biri idi. Bundan sonra da Rəssamlar Birliyində maraqlı sərgilər olacağına inanıram.

Vurğulayım ki, rəssamlar fəaliyyət göstərdikləri yerin mədəni sərvətidir, mədəni mühitin göstəricisidir. Əgər rəssam varsa, demək, mədəni mühit də inkişaf edir və yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən rəssamlarımız hər zaman diqqət və qayğı ilə əhatə olunub. Diyarımızda rəsm festivallarının keçirilməsi, rəssamlarımızın fərdi sərgi və yubileylərində cənab Sədrin şəxsən iştirakı həmişə incəsənət adamları üçün böyük stimul olub. Ötən il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Bu tədbirdə Ali Məclisin Sədri iştirak etdi, rəssamlarımıza öz tövsiyələrini, məsləhətlərini verdi və biz də bu tövsiyələri rəhbər tutaraq yolumuza uğurla davam edirik.

Hüseynqulu Əliyev –  Azərbaycan Respublikasının Xalq rəssamı: – Bu fərdi sərgi onu deməyə imkan verir ki, Naxçıvanda qadın rəssamlar sırasında Azərbaycanın Xalq rəssamı Elmira Şahtaxtinskayadan sonra uğurlu, bacarıqlı rəssamlarmız görünür. Məhz elə Ülviyyə Həmzəyeva, Həbibə Allahverdiyeva, Ləman Məmmədova, Fizzə Quliyeva və Leyla Əzimbəyova kimi. Onların hərəsinin öz yaradıcılıq yolu var. Leyla xanım isə fərqliliyinin ən ümdə tərəfini sərgidə özünün akademik üsluba olan yanaşmasında göstərə bildi. Leyla Əzimbəyovanın əsərlərində akademizm, realizm üslubu özünü çox düzgün, kəskin göstərir. Onun əsərlərinin müxtəlif janrlı, müxtəlif sahəli olması da çox maraqlıdır. Rəssam var ki, ancaq natürmort, mənzərə, tematik mövzulardan birində özünün xüsusi ştrixləri ilə seçilir, lakin bu sərgidə dediyim janrların hamısında bacarıqlı əsərlər gördüm. Onun tematik mövzular sırasında “Söhbət” adlı iki eyniadlı əsəri var ki, bir-birinə yaxın mövzu olsa da, əsərdəki obrazların çoxfiqurlu olması həm əsərin çətinliyini, mürəkkəbliyini, həm də buradakı qadın fiqurların psixoloji durumlarını təsviri sənət, rəngkarlıq yolu ilə gənc rəssam bu yaşında bacarıqla göstərə bilmişdir. Leyla xanımın təkcə tematik mövzular, portret, insan obrazlarından başqa Şərq sənət üslubuna, memarlıq üslubuna məxsus olan bir neçə əsəri vardır. O, “Həyətlər” adlı rəsm əsərində təkcə gördüyü binaların formasını təsvir etməklə kifayətlənməmiş, onların həm də hansı məkana, hansı millətə, hansı əraziyə aid olduğunu göstərə bilmək qabiliyyətinə də malik olmuşdur. Bu da rəssamın çox dərin düşüncəyə, dünyagörüşə malik olduğunun bariz ifadəsidir. Ən gözəl, insanın ovqatını oxşayan, onun ruhu ilə uyğun gələn əsərləri sırasında natürmortları daha şirin, daha gözəldir. Onun “Payız” əsərləri var ki, bu əsərlərin hamısında insan ovqatını darıxdırmayan, adama rahatlıq gətirən rəng çalarları ilə payızın qızıl, bərəkətli, bol sərvət gətirən təbiətin bir hissəsi olduğunu görə bilirik. “Ana-bala” əsərində bu iki obrazın bir-birinə nə qədər doğma olmasını portretdən, xarakterdən, xasiyyətdən, rəngdən, evdəki mühitdə olan əşyalardan hiss etmək və birinin gənc, o birisinin isə dünyagörmüş insan kimi əsl azərbaycanlı xarakterində olduğunu görmək olur. Bu əsərlərdə Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkar­lar sırasında Böyükağa Mirzəzadənin üslubundan ştrixlər aydın görünür. Onun istifadə etdiyi şirin, bal kimi axan rəngləri müəllifin “Narlar” natürmortunda görmək olar. Mikayıl Abdullayev kimi böyük sənətkarın akademik üslubundan qidalanan bir gənc kimi yaratdığı əsərdə özünəməxsusluğunu ortaya qoyması da çox fərəhləndirici haldır. Bu o deməkdir ki, Naxçıvanımızda yeni gənc rəssamlar yetişir. Qadın rəssamlarımız, xüsusilə fərqlənirlər. Leyla xanım Əzimbəyova bilirəm ki, Azərbaycan rəssamlığına şöhrət gətirəcəkdir.

Nizami Alıyev –  Naxçıvan Rəssamlar Birliyinin üzvü, sənətşünas alim: – Gənc rəssam Leyla Əzimbəyovanın yaradıcılığı haqqında məlumatım var idi, lakin görməyənlər sərgi salonuna daxil olarkən soruşurdular ki, bu, hansı xarici rəssamın sərgisidir. Həqiqətən də, onun yaradıcılığında fransız impressionistlərinin, xüsusilə gürcü rəssamlarının izini görmək olur. O, çox mükəmməl, rəng koloritinə malik, gənc olmasına baxmayaraq, çox uğurlar əldə etmiş bir rəssamdır. Onun əsərlərində müəllifin öz yorumunu, fəlsəfi düşüncəsini, poetik dillə təsvirini görürsən. Yəni onun hər bir əsərində ürəyinin izi vardır. Onun istər portretlərində, istər tək və çox fiqurativ kompozisiyalarında, eləcə də mənzərə və natürmortlarında öz fəlsəfi dünyagörüşünün poetik təsvirinə rast gəlirsən. Hər birini öz süzgəcindən keçirib yaradır. Leyla Əzimbəyovanın rəssam kimi ən böyük üstünlüklərindən biri də odur ki, onun rəngləri bişmişdir. Rəsmdə rəngi bişirmək əsas amillərdən biridir. Hər rəssam da buna nail ola bilmir. Leyla xanım gənc olmasına baxmayaraq, işi harada bitirməyi, tamaşaçıya nə demək istədiyini yaxşı bilir. Bu sərgi, şübhəsiz, gənc rəssamlarımız üçün böyük bir stimul, həm də muxtar respublika rəssamlığı üçün yeni nəfəs oldu. 
Telman Abdinov –  Azərbaycan Respublikasının Əməkdar rəssamı: – Son dövrlərdə diyarımızda rəssamlığa meyil artıb, gənc rəssamlarımız yetişirlər, maraqlı əl işlərini sərgiyə qoymaqla tamaşaçıları da cəlb edirlər. Sevindiricidir ki, qadın rəssamlarımız da sərgilərlə iştirak edir, öz əsərləri ilə seçilirlər. Onlardan da biri Leyla Əzimbəyovadır. Leyla xanımın beş-altı il bundan əvvəlki  işləri ilə, bugünkü əsərlərini müqayisə edəndə görürsən ki, nə qədər inkişaf vardır. Həm kompozisiya, kolorit, həm də rəssamlıqda bir sıra bilinməyən yolları tətbiq etmək baxımından. O, rəssamlığın bütün janrlarında işləməyi bacarır, kətan üzərində yağlı boya ilə “Sezansayağı” əsərini çox böyük ustalıqla işləyib. “Anbar” əsərində rəngi, fakturanı olduğu kimi verməyi bacarıb. “Zeytunlu natürmort” əsəri çox xoşuma gəldi. Burada kətana baxanda rənglərin yerində vurulması, professionallıq hiss olunur. Mənə elə gəlir ki, o, bir müddətdən sonra Azərbaycanın görkəmli rəssamlarından biri olacaq və dünyada tanınacaq. Çünki o bu sənəti sevir. Həkimliyi bitirsə də, mən deyərdim, Leyla xanımın birinci sənəti rəssamlıqdır. Onun belə gözəl sərgiləri bundan sonra da davamlı olsun. 
Sərgi Salonunda Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəngkarlıq ixtisasının tələbələrini görürəm. Onlar da bu maraqlı sərgiyə baxmağa gəliblər.  Təsviri incəsənət ixtisasının I kurs tələbəsi Sehran İsayeva bu sərgidən yadında qalan anları bölüşərək qeyd etdi ki, sərgi onun diqqətini çox cəlb edib. Xüsusilə də rəsm əsərlərində milli adət-ənənələrimizin təsviri, gözəl təbiət mənzərələri, milli mətbəximizdən nümunələr, keçmişlə müasir dövrün müqayisəsi onda xüsusi maraq oyadıb: “Rəsmlərdə işlədilən yağlı boyalar, işıq-kölgə effektlərinin mütənasibliyi rəssamın peşəkarlığından xəbər verir. Buradan aldığım ilhamla çalışacağam ki, əvvəl və indinin müqayisəsini göstərən kətan üzərində bir rəsm əsəri işləyim. Məsələn, qədim və indiki Naxçıvan şəhərini işləyə biləcəyimi düşünürəm. Bu sərgini təşkil edənlərə minnətdaram ki, biz gənclər də belə maraqlı və cəlbedici sərgilərdən nələrsə öyrənə bilirik”.

Qeyd edək ki, həm Bakıda, həm də Naxçıvanda satılacaq əsərlərdən əldə olunacaq vəsaitlər ölkə Prezidenti tərəfindən yaradılmış “YAŞAT” Fonduna köçürüləcəkdir. Bu da ərazi bütövlüyümüzün bərpa olunmasında sağlamlığını itirmiş qazilərin müalicəsinə və digər işlərə sərf olunacaqdır. Belə xeyirxah və nəcib addım üçün Leyla Əzimbəyovaya təşəkkürümüzü bildirir, ona yaradıcılıq fəaliyyətində böyük uğurlar arzu edirik.

Güntac ŞAHMƏMMƏDLİ