Müstəqilliyə gedən yolda tariximizin 20 yanvar səhifəsi: həm faciə,həm də qürur mənbəyimizdir
20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda mühüm mərhələ olmuşdur. 1988-ci ildən başlayaraq ölkəmizin ərazisində erməni separatizmi baş qaldırmış, ölkəmizin ərazi bütövlüyü təhlükə altına düşmüşdür. Gözə görünməyən qüvvələr Qarabağda yaşayan erməniləri qızışdırmaqla Xankəndi meydanına tökmüşdülər. Xəstə erməni millətçiləri Qarabağın Azərbaycanın tərkib hissəsindən qoparılıb, Ermənistan Respublikasına qatılmasını tələb edirdilər. Ermənistan Respublikasının Ali Sovetində Dağlıq Qarabağın Azərbaycandan qoparmaq barədə qərar qəbul etmişdilər. Qərarda həyasızcasına Dağlıq Qarabağın Azərbaycandan ayrılıb, Ermənistan Respublikasına birləşdirilməsi göstərilirdı. Bütün bunların fonunda Dağlıq Qarabağda ermənilərin zorakılıqları artır, azərbaycanlılara qarşı diskriminasiya sürətlə inkişaf edirdi. Xankəndində yaşayan azərbaycanlılar hücumlara məruz qalır, qətlə yetirilirdilər. Bütün bunların qarşısı alınmır, SSRİ rəhbərliyi ermənilərin qanunsuz hərəkətlərinin genişlənməsinə göz yumur, separatizmin alovlanmasına rəvac verirdilər. Azərbaycan cəmiyyətinin isə getdikcə separatizmi təhlükəsinə qarşı adekvat münasibət bəsləyir. Ermənilərin Qarabağdakı özbaşınalıqlarına son qoymaq üçün tələblər irəli sürürdü. Milyonlarla etirazçıların iradəsi ortada olsa da Moskvadan ermənilərin dağıdıcı əməllərinə qarşı tədbirlər görülmür, ermənilərin hadisələri gərginləşdirməsinə şərait yaradılırdı. Qarabağda başlayan erməni təxribatları Ermənistan Respublikasının ərazisində etnik təmizləmə ilə davam etdirilirdi. Ermənistanda yaşayan azərbaycanlılara divan tutulur, dəhşətli qətllər törədilir, soydaşlarımızın mal-mülklərini əllərindən alıb, qovurdular. Moskva isə azərbaycanlıların məruz qaldığı qətliamların qarşısının almırdı. Nəticə etibarilə Qarabağda başlayan erməni təxribatları Azərbaycanda Milli Azadlıq Hərəkatının başlamasına gətirib çıxardı. 1988-ci ildən başlayan Milli Azadlıq Hərəkatı 1989-cu ildə daha da geniş vüsət alırdı. İmperiya isə azadlığımızı qan gölündə boğmaqla milli iradəmizi sındırmağı düşünürdü. Sapı özümüzdən olan imperiya nökərləri də vəzifələrini saxlamaq, kreslolarını qorumaq üçün imperiya ordusunu çağırmaqla xəyanətə qol qoymağa hazır idilər. Beləliklə, 1990-cı ilin yanvarında Azərbaycan xalqı bütövlüklə ayağa qalxaraq öz milli haqqlarının müdafiəsini tələb edirdi. Sovet imperiyasının başında duran Mixail Sergeyeviç Qorbaçov isə 1990-cı ilin 20 yanvarında Azərbaycana ordu yeridilməsinə fərman vermiş oldu. SSRİ –nin müdafiə naziri Yazovun komandanlığı altında təpədən dırnağa qədər silahlanmış Sovet ordusu Bakı şəhərinə yeridildi. Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələri misli görünməyən dəhşətli cinayət törətmiş oldu.
Onu da qeyd edək ki, Bakıya Krosnayarsk vilayətindən hərbi qulluqçular səfərbər olunmuş qanlı yanvar qırğınında erməni mənşəli silahlılardan istifadə olunmuşdur. Qırğını həyata keçirən silahlılar Bakını tərk edəndən sonra onları rus əsgərləri əvəz etmişdir. 20 yanvar faciəsi zamanı Bakıda və ətraf rayonlarında ümumilikdə 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Bununla da bir daha Azərbaycan xalqı qanlı imperiyaya qarşı dirəniş göstərmiş , qəhrəmanlıq tarixi yaratmışdır. Göstərdiyi fədəkarlığa görə həmin il dünyanın xalqı elan olunmuşdur. Bu baxımdan da 20 yanvara tək faciə kimi yox, həm də milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirilməlidir.
Tarixin dəhşətli hadisələrindən biri olan 20 Yanvar faciəsinə ilk siyasi qiyməti məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Olduqca mürəkkəb bir vəziyyətdə olmasına, özünün və ailəsi üçün yaranan təhlükəyə baxmayaraq, Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan etmişdir. Məhz Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin dünyaya çatdırılması işində mühüm irəliləyiş əldə olunmuşdur.
Ulu öndə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.
Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-ciü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.
Bu gün Prezident İlham Əliyev də müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətində böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunın yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.
Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin sərəncama əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı.
20 Yanvar hadisələrindən 32 il ötür. Bu illər ərzində Azərbaycan ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qüdrətli müstəqil dövlətə çevrilib. 30 ilə qədər işğal olunmuş torpaqlarımız özümüzə qaytarılıb, pozulmuş sərhədlərimiz bərpa olunub. Bu gün isə tariximizdə yeni mərhələnin şahidi oluruq. İşğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa-abadlıq işləri aparılır. Bölgənin darmadağın edilmiş infrastrukturu yenidən qurulur. Azərbaycan dünyanın çevik və sürətlə dəyişən siyasi gedişlərində layiqincə idarə olunur, mövqeləri geopolitik təsirlər olmasına baxmayaraq günü-gündən möhkəmlənir.
Bununla da demək olar ki, şəhidlərimizin azadlığımız, müstəqilliyimiz uğrunda axan qanı bihudə getməyib. Canlarından keçən şəhidlərimizin arzusu yerinə yetirilib. Bu gün , bundan sonra da onların ruhu daim ehtiramla yad olunacaq, Azərbaycan xalqının qəlbində yaşayacaqdır.
Ruhları qarşısında baş əyirik!
Nəriman İsmayılov
Bərdə Rayon Qeydiyyat Şöbəsinin rəisi
I dərəcəli ədliyyə qulluqçusu