Bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir
Siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən ölkəmizin qəhrəmanlıq tarixinə Zəfər salnaməsini yazan dövlət başçımızın milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətləri də misilsizdir
Çoxəsrlik tarixi boyunca təkcə enerji, nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda öz sözünü əməli fəaliyyəti ilə yerinə yetirən, nadir ölkə kimi tanınan Azərbaycanı dünyaya siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən dövlət kimi təqdim edən Prezident İlham Əliyevin milli-mənəvi sərvətlərimizin qorunmasındakı xidmətləri də misilsizdir. Dövlət başçımızın insani dəyərlərdən qaynaqlanan multikulturalizmin, tolerantlığın təbliğindəki səyləri bəşəri dəyərlərə hörmətdən, Vətənə bağlılıqdan irəli gəlir. Milli-mənəvi sərvətlərimizin, adət-ənənələrimizin, tariximizin, mədəni dəyərlərimizin dünyada təbliğində, muğamlarımızın tanıdılmasında səyini əsirgəməyən Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoş məramlı səfiri, Mehriban xanım Əliyevanın xidmətlərinin yüksək qiymətləndirilməsinin əsasında da milli-mənəvi dəyərlərimizə sadiqlik dayanır. Ağdam Muğam Mərkəzinin açılışında «Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir… Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir» söyləyən Prezident İlham Əliyev onu da vurğulamışdır ki, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır. Milli irsimizin təbliğinə qayğı göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin təkcə bu gün üçün deyil, gələcək naminə görülən misilsiz xidmət kimi dəyərləndirilməsi “UNESCO-nun bayraqdarı” adlandırılan, özünüifadənin ən inanılmış nümunəsi olan «Musiqinin dili ilə danışmaq» ənənəsini layihələrində yaşadan, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması istiqamətində görülən işlərin müəllifi Mehriban xanım Əliyevanın muğamın yaşanması və təbliğindəki rolu əvəzedilməzdir.
Bu günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsindəki hərbi hissənin açılışında iştirak edən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sonradan Şuşaya səfəri zamanı söylədiyi dəyərli fikirlərin əsasında da milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Hadrutda yeni açılan hərbi hissədə görüş keçirən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev burada yaradılan şəraitlə tanış olmuş, taktiki təlim-məşqlərini izləmişlər.
Mərasimdə ordu quruculuğu sahəsində aparılan islahatlardan, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasından, məişət-mənzil problemlərinin həlli ilə bağlı görülən işlərdən bəhs edən Prezident İlham Əliyev əsgərlərimizin peşəkarlığını, fiziki gücünü, mənəvi hazırlığını, vətənpərvərliyini, fədakarlığını bu şərəfli Qələbəmizə nail olmağın başlıca şərti adlandırdı.
“Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər”» söyləyən Ali Baş Komandan 44 gün davam edən İkinci Qarabağ müharibəsində birlik və həmrəylik göstərən, ad günündə də ona xoş arzularını çatdıran Azərbaycan xalqına təşəkkürünü bildirdi: «Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.» Ali Baş Komandanın dəfələrlə vurğuladığı kimi, xalqımıza Qələbə sevincini qazandıran Vətənə bağlılığımız, milli ruhumuzun tükənməzliyi, birlik və həmrəyliyimiz oldu. Məhz bu birlik, milli ruhumuz sayəsində düşməni, ermənizmi məhv etdik. Arzulanan gün gəldi. Şəhidlərimizin qanı, əsgərlərimizin rəşadəti sayəsində Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanır. Bir amal, ideya naminə birləşən xalqımız istədiyinə nail oldu. 30 il torpaq həsrəti çəkən insanlar artıq işğaldan azad olunan Qarabağdadır, Zəngəzurdadır. “50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda – bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var” söyləyən Prezident İlham Əliyev Şuşaya bir ildə reallaşan yeddinci səfərini tarixi hadisə adlandırdı.
Şuşada müxtəlif tədbirlərin keçirilməsi isə Azərbaycan mədəniyyətinə göstərilən qayğı idi. Şuşanın işğaldan azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyini «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!» sözləri ilə ifadə edən Prezident İlham Əliyev doğma torpaqda yaşamaq sevincini də atası ilə bölüşdü: « Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır.» İlham Əliyev Lider, Ali Baş Komandan kimi tarixi missiyasını uğurla yerinə yetirdiyini ulu öndər Heydər Əliyevin «Biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı» sözlərini xatırlatmaqla bildirdi. «Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir» sözləri isə Azərbaycan xalqına Lider qətiyyətinin təntənəsidir.
Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin birgə iştirakı ilə keçirilən «Xarıbülbül»” festivalının açılışında bu cür tədbirlərin Şuşada hər il keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev belə tədbirləri Vətən müharibəsində qazandığımız Zəfərdə Azərbaycanda yaşayan bütün xalqların böyük payının olduğunu vurğulamaqla bildirdi ki, Vətən müharibəsindəki Qələbəmiz həm də milli birliyimiz və həmrəyliyimizin uğuru, multikulturalizmin təbliğidir. «Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır» söyləyən Prezident İlham Əliyev alınmaz qala olan Şuşanın işğaldan azad edilməsini böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edən cəsarət adlandırır.
Şuşaya bənzər şəhərin olmadığını, mədəniyyət paytaxtımızda musiqi bayramının qeyd edilməsini, xalqımızın milli-mənəvi dəyərlərimizə sadiqliyini «Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Bu gün, sözün əsl mənasında, musiqi bayramıdır» sözləri ilə bildirən Prezident İlham Əliyev festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsini də xalqımızın dini, milli, mənəvi köklərimizə bağlılığı ilə dəyərləndirir. Torpaqlarımız uğrunda qurban gedən şəhidlərimizdən olan Azərbaycan Silahlı qüvvələrinin giziri Xudayar Yusifzadənin ifa etdiyi təsnifin dillər əzbərinə çevrilməsi göstərir ki, ən çətin məqamlarda belə xalqımız milli –mənəvi dəyərlərimizdən güc alır.
Muğamı milli sərvətimiz adlandıran Prezident İlham Əliyevin sözlərində böyük həqiqət vardır. Muğamın əsl mahiyyətinə, bütün incəliklərinə yiyələnən gənc ifaçıların bu sahəyə artan marağı xalqımızın muğamı daim yaşatmaq istəyindən qaynaqlanır. Bu baxımdan muğamı yaşatmaq bizim üçün müqəddəs vəzifədir. Həqiqətən də Şuşanı Cıdır düz olmadan, xarı bülbülsüz, Azərbaycan xalqını isə tarixinə əbədi yazılmış muğamsız təsəvvür etmək qeyri- mümkündür.