22 Noyabr 2024

Çavuşoğlunun “Ordumuz Qazaxıstanın yanındadır” bəyanatı nə deməkdir…

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstandakı vəziyyətlə bağlı keçirdiyi fövqəladə iclasındakı çıxışı diqqət çəkib.

Türkiyəli nazir “Qazaxıstanda barış və sabitliyin qorunması, bölgə və təşkilatımız (Türk Dövlətləri Təşkilatı) üçün olduğu kimi, qlobal sülhün qorunması üçün də xüsusi əhəmiyyət daşıyır. Qazax xalqı da mövcud problemlərin həlli istiqamətində birlik və bərabərlik nümayiş etdirmək iqtidarındadır. Türk Dövlətləri Təşkilatı olaraq, ortaq mesajımız budur. Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Qazaxıstana dəstəyimiz tamdır. Biz Qazaxıstana güvənir və inanırıq. Türk dünyası olaraq Qazaxıstanın yanında olacağıq. Allahın izni ilə sabitlik və rifah yolunda birlikdə yürüyəcəyik” deyib.

Çavuşoğlu hətta Türk ordusunun da daima Qazaxıstanın yanında olduğunu bəyan edib. Bununla türk nazir nəyə eyham vurmaq istəyib?

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva hesab edir ki, Qazaxıstan nümunəsində ikinci Qarabağ probleminin yaranmasına icazə verilə bilməz: “Türkiyənin Mərkəzi Asiya və Qafqaza milli və dini aspektləri ilə marağı həm də bir sıra strateji mənalar daşıyır. O baxımdan Ankaranın verdiyi reaksiya gecikmiş sayılır. Lakin reallıqları da düzgün qəbul etməkdə fayda var. Unutmaq olmaz ki, yeni yaranmış və strukturları hələ tam formalaşmamış Türk Dövlətləri Təşkilatının Qazaxıstana KTMT-dən qabaq müdaxilə etməsi qeyri-mümkün idi. TDT hərbi alyans deyil. Əgər TDT hərbi ittifaq olsaydı, təbii ki, daha çox imkanlara malik olacaqdı. Elə bu prosesləri öncədən gördüyümüz üçün dəfələrlə mətbuatda bildirmişik ki, TDT-nin öz çətirini möhkəmləndirməsi üçün hərbi koordinasiyasını da gücləndirməyə ehtiyac var. Şərt o deyil ki, adını hərbi təşkilat qoysun.  Ancaq Türkiyənin özünün fövqəlgüc olma yolunda uğurlu addımları, Qazaxıstanın Orta Asiyaya açılan qapı sayılması, Türkiyə prezidenti Ərdoğanın, ondan əvvəl isə 1991-ci ildə ”Adriatikdən (Bosniya) Çin səddinə qədər vahid türk milləti” şüarını qaldıran mərhum prezident Turqut Özalın arzusunun bu dövlətlərin birliyini yaratmaq olduğunu nəzərə alsaq, hesab edə bilərik ki, qardaş ölkə bir şəkildə təsir imkanlarını işə sala biləcək.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Bu məxfi planları Türkiyə və türk dünyası birgə pozmağa çalışmalıdır”

Ən azından dünya ictimaiyyətinin bunu görməsinə ehtiyac var. Bəyanat heç də təsadüfi vaxtda verilmədi. Rus generaliteti və siyasiləri birmənalı vurğuladılar ki, KTMT öz funksiyasını başa vurduqdan sonra ölkəni tərk edəcək. Kreml dolayı yolla diqqətə çatdırır ki, bu məsələ Tokayevin istəyindən və tələbindən asılı deyil. Türkiyə yaxşı anlayır ki, ruslar daxil olduqları ərazidən heç də könüllü çıxmırlar. Qarabağ nümunəsində olduğu kimi, Rusiya özü Qazaxıstanda müəyyən qarşıdurma yaradaraq, yerli ruslara qarşı təxribat törədərək “sülhməramlıların” ölkədə daha çox qalmasına zəmin hazırlaya bilər. Qazaxıstanda ikinci Qarabağ nümunəsinə icazə vermək olmaz”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin proseslərdən geri qalmaq istəmədiyini söylədi: “Qazaxıstanda baş verən hadisələr, əlbəttə, Türkiyəni çox ciddi narahat etdi. Belə rəylər də var idi ki, Türkiyə sanki bir qədər kənarda qaldı, Rusiya ön plana çıxdı. Amma məsələ burasındadır ki, Tokayev özü Kremli ölkəsinə dəvət etdi. Bununla da rəsmi Moskvanın orada rolu artdı. Amma hadisələrin gələcək inkişafı haqqında indidən nəsə söyləmək çətindir. Çünki artıq Tokayevlə Rusiya arasında da müəyyən qədər fikir ixtilafları yaranıb. Məsələn, Tokayev dilə gəlməyə başlayıb ki, KTMT hərbçiləri ölkəni tərk edə bilərlər. Rus rəsmiləri isə başda müdafiə naziri Şoyqu olmaqla, faktiki deyirlər ki, nə qədər lazımdırsa, o qədər də Qazaxıstanda qalacağıq. Türkiyə başda olmaqla, türkdilli dövlətlər hər zaman Qazaxıstanın ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Rusiyanın isə baxışı fərqlidir. Şimal qonşumuz Qazaxıstana müstəqil dövlət kimi baxmır. İmkanı olsa Ukrayna kimi parçalayar. Ona görə də gərək qazax ictimaiyyəti və hakimiyyəti türk dünyasına inteqrasiyada daha çox maraqlı olsunlar. Düzdür, türk dünyasının Rusiya kimi hansısa hərbi blokda iştirakı yoxdur ki, hərbi qüvvələrini Qazaxıstana göndərsin. Amma türk dünyasının inteqrasiyası  Mövlud   Çavuşoğlunun dediyi kimi, bu istiqamətdə atılan addımlar hər bir üzv dövlətin xeyrinədir. Çünki hər bir üzv dövlət bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır, sabitlikdə, inkişafda, regional əməkdaşlıqda maraqlıdır. Rusiyanın isə belə bir marağı yoxdur. İndi Qazaxıstandakı iğtişaşlar yatırıldı və Türkiyənin rolu bir qədər də bölgədə arta bilər. Çox güman ki, türkdilli dövlətlərin növbəti bir zirvə toplantısı da keçiriləcək, əməkdaşlığın inkişaf yolları müzakirə olunacaq. Çavuşoğlunun sözlərindən əslində bu aydın olur ki, Türkiyə bu proseslərdə geri qalmaq istəmir. Bəli, Rusiyanın məxfi planları var. Bu məxfi planları Türkiyə və türk dünyası birgə pozmağa çalışmalıdırlar”.

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov: “Türkiyə əsas kartını sona saxlayır”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov qardaş ölkənin kartını sona saxladığını qeyd etdi: “Əslində hesab edirəm ki, Türkiyə bu məsələdə ehtiyatlı davranır. Bunun səbəbləri vardır. Birincisi, çox güman ki, Türkiyədə hesab edirlər  ki,  Qazaxıstanda baş verənlərdə Rusiya qədər Qərbin də maraqları var. Diqqətinizi bir məsələyə çəkmək istəyirəm. Sanki Rusiya ”Taliban” sərhədlərinə yaxınlaşır. Amerikalılar da bunda maraqlı görünür. Eyni zamanda Rusiya və Amerika birgə Böyük Britaniyanın iştirakçısı olduğu yeni tranziti təsir dairələrinə salmaq istəyirlər. Bununla da həm də Türk Dövlətləri Təşkilatını işləksiz etmək istəyirlər. Amma Türkiyə əsas kartını sona saxlayır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”